ASTARALI İDMANÇININ UĞURLARI
İdman

ASTARALI İDMANÇININ UĞURLARI

Əliabbas Rzazadə 2007-ci ildən idmanla məşğuldur. Astara güləş məktəbinin yetirməsi, sərbəst güləş üzrə Avropa çempionudur. On ildir ki, sərbəst güləş üzrə Azərbaycan yığma komandasının üzvüdür.

Gənc güləşçi 2014-cü ildə yeniyetmələr arasında respublika çempionu adını qazanıb, Rumıniyada və İtaliyada keçirilən Avropa, Fransada dünya çempionatlarında bürünc medalların sahibi olub. Qələbələrini ildən-ilə artıran idmançı Makedoniyada U-23 Avropa çempionatında gümüş, Serbiyada U-23 dünya çempionatında qızıl, Budapeşt şəhərində Avropa çempionatında gümüş və Türkiyənin Konya şəhərində İslam Həmrəyliyi Oyunlarında bürünc medallarla vətənə qayıdıb.

İtalyanın Roma və Xorvatiyanın paytaxtı Zaqreb şəhərində keçirilən Qran-Prinin çempionu olub, bu ilin aprelində həmin şəhərdə sərbəst güləş üzrə Avropa çempionatında qızıl medal qazanıb.

Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev gənc güləşçi ilə görüşüb və qayğıları ilə maraqlanıb. İcra başçısı qeyd edib ki, ölkə Prezidenti İlham Əliyevin yüksək qayğısı sayəsində Azərbaycan dünyada qabaqcıl idman ölkəsi kimi tanınır. İdmana göstərilən dövlət qayğısından ruhlanan gənclər beynəlxalq yarışlarda Azərbaycanın Dövlət Himnini səsləndirməklə şanlı üçrəngli bayrağımızı yüksəklərə qaldırırlar. İdmançıların möhtəşəm qələbələri hər birimizi ürəkdən sevindirir, qürurlandırır.

Əlisəfa HƏSƏNOV,

“Respublika”.