Azərbaycanı dini dözümsüzlükdə ittiham etmək savadsızlığın göstəricisidir
Siyasət

Azərbaycanı dini dözümsüzlükdə ittiham etmək savadsızlığın göstəricisidir

Beynəlxalq Dini Etiqad Azadlığı Sammiti (IRF-2024) son illərdə motiv və əsas məramından uzaq düşmüş bir sammitə çevrilib. Məsələ ondan ibarətdir ki, burada hər nə qədər dini etiqad azadlığından bəhs edilsə də, reallıq başqadır. Bura ölkələrin din və azadlıqlar adı altında siyasi təzyiqlər etməsi üçün tənqid vasitəsinə çevrilib.

Xüsusilə də builki sammitdə çıxış edənlərdən biri, Xankəndidən olan "qaçqın jurnalist" Siranuş Sarkisyandır. Burada başqa beş erməninin adı da hallanıb. Onların bu sammitə dəvət edilməsi belə öz-özlüyündə burada müzakirə ediləcək mövzuların nədən ibarət olacağından xəbər verir. Faktiki olaraq, sammit çərçivəsində Azərbaycan yenidən tənqid ediləcək, xüsusilə də Qarabağda keçirilən lokal antiterror tədbirlərinin mahiyyəti və əhəmiyyəti, habelə məqsədləri təhrif ediləcəkdir. Azərbaycana qarşı etnik təmizləmə aparması, regionun demoqrafik və etnik vəziyyətini dəyişdirməsi, habelə dini abidələrə qarşı mədəni terror törətməsi barədə əsassız iddialar səsləndirilir. Amma reallıq ondan ibarətdir ki, Azərbaycan lokal antiterror tədbirləri zamanı mülki şəxslərə xəbərdarlıq edib. Ümumiyyətlə, bu tədbirlər mülki şəxslərin olduğu ərazilərdə aparılmayıb. Bu tədbirlərlə bağlı kifayət qədər görüntülər də var və həmin görüntülərdən də aydın olur ki, Azərbaycan tərəfi yüksək peşəkarlıqla apardığı tədbirlərdə mülki obyektlərə zərər vurmayıb, mülki şəxslər aşkarlandıqda dərhal hücumları dayandırıb. Yəni ancaq separatçılar və onların tör-töküntüləri ilə mübarizə aparılıb.

Proses sonrasında Azərbaycan tərəfi inteqrasiya çərçivəsində bütün şəffaflığı yaradıb və qeyd edib ki, Qarabağ erməniləri Azərbaycan qanunlarına tabe olacaqları təqdirdə qala bilər. Həmçinin onlara vətəndaşlıqla təmin olunma, din və digər Azərbaycan Konstitusiyasında yer alan azadlıqlar və qanunlardan faydalanma haqqı verilib. Amma bütün bunlara baxmayaraq, ermənilər qalmaq istəməyib və öz xoşları ilə gediblər. Hətta Ermənistana gedəndən sonra belə onların geri qayıtması üçün maksimum şəffaflıq yaradılıb. Müvafiq platformalar, portallar istifadəyə verilib ki, vətəndaşlığı qəbul edib geri qayıda bilsinlər. Yəni vaxtında azərbaycanlılar bu ərazilərdən, sözün əsl mənasında, qovulsalar, soyqırımlarına məruz qalsalar da, biz ermənilərə qarşı bunu etmədik. Azərbaycan tərəfi nə gedərkən, nə də qalarkən ermənilərə bu günə qədər heç bir süni maneə yaratmayıb.

Ermənilər uzun müddətdir ki, Qarabağda erməni irsinin dağıdılması kimi iddialar səsləndirirlər. Faktiki olaraq bu da reallığı əks etdirmir. Əvvəla, ona görə ki, bunu təsdiqləyəcək foto və sübutlar yoxdur. Yalnız ermənilər tərəfindən vaxtında Qriqoryan kilsəsinə tabe edilən bəzi yerli, Azərbaycana məxsus alban kilsələri vardı ki, onlar restavrasiya edilib və əvvəlki hallarına qaytarılıb. Erməni irsi də bizim mədəni irsimizin bir parçasıdır və bunu belə qəbul edirik. Bunun ən böyük sübutlarından biri isə heç şübhəsiz, Bakının mərkəzi küçələrindən biri, Nizami küçəsində, yerləşən erməni Qriqoryan kilsəsidir. Bu kilsə və onun içərisində 10 minə yaxın erməni əlyazması bu günə qədər də qorunub saxlanılıb.

Azərbaycan əleyhinə bu gün həmin sammitdə etnik təmizləmə, dini dözümsüzlük, dini ayrı-seçkilik kimi iddialar səslənsə də, reallıq tamamilə başqadır. Azərbaycan bu gün multikultural və çoxkonfensiyalı bir ölkədir. Ölkəmizdə müxtəlif dini nümayəndələr və onların fərqli məzhəblərinə qulluq edən insanlar yaşayır və burada heç kəs dini etiqadına görə mühakimə edilmir. Hər kəs öz ibadətini etməkdə sərbəstdir. Bu gün Azərbaycanda dünyanın hər yerində vaxtilə soyqırımına məruz qalan yəhudi icması fəaliyyət göstərir. Ölkəmizdə Alban udilnik kilsəsi, Bakının mərkəzində rus, pravoslav, alman löteran və katolik kilsəsi, həmçinin sinaqoqlar fəaliyyət göstərir. Bu gün Qafqazın Qüdsü adlandırılan Quba rayonunda Qırmızı qəsəbə var. Yəni bütün bunları ümumiləşdirsək, deyə bilərik ki, Azərbaycanı dini dözümsüzlükdə ittiham etmək həqiqətən də savadsızlığın və cahilliyin göstəricisidir.

Bu bir daha keçirilən tədbirin mahiyyətini və iç üzünü ortaya çıxarır. Bizim nəzərimizdə nə keçirilən bu dırnaqarası Dini Etiqad Azadlığı Sammitinin, nə də buradan çıxacaq qərarların heç bir əhəmiyyəti yoxdur. Reallıq göz qabağındadır. Azərbaycanda dini dözümsüzlüklə bağlı iddiaların doğru olub-olmadığını bilmək istəyən hər kəs gəlib yerində də görə bilər. Əksinə, ermənilər 30 illik işğal dövründə Azərbaycanda yaşı yüzlərlə ölçülən İslam abidələrini və habelə digər etnik azlıqların irsini məhv edib və yaxud da özününküləşdirməyə çalışıb. Bunların ən önəmlisi də Qafqaz Albaniyasından qalan monastır və kilsələrin erməniləşdirilməsidir. Hətta onların içərisində qıpçaq türklərinə məxsus olan kilsələr də, yazılar da var ki, bu gün də restavrasiya işləri zamanı görünür ki, ermənilər əslində tarixi təhrif ediblər.                            

Turan RZAYEV,

politoloq.