Azərbaycan regionda prinsipial sülh mövqeyi nümayiş etdirir
Siyasət

Azərbaycan regionda prinsipial sülh mövqeyi nümayiş etdirir

"Düzdür, antiterror əməliyyatından sonra bəzi Qərb ölkələri Azərbaycana əsassız ittihamlar irəli sürmüşdür. Bizə qarşı irəli sürülmüş bu ittihamların heç bir əsası yoxdur. Çünki Azərbaycan öz suveren ərazisində separatçılığa qarşı, işğalçılara qarşı antiterror əməliyyatı keçirərək beynəlxalq hüququn aliliyini özü bir daha təmin etmişdir və eyni zamanda, bütün humanitar normalara riayət edərək öz suverenliyini bərpa etmişdir. Bəzi Qərb ölkələri, onların arasında təbii ki, ənənəvi olaraq Fransa bununla barışmaq fikrində deyil. Halbuki, artıq beynəlxalq birlik də görür ki, hətta Ermənistan bu vəziyyətlə barışıb və COP29 konfransının keçirilməsi bunu bir daha göstərir".

Dekabrın 15-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un gələn il ölkəmizdə keçirilməsi ilə əlaqədar baş tutan müşavirədə bu fikirləri səsləndirən ölkə başçımız qeyd etmişdir ki, Fransada bəzi siyasi dairələr bu vəziyyətlə barışmağa məcbur olacaqlar.

Artıq 3 ildən çoxdur ki, Azərbaycan Ermənistanın uzun illər davam edən işğalçılıq siyasətinə son qoyub. Dövlət başçısının müdrik siyasəti, düşünülmüş addımları sayəsində ölkəmizin ərazi bütövlüyü təmin olundu. Düşmən ölkənin müharibədən sonra da səngiməyən təxribatlarına, regionda sülhü təhdid edən əməllərinə qarşı bu ilin sentyabrında həyata keçirilən 23 saatlıq antiterror tədbirləri nəticəsində isə dövlətimiz öz ərazilərində tam suverenliyini bərpa etdi. Beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq aparılan lokal xarakterli antiterror tədbirlərində dinc əhaliyə, infrastruktura heç bir ziyan vurulmadı. Qanunsuz silahlı birləşmələrdən təmizlənən bölgədə dinc əhalinin əmin-amanlıq şəraitində yaşaması üçün Azərbaycan tərəfindən hər cür şərait yaradıldı və bunu bölgəyə səfər edən BMT-nin ixtisaslaşmış qurumlarının nümayəndələrinin hesabatları da təsdiqlədi. Lakin dövlət başçımızın qeyd etdiyi kimi, ermənilərdən daha çox erməni olmağa çalışan qüvvələr ölkəmizin tarixi ərazilərini könüllü şəkildə tərk etmiş Qarabağ ermənilərinin guya Azərbaycan tərəfindən deportasiya olunduqları barədə heç bir əsası olmayan iddialar irəli sürdülər. 30 il əvvəl azərbaycanlıları doğma yurd yerlərindən deportasiya edən, yerli əhalini soyqırımlarına məruz qoyan Ermənistan Azərbaycanın "etnik təmizləmə" siyasəti həyata keçirməsi ilə bağlı növbəti yalan, şər-böhtan mexanizmini işə saldı və bu "fəaliyyətinə" isə həmişə olduğu kimi, birinci olaraq Fransa dəstək verdi.

Fransa Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasını istəmədiyini 30 il boyu aşkar şəkildə nümayiş etdirib. Hələ keçmiş Minsk qrupunun tərkibində olarkən münaqişənin həllinə hər vasitə ilə mane olması, iki ölkə arasında vəziyyətin gərgin qalması üçün çalışması bu ölkənin anti-Azərbaycan mövqeyinin göstəricidir. İkinci Qarabağ müharibəsində ölkəmizin qalibiyyəti isə rəsmi Paris üçün gözlənilməz zərbə oldu. Düşmən üzərində qalibiyyəti ilə Cənubi Qafqazın lider dövlətinə çevrilən Azərbaycanın yaratdığı reallıqlar fonunda regiona yerləşə və maraqlarını təmin edə bilməyəcəyini çox yaxşı bilən rəsmi Paris beynəlxalq səviyyədə ölkəmizin əleyhinə siyasətini daha da kəskinləşdirdi. Fransa Senatının və Fransa Milli Assambleyasının bir-birinin ardınca ölkəmizin əleyhinə Azərbaycan və digər regional aktorların Ermənistanın müstəqilliyi və ərazi bütövlüyünə hörmətlə yanaşması, Fransa hökumətindən Qarabağın erməni əhalisinin təhlükəsizliyinin təmin olunması, Ermənistana humanitar yardımın artırılması və s. bu kimi tələblərin irəli sürüldüyü qərəzli qətnamələr qəbul etməsi, Cənubi Qafqazda sabitliyi pozmaq üçün Ermənistanla hərbi əməkdaşlığa başlaması və onu silahlandırması bu ölkənin Azərbaycanın əleyhinə yönəlmiş saxta, riyakar, ikili yanaşmanı əks etdirən siyasətidir. Azərbaycan tərəfini Ermənistanın ərazi bütövlüyü və suverenliyinə təhdid yaratmaqda ittiham edən, islamofob və anti-Azərbaycan siyasəti həyata keçirən, ölkəmizə qarşı qarayaxma kampaniyası aparan, Afrika və digər regionlardakı uğursuzluqlarını Cənubi Qafqaza müdaxilə ilə kompensasiya etməyə çalışan Fransanın bu cəhdləri sözsüz ki, heç bir nəticə vermir.

Çünki istər 44 günlük İkinci Qarabağ müharibəsində, istərsə də lokal xarakterli antiterror tədbirlərinin keçirilməsində Azərbaycanın haqlı tərəf olduğu Fransa kimi bəzi ermənipərəst ölkələr istisna olmaqla bütün dünyaya məlumdur. Ölkəmizin regionda sülhün, əmin-amanlığın, təhlükəsizliyin bərpası naminə prinsipial siyasət apardığı, beynəlxalq hüquq normaları çərçivəsində öz ərazilərində suverenliyini bərpa etdiyi bir çox ölkələr tərəfindən qəbul edilir. Artıq Ermənistan da vəziyyətlə barışmalı olduğunu, vasitəçilərsiz sülhün mümkünlüyünü anlayıb. Belə ki, dekabrın 7-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Baş nazirinin Aparatı arasında üçüncü tərəf olmadan aparılan danışıqlar nəticəsində əsirlərin dəyişdirilməsi, həmçinin BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-a evsahibliyi etməkdən Ermənistanın Azərbaycanın xeyrinə öz namizədliyini geri çəkməsi iki ölkə arasında münasibətlərin normallaşmasına, sülhün yaranmasına ümidləri artırır.

Mehparə ƏLİYEVA,

"Respublika".