Ermənistanın siyasi elitasında qarşıdurmalar davam edir
Siyasət

Ermənistanın siyasi elitasında qarşıdurmalar davam edir

Hər bir dövlətin gücü onun daxili qurumları arasındakı bağlılıqla ölçülür. Əgər, bir ölkənin parlamentində qarşıdurmalar çoxdursa, getdikcə artıb dövlətə ziyan verirsə, deməli, həmin ölkənin təməli güclü qoyulmayıb. Dayanıqlı  olmayan təməl isə balaca bir sarsıntıda məhv olub gedir. Erməni dövləti də elə buna ən yaxşı nümunədir. Belə ki, parlamentdaxili davaların ardı-arası kəsilmir. Bu qarşıdurmalar yeni başlamayıb, elə yaxın tarixə nəzər salsaq görərik ki, İkinci Qarabağ müharibəsi dönəmində də belə hadisələr baş vermişdi. Ermənistanın siyasi elitası hər nə qədər birlik göstərməyə, əvvəlki hakimiyyət təmsilçiləri yeni hökuməti tənqid etməkdən yayınmağa çalışsa da, artıq açıq-aşkar məğlubiyyəti kiminsə ayağına yazmağın vaxtı çatmışdı. Paşinyan tərəfi məğlubiyyətdə köhnə hakimiyyəti təqsirləndirir, əks tərəf isə bu məsuliyyəti Paşinyana yükləyir. Paşinyan açıqlamasında əsasən, Ermənistanın əvvəlki hakimiyyətinin Qarabağ münaqişəsinin həlli ilə bağlı ona qoyduğu mirasın ermənilərin maraqlarına uyğun olmadığını bəhanə gətirirdi. Yəni buna görə də guya erməni tərəfi danışıqlar yolu ilə münaqişənin həllini sona çatdıra bilməyib. Ardınca erməni mətbuatında sabiq Xarici İşlər naziri Edvard Nalbandyanın Paşinyanın yalanlarına cavab olaraq məqaləsi yayımlanmışdı. Nalbandyan yeni hakimiyyətin dediklərini inkar edib və guya özünün rəhbərlik etdiyi erməni diplomatiyasının hazırkı baş nazirin söylədiklərinin əksinə olaraq, “böyük uğurlar” qazandığını bildirib. Bununla yanaşı, Azərbaycanla bağlı əsassız məlumatlar yazaraq sanki köhnə hakimiyyətin ölkəmiz üzərində siyasi qələbə qazandığını da vurğulayıb. Lakin öz aralarında gedən bu dartışmada Azərbaycanla bağlı bəyan edilən heç bir iddianın əsası yoxdur. Bunu elə beynəlxalq arenaya da sübut etdik.

Qarşıdurmalar təkcə hakimiyyətlə parlament arasında yox, həmçinin, parlamentin daxilində də davam edir. Nümunələr saysız-hesabsızdır. Ötən ilin avqust ayında toplantı zamanı müxalif Daşnaksütyun Partiyası və “Ermənistan” fraksiyasının üzvü İşxan Saqatelyan Ermənistan hökumətini tənqid edib. O, hökuməti müxalifəti boğmamağa çağırıb. Partiya üzvləri, hətta təhqirə də keçiblər. Qarşıdurmanı sakitləşdirmək cəhdi nəticə verməyib.

Bu gün daxildə qarşıdurmalar hələ də davam edir. Müxalif “Hayastan” fraksiyasının rəhbəri, sabiq müdafiə naziri Seyran Ohanyan da öz növbəsində Paşinyanın hakimiyyətinə etirazlarını bildirməkdədir. Eks-nazirin sözlərinə əsasən, İkinci Qarabağ müharibəsi zamanı Ermənistan tərəfinin məğlub olması və strateji cəhətdən zəif olmalarının əsas səbəbkarı və tək təqsirkarı elə Paşinyan özüdür. O, qeyd edir ki, yalnız hərbi idarəetmədən uzaq və dövlət idarəçiliyində savadsız olan insan bu səhvləri edə bilər. O, həmçinin deyib: “Mövcud vəziyyətdə məsul olan əsas şəxs Ermənistanın tarixini, “artsax” hərəkatını bilmir”. Ş.Ohanyan həmçinin iddia edir ki, Paşinyan Ermənistanın deyil, Türkiyə və Azərbaycanın maraqlarına xidmət edir. Bu iddiaların ardınca Ermənistan Baş Prokurorluğu sabiq müdafiə nazirini dövlətə məxsus külli miqdarda vəsaitin ələ keçirilməsində günahlandırıb. Bununla yanaşı, parlament onun toxunulmazlıq hüququnun ləğvi barədə də qərar çıxarıb. Bu isə təəccüblü hal deyil. Ohanyanın hazırdakı hakimiyyətin iç üzünü ortaya çıxarması və çirkin əməllərinə görə onları təqsirləndirməsi buna gətirib çıxarıb.

Töhfə SƏMƏDOVA,

“Respublika”.