Müstəqil Azərbaycanın  xilaskarı və qurucusu
Siyasət

Müstəqil Azərbaycanın  xilaskarı və qurucusu

Azərbaycan tarixində, xalqın yaddaşında ulu öndər, dahi şəxsiyyət Heydər Əliyev müasir müstəqil dövlətin qurucusu kimi qalacaqdır. Rəhbərliyinin birinci dönəmində iqtisadi və mədəni tənəzzül dövrünü yaşayan Azərbaycanı davamlı inkişaf ölkəsinə çevirən Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıdışı ilə ölkəni vətəndaş müharibəsi təhlükəsindən, ictimai-siyasi pərakəndəlikdən xilas etdi və dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın bir amal - azərbaycançılıq məfkurəsi ətrafında sıx birləşməsinə nail olaraq bugünkü uğurlarımıza yol açdı. Bir sözlə, Azərbaycanın müstəqil dövlət quruculuğuna gedən yolu məhz ulu öndərin hakimiyyətə qayıdışı ilə başlamışdır.

Ümummilli liderin "Mən həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam" tezisi harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlının qürur mənbəyidir.

Ümummilli liderin Azərbaycan dövləti qarşısındakı xidmətlərindən bəhs edərkən ilk olaraq onun xilaskarlıq missiyası önə çəkilir. Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrdə dönüş yarandı. Azərbaycan iqtisadiyyatının inkişafında qısa zamanda müsbət nəticələr müşahidə olundu.

Milli dövlət quruculuğu islahatlarının uğurla həyata keçirilməsi, qanunvericiliyin Avropa standartlarına uyğunlaşdırılması, demokratik dəyərlərə əsaslanan hüquq və məhkəmə sisteminin təkmilləşdirilməsi, söz və vicdan azadlığının təmin edilməsi, çoxpartiyalı sistemin bərqərar olması sosial ədalət prinsiplərinə, bəşəri dəyərlərə, Azərbaycan xalqının mənafelərinə əsaslanan milli dövlətçilik modelinin formalaşmasını şərtləndirdi. Bu kontekstdə müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul olunması və ilk parlament seçkilərinin keçirilməsi ulu öndərin dövlət quruculuğu islahatlarının əsas nailiyyətləri sırasında xüsusilə diqqət çəkdi. Müstəqil Azərbaycanın ilk Konstitusiyasının Heydər Əliyevin rəhbərliyi ilə hazırlanaraq 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi ilə qəbul edilməsi dövlət quruculuğu tarixində keyfiyyətcə yeni mərhələnin başlanğıcı oldu.

Ümummilli liderin uzaqgörən siyasətinin təntənəsi olan "Əsrin müqaviləsi" ölkəmizin enerji potensialının milli mənafelərə uyğun şəkildə dünya bazarına çıxarılmasına, iqtisadiyyatın digər sahələrinin inkişafına imkan yaratmaqla yanaşı, dövlət müstəqilliyimizin möhkəmlənməsinin mühüm təminatına çevrildi. Ulu öndərin müəllifi olduğu yeni neft strategiyası həm də Azərbaycanın postsovet məkanında Qərbin transmilli neft şirkətləri ilə böyük miqyasda saziş imzalanan ilk dövlət kimi Xəzərdə beynəlxalq əməkdaşlığın əsasını qoyması ilə diqqət çəkdi. Neftin dünya bazarına çıxarılması üçün 1996-cı ildə Bakı-Novorossiysk, 1999-cu ildə Bakı-Supsa ixrac neft kəmərlərinin istismara verilməsi, Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin inşasına dair sazişin imzalanması ilə karbohidrogen ehtiyatlarının ixrac marşrutlarının şaxələndirilməsi təmin edildi.

Neft strategiyasının ən böyük uğurlarından olan Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə yanaşı, Azərbaycan qazının ixracının təmin olunması üçün ümummilli liderin təşəbbüsü ilə Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin inşasına başlanıldı. 1999-cu ildə Heydər Əliyevin fərmanı ilə neft yataqlarının xarici şirkətlərlə birgə işləməsindən əldə edilən mənfəət neftin satışından daxil olan vəsaitlərin səmərəli idarə olunması, həmin gəlirlərin prioritet sahələrin inkişafına yönəldilməsini təmin etmək üçün Dövlət Neft Fondu yaradıldı.

Azərbaycanda ictimai-siyasi, makroiqtisadi sabitliyin bərqərar olmasının ardınca ulu öndərin həyata keçirdiyi dayanıqlı, mükəmməl və müsbət beynəlxalq təcrübəyə uyğun normativ-hüquqi bazaya əsaslanan sosial siyasət əhalinin həyat səviyyəsində və iş yerləri ilə təmin olunmasında əhəmiyyətli dəyişikliklərə gətirib çıxardı. Heydər Əliyevin təşəbbüsü ilə reallaşdırılan layihələr sayəsində artıq 1996-cı ildə sosial göstəricilər dinamikasında müsbət meyillər özünü göstərməyə başladı.

Beləliklə, ulu öndərin xilaskarlıq missiyası və Azərbaycanın hərtərəfli inkişaf strategiyası ölkəmizi dağılmaq təhlükəsindən xilas etdi, iflic vəziyyətinə düşmüş iqtisadiyyatın bərpası və inkişafını, uğurlu neft strategiyasının reallaşmasını, müdrik diplomatiyanın həyata keçirilməsilə dünya birliyində Azərbaycanın etibarlı tərəfdaşa çevrilməsini, beynəlxalq aləmdə layiqli yer tutmasını şərtləndirdi. Azərbaycan suverən dövlət olaraq gələcək uğurlarına möhkəm təməl yaratdı.

Azərbaycanda milli diasporumuzun formalaşması və soydaşlarımızın bir bayraq altında birləşib monolit qüvvəyə çevrilməsi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli liderin təşəbbüsü ilə 2001-ci ilin noyabrında Bakıda Dünya Azərbaycanlılarının I Qurultayı keçirilmişdir. Yüksək səviyyədə keçən qurultayda Heydər Əliyev proqram xarakterli çıxış etmiş, həmvətənlərimizə çatdırmışdır ki, yaşadıqları ölkələrdə vahid ideya ətrafında birləşməli, Azərbaycan həqiqətlərinin dünya xalqlarına çatdırılmasına maksimum səy göstərməlidirlər.

Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən rasional xarici siyasət strategiyasının mühüm istiqamətlərdən birini də Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüquq norması əsasında, yəni ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll olunması təşkil edirdi. O, məcburi köçkünlərin qarşısında çıxışlarının birində böyük inamla söyləmişdir: "Arzu edirəm ki, sizinlə birlikdə gedək Şuşaya. Gedəcəyik, inanın ki, gedəcəyik. Şuşa Azərbaycanın gözüdür, hər bir azərbaycanlı üçün iftixar mənbəyidir. Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir".

 Ulu öndər Heydər Əliyevin işğal altında olan torpaqlarımızın azad edilməsi, xalqımızın Qarabağa qayıtması arzusu 2020-ci ildə gerçəyə çevrildi. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, sərkərdəlik məharəti ilə torpaqlarımızın işğalına son qoyuldu. Həmin il noyabrın 8-də dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində böyük qürurla Şuşa şəhərinin işğaldan azad olunduğunu bildirdi: "Mən bu gün eyni zamanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim. Onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, ulu öndərin ruhu şaddır bu gün!".

Bu gün dövlətimizin başçısının rəhbərliyi ilə Azərbaycan Heydər Əliyevin yaratdığı möhkəm təməllər üzərində uğurla inkişaf edir. Müasir, qüdrətli Azərbaycan məhz ulu öndər Heydər Əliyevin görmək istədiyi azad, müstəqil, ərazi bütövlüyü təmin olunmuş Azərbaycandır. Möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə Heydər Əliyevin arzuları reallaşır, dövlətimizin başçısı taleyüklü məsələləri, planları, işləri böyük uğurla həyata keçirir. Bu gün Heydər Əliyev ideyaları, Heydər Əliyev siyasəti Azərbaycana, xalqımıza nailiyyətlər qazandırır. Vətən müharibəsində qazanılan tarixi Zəfər də bu uğurların məntiqi nəticəsidir.

Bəli, indi Azərbaycanın qarşısında yeni üfüqlər açılmış, yeni vəzifələr müəyyən edilmişdir. Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş şəhər və rayonlarımız Şuşanın timsalında yenidən qurulur, dirçəldilir. Böyük Qayıdışın reallaşması istiqamətində təxirəsalınmaz və çox böyük strateji layihələr həyata keçirilir. Bu isə bir daha Azərbaycan dövlətinin gücünü, Heydər Əliyev siyasətinin təntənəsini, möhtərəm Prezident İlham Əliyevin böyük liderlik xüsusiyyətlərini nümayiş etdirir.

Raul ŞAHVERDİYEV,

Sumqayıt hərbi prokuroru,

ədliyyə polkovnik-leytenantı.