Azərbaycan-Pakistan  sosial-iqtisadi əlaqələr möhkəmlənir
Siyasət

Azərbaycan-Pakistan  sosial-iqtisadi əlaqələr möhkəmlənir

Pakistan və Azərbaycan arasındakı qlobal və regional məsələlərlə bağlı əməkdaşlıq dövlətlərarası münasibətlərin yüksək səviyyədə olduğunu göstərir. Hər iki ölkə bir-birinə sıx dostluq əlaqələri ilə bağlıdır. Xüsusilə, sosial və iqtisadi sahədə Azərbaycan və Pakistan arasında son illər yüksək dinamika müşahidə olunur. Bütün sahələrdə hər iki ölkə qarşılıqlı etibarlı tərəfdaşlığa maraqlıdır.

Qeyd etmək lazımdır ki, Azərbaycan qardaş Pakistana tarix boyu dəstəyini əsirgəməmiş, onun pis və yaxşı günlərinə şərik olmuşdur. Xüsusilə, Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilən layihələr ölkələr arasında əməkdaşlığın inkişafında əhəmiyyəti ilə seçilir, Azərbaycan və Pakistan arasında qardaşlıq münasibətlərinin genişlənməsinə töhfə verir. Belə ki, Pakistanda talassemiya və hemofiliyadan əziyyət çəkən xəstələr üçün Heydər Əliyev Fondunun dəstəyi ilə xeyriyyə aksiyasının keçirilməsi görülən işlərə əsaslı nümunədir. Aksiya çərçivəsində İslamabad şəhərində yerləşən Sundas lassemiya Mərkəzinə Fondun dəstəyi ilə alınmış qan kisələri və tibbi ləvazimatlar, ərzaq paketləri və hədiyyələr təqdim edilmişdir. Mehriban xanım Əliyeva çıxışlarının birində vurğulamışdır ki, Heydər Əliyev Fondu tərəfindən bir sıra mühüm layihələr və xeyriyyə proqramları Pakistanın müxtəlif yerlərində icra olunur.

Xatırladaq ki, Müzəffərabadda 2005-ci ilin oktyabrında güclü zəlzələ nəticəsində dağılmış qızlar məktəbinin tikintisi çox uğurlu olmuş və gələcək əməkdaşlıq üçün əsas yaratmışdır. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə zəlzələdən ən çox dağılan bölgələrdən olan Müzəffərabadın Rara bölgəsində 500 şagirdlik qızlar məktəbinin tikilməsi iki ölkənin əsl dost və qardaş dövlətlər olduğunu sübut edir. Bununla yanaşı, Heydər Əliyev Fondu tərəfindən Pakistanda silsilə humanitar yardımlar proqramı çərçivəsində "Edhi Home" kimsəsizlər evində sığınacaq tapan uşaqlara tibbi baxış və Hepatit B virusuna qarşı peyvəndləmə aparılmış, Peşavər şəhərində "Akbar Care" serebral iflic institutunda imkansızlar üçün pulsuz müayinə təşkil edilmişdir. Buna paralel olaraq, Xayber Paxtunxva əyalətinin Laki Marvat şəhərinin qadın və uşaq xəstəxanasında açıq ürək əməliyyatları aparılmış, Hamza Fondu (Peşavər) üçün müasir qanköçürmə avadanlığı, laboratoriya ilə təchiz edilmiş təcili tibbi yardım maşını və iki min qanköçürmə paketi alınmış, Xayber Göz Fondunun yeni binasının tikintisi üçün maddi yardım göstərilmişdir. Pakistan İslam Respublikasının Prezidenti Məmnun Hüseyn tərəfindən Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya Pakistanın ali dövlət mükafatı - "Hilal-e-Pakistan" ordeninin təqdim edilməsi olduqca qürurvericidir. Fondun Pakistanda həyata keçirdiyi layihələr Azərbaycan və Pakistan xalqlarının dostluq, qardaşlıq münasibətlərinin inkişafına yeni baxış qazandırmış, ikili əlaqələri daha da gücləndirmişdir.

Azərbaycan-Pakistan iqtisadi əlaqələri yeni dünya nizamında olduqca böyük nüfuza sahibdir. Bu əlaqələrin təkmilləşdirilməsi və yeni prespektivlərin müzakirəsi iki ölkə arasındakı səmərəli əməkdaşlığa xidmət edir. 2022-ci il iyunun 8-də İqtisadiyyat Nazirliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin - AZPROMO-nun və İslamabad Ticarət və Sənaye Palatasının birgə təşkilatçılığı ilə Bakıda Azərbaycan-Pakistan biznes forumunun keçirilməsi də məhz bu qəbildəndir. Tədbirdə hər iki ölkədən rəsmi şəxslərlə yanaşı, sənaye, tikinti, tekstil, informasiya texnologiyaları, səhiyyə, qida, turizm və digər sahələrdə fəaliyyət göstərən şirkətlərin nümayəndələri də iştirak etmişdi. Bu cür tədbirlər Pakistanla sıx dostluq və qardaşlıq münasibətlərini, tərəflər arasında əlaqələrin davamlı olaraq inkişaf etdiyini bariz şəkildə göstərir. Xüsusilə, işgüzar dairələrin iştirakı ilə keçirilən tədbirlərin iqtisadi-ticarət əlaqələrinin genişlənməsində əhəmiyyəti olduqca böyükdür. İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin - AZPROMO-nun iştirakı, "Made in Azerbaijan" brendinin təşviqi istiqamətində həyata keçirilən tədbirlər iki ölkə arasında səmərəli ticarət dövriyyəsinin təşviqinə xidmət edir.

İyunun 15-də Prezident İlham Əliyev və Baş nazir Məhəmməd Şahbaz Şərif mətbuata bəyanatlarla çıxış ediblər. İki ölkə üçün xüsusi önəm daşıyan açıqlamalar Azərbaycan-Pakistan əlaqələrinin gələcək yol xəritəsidir. Bəyanatında ticari əlaqələrə toxunan Pakistanın Baş naziri bildirib: "Biz çox bahalı idxala bağlı olan ölkəyik. Bu, bizim üçün çox baha başa gəlir. Ötən il biz bu sahəyə 27 milyard ABŞ dolları xərcləmişik. Yəni əziz Qardaşım, biz bunun öhdəsindən gələ bilmirik, çünki müxtəlif çağırışlarla üz-üzəyik. İnflyasiya, idxal olunan neftin qiymətinin qalxması və Ukrayna münaqişəsi səbəbindən bizim ölkəmiz böyük təzyiqlə üz-üzədir. Təsəvvür edin, ona görə biz enerjiyə 27 milyard ABŞ dolları xərcləmişik. Maşallah, Azərbaycanın bu sərvəti var və biz Azərbaycanla, eyni zamanda, neft-kimya məhsulları sahəsində əməkdaşlıq etmək istəyirik". Azərbaycanın güclü iqtisadiyyata malik olması ikili əlaqələrin formalaşmasında əsas rol oynayır. Məhz bu çərçivədə ölkəmiz öz dəstəyini keçmişdə olduğu kimi, bu gün də göstərir. Pakistanın çətin günlərində Azərbaycan həmişə onun yanındadır.

Xatırladaq ki, 2022-ci ildə Nazirlər Kabinetinin qərarı ilə Pakistandan idxal edilən düyü gömrük rüsumundan azad edilmişdi. Baş nazir də öz çıxışında bununla bağlı qeyd etdi ki, "Pakistan düyüsü Azərbaycan bazarına maneəsiz ixrac olunsun deyə hər cür rüsumları aradan qaldırdınız. İnşallah, Pakistanın "Basmati" düyü brendi də Azərbaycanda təqdim ediləcək". Digər tərəfdən, ölkə başçımızın da vurğuladığı kimi, iki ölkə arasında uçuşların sayı da çoxalacaq. Bu da öz növbəsində sosial və iqtisadi dəyərləri özündə birləşdirir.

Bununla yanaşı, Azərbaycan və Pakistan Preferensial Ticarət Sazişini müzakirə ediblər. İqtisadiyyat naziri Mikayıl Cabbarov, energetika naziri Pərviz Şahbazov, Pakistanın ticarət naziri Səid Navid Qəmər və neft üzrə dövlət naziri Musadik Məsud Maliklə birgə keçirilən görüşdə Azərbaycan - Pakistan iqtisadi əlaqələrinin gücləndirilməsinə təkan verəcək Preferensial Ticarət Sazişinin imzalanması ilə bağlı görülən işlərdən danışılıb. Qarşılıqlı sərmayələrin təşviqi və energetika sahəsində əməkdaşlıq imkanları iki ölkənin gələcək iqtisadi tərəfdaşlığına xidmət edir. Qeyd edək ki, görüşdə dostluq və qardaşlığa əsaslanan Azərbaycan-Pakistan əlaqələrinin müxtəlif istiqamətlərdə uğurla inkişafı vurğulanaraq bildirilib ki, iqtisadi əlaqələr Pakistanla tərəfdaşlığın əsas prioritetlərindəndir və bu sahəyə xüsusi töhfə verəcək Preferensial Ticarət Sazişinin imzalanması ilə bağlı işlər davam etdirilir. Bununla yanaşı, biznes forumlar və ticarət missiyaları kimi iqtisadi alətlər də səmərəli əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsində və konkret layihələrin icrasında əhəmiyyətli rol oynayır.

Nurlan ABDALOV,

"Respublika".