Azərbaycan ilə Serbiya arasında yeni əməkdaşlıq sahələri yaranır
Siyasət

Azərbaycan ilə Serbiya arasında yeni əməkdaşlıq sahələri yaranır

Dünya ölkələri ilə hərtərəfli dostluq, tərəfdaşlıq münasibətləri quran Azərbaycan gündən-günə inkişaf edir, çoxşaxəli əməkdaşlıq əlaqələrini genişləndirərək təkcə Cənubi Qafqazda deyil, dünyada sayılıb-seçilən ölkələr sırasında yer alır. Dünya birliyində böyük nüfuz qazanan ölkəmizin dayanıqlı iqtisadiyyata sahib olması onu, ilk növbədə, etibarlı tərəfdaş kimi tanıdır. Eyni zamanda Azərbaycan hökumətinin həyata keçirdiyi uğurlu siyasət müstəqil dövlətimizin beynəlxalq aləmdəki mövqeyini daha da möhkəmləndirir.

1997-ci ildə Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında diplomatik əlaqələr qurulmuş, həmin vaxtdan etibarən bütün sahələri əhatə edən əlaqələr getdikcə daha da genişlənmişdir. Diplomatik sahədə əməkdaşlıq, parlamentlərarası əlaqələrin qurulması, həmçinin iqtisadi, mədəni münasibətlərin şaxələndirilməsi iki ölkəni bir-biri ilə sıx bağlamışdır. Ölkələr arasında ticarət dövriyyəsinin ilbəil artması digər sahələrin əsaslı şəkildə inkişafına zəmin yaratmışdır. İkitərəfli və çoxtərəfli əməkdaşlıq əlaqələri hər iki ölkənin gələcək perspektivlərində böyük əhəmiyyət kəsb edir. Siyasi sahədə əldə olunan uğurlar isə münasibətləri daha da inkişaf etdirmişdir. Belə ki, Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Serbiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun fəaliyyət göstərməsi ölkələrimizin diplomatik sahədə uğurlu fəaliyyətinin bariz nümunəsidir.

Müstəqil dövlətimizin səmimi dostluğa, etibarlı tərəfdaşlığa əsaslanan xarici siyasət kursunda Serbiya Respublikası ilə ikitərəfli münasibətlərin möhkəmləndirilməsi əsas istiqamətlərdəndir. 25 il öncə qurulmuş əlaqələr bu gün qarşılıqlı maraq doğuran bütün sahələr - iqtisadiyyat, kənd təsərrüfatı, energetika, hərbi-texnoloji, müdafiə sənayesi üzrə inkişaf edir. Azərbaycanın Serbiya Respublikasının ərazi bütövlüyünə hörmətlə yanaşması, eyni zamanda Serbiya Respublikasının dövlətimizin xarici siyasətini dəstəkləməsi diplomatik sahədə də ölkələrimizin ikitərəfli münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsinin göstəricisidir. Azərbaycan-Serbiya münasibətlərində fəal siyasi dialoqun mövcudluğu iki ölkə arasında əməkdaşlığın dərinləşməsinə, müxtəlif sahələrdə qurulmuş münasibətlərin daha da inkişaf etməsinə əsaslı zəmin yaradır.

Son 10 il ərzində iki ölkə arasında müntəzəm surətdə səfərlərin təşkil olunması və bu səfərlər zamanı imzalanmış sənədlər ölkələrimiz arasında səmimi dostluq münasibətlərinin inkişafına səbəb olmuşdur. Belə ki, Azərbaycan ilə Serbiya arasında 2013-cü ildə imzalanmış Dostluq münasibətləri və strateji tərəfdaşlıq haqqında Bəyannamə və 2018-ci ildə imzalanmış Strateji tərəfdaşlıq üzrə Birgə Fəaliyyət Planı xüsusi əhəmiyyət daşıyır. Bu sənədlərin hər birində keçmiş Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə və ATƏT-in qərarlarına uyğun olaraq Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı əsasında tezliklə həll olunmasının dəstəkləndiyi qeyd edilmişdir.

Ötən il noyabr ayının 23-də ölkə başçımız İlham Əliyev Serbiya Respublikasında rəsmi səfərdə olarkən Serbiyanın dövlət başçısına fəal dialoqun davam etdirilməsi üçün minnətdarlıq etmiş və iki ölkə arasında mövcud olan ikitərəfli münasibətlərin artıq strateji tərəfdaşlıq xarakteri aldığını vurğulamışdır. Hər zaman bir-birinin ərazi bütövlüyünün, suverenliyinin dəstəklənməsini Azərbaycan və Serbiya arasındakı əlaqələrin əsasını təşkil etdiyini deyən Azərbaycan Prezidenti görüşün gələcək əməkdaşlığın genişləndirilməsində, tərəfdaşlığın gücləndirilməsində böyük əhəmiyyət kəsb etdiyini diqqətə çatdırmışdır. Ölkə başçılarının geniş tərkibdə görüşü başa çatdıqdan sonra sənədlərin imzalanması mərasimində "Azərbaycan Respublikası Prezidenti ilə Serbiya Respublikası Prezidenti arasında Birgə Bəyanat", "Azərbaycan Respublikası və Serbiya Respublikası arasında Strateji Tərəfdaşlıq Şurasının yaradılması haqqında Memorandum" və onun əlavəsi olan "Azərbaycan Respublikası və Serbiya Respublikası arasında Strateji Tərəfdaşlıq Şurasının Əsasnaməsi" və bir neçə mühüm əhəmiyyət daşıyan sənədlər imzalanmışdır.

Azərbaycan Prezidenti İlham Əliyevin Serbiya Respublikasına rəsmi səfərindən bir ay sonra - 2022-ci il dekabr ayının 20-də Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiçin ölkəmizə işgüzar səfəri iki ölkə arasında əlaqələrin müsbət dinamika ilə inkişaf etdiyini göstərir. Mətbuata bəyanatla çıxışı zamanı ölkə başçımız bu barədə demişdir: "Bir çox sahələr üzrə əməkdaşlığın artıq böyük tarixi var. İlk növbədə bildirməliyəm ki, Serbiya və Azərbaycan strateji tərəfdaşdırlar, strateji tərəfdaşlığa dair bir neçə sənəd imzalanmışdır. Biz hər zaman bir-birimizin ərazi bütövlüyünü və suverenliyini dəstəkləmişik, dəstəkləyirik və bu siyasət dəyişməz olaraq qalacaq".

Ölkə başçımız ilk növbədə Azərbaycan ilə Serbiya arasında yüksək səviyyədə ticarət əlaqələrinin mövcudluğunu və ticarət dövriyyəsinin dinamik surətdə artdığını, nəqliyyat-logistika sahəsində böyük potensialın olduğunu diqqətə çatdırmışdır. Eyni zamanda ikitərəfli əməkdaşlığın energetika sektoru üzrə sürətlə inkişaf etdiyi qeyd olunmuş, həm təbii qaz, həm elektrik enerjisi ilə əlaqədar əməkdaşlıq üçün geniş imkanların olduğu bildirilmişdir. Dövlət başçımız 2023-cü ildən etibarən Azərbaycanın elektrik enerjisinin Serbiyaya ixrac edilməsi üçün praktik işlərə başlanacağına əminliyini ifadə etmişdir.

Avropa ölkələri arasında ən yaxın dostluq münasibətləri quran Serbiya ilə Azərbaycan sözün əsl mənasında strateji tərəfdaşdırlar. Ölkələrimiz arasında bütün sahələrdə həyata keçirilən uğurlu əməkdaşlıq, həmçinin strateji xarakter daşıyır. 2022-ci il noyabr ayının 23-də Serbiya Respublikasına səfər zamanı ölkə başçımız Serbiya Prezidenti ilə görüşü zamanı ikitərəfli formatda bir çox beynəlxalq məsələlərə də toxunulduğunu qeyd edərək, həmçinin hərbi-texniki sahədə əməkdaşlıq aparıldığını və bu əməkdaşlığın daha da dərinləşməsi, geniş vüsət alması istiqamətində əlavə addımlar atılacağını bildirmişdi. Prezident İlham Əliyev müdafiə sənayesi sahəsində ölkələrimizin böyük potensiala sahib olduğunu və bu potensialın birləşdirilməsi üçün praktiki addımların atılması ilə bağlı müvafiq göstərişlər verildiyini diqqətə çatdırmışdır.

Bakıda işgüzar səfərdə olan Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç isə bu barədə mətbuata bəyanatında demişdir: " ... Lakin hesab edirəm ki, biz eyni dərəcədə mühüm olan, bəlkə də daha mühüm olan bəzi yeni əməkdaşlıq sahələri açırıq. Söhbət bizim ümumi fəaliyyətimizdən, müdafiə sənayesində texnologiya mübadiləsindən və üçüncü ölkələrin bazarlarına birlikdə çıxara biləcəyimiz bəzi məhsullar üzərində aparılan işdən gedir… Biz müəyyən yaxşı sursat, silah istehsal edirik. Biz hər şeyi birlikdə müasirləşdirməyin yollarını nəzərdən keçirməyə və özümüzü təmin etmək üçün dünya ilə ayaqlaşmağa hazırıq".

Gündən-günə güclənən, qüdrətlənən Azərbaycan ona dost olan ölkələrlə bütün sahələrdə əməkdaşlığını daha da dərinləşdirərək təhlükəsiz, əmin-amanlığın bərqərar olduğu gələcəyə doğru inamla addımlayır.

Mehparə ƏLİYEVA,

"Respublika".