Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Salyan rayonunda vətəndaşlarla görüşüb
Digər xəbərlər

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Salyan rayonunda vətəndaşlarla görüşüb

Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həll olunması üçün tədbirlər görürlər.

Tərtib edilən qəbul cədvəlinə müvafiq olaraq Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov iyunun 14-də Salyan Suvarma Sistemləri İdarəsinin inzibati binasında Salyan, Neftçala və digər rayonlardan olan vətəndaşları qəbul edib.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən verilən məlumatda bildirilir ki, qəbuldan öncə sədr Zaur Mikayılov və Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılan abidəsini ziyarət edib, önünə tər çiçəklər qoyaraq xatirəsini ehtiramla yad ediblər.

Daha sonra Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb.

Sakinlər bölgələrdə vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını dilə gətirərək, göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildiriblər.

M.MUSTAFAYEV,

"Respublika".