Separatçıların rəzil aqibəti
Digər xəbərlər

Separatçıların rəzil aqibəti

İllər boyu Qarabağı Azərbaycandan qoparmağa çalışan separatçıların xəyalları puç oldu. Qondarma respublika rəsmən özünü buraxdığını elan etdi. Bundan sonra separatçı rejimin dırnaqarası liderləri bir-bir tutularaq Azərbaycana gətirildi. Artıq onların bəziləri barədə həbs qətimkan qərarı verilib. Separatçı "rəhbər"lərin Ermənistana getmək arzusu baş tutmadı.

Ruben Vardanyan, Bako Saakyan, Arkadi Qukasyan, Arayik Harutyunyan, David İşxanyan, David Babayan, Lyova Mnatsakanyan və başqaları Azərbaycan dövlətinə qarşı terrordan tutmuş qanunsuz silahlı dəstələr yaratmaqda, təxribatlar törətməkdə, vətəndaşlarımıza qarşı işgəncələrdə, dinc sakinlərimizə qarşı soyqırımlarında, Qarabağda etnik təmizləmədə və başqa insanlığa zidd əməllərdə əli olan cinayətkarlardır. Onların hər birinin əli əsgərimizin, mülki insanımızın qanına batıb. Və bu gün bu cinayətkarların saxlanılması "heç bir cinayət cəzasız qalmır" gerçəkliyini ortaya qoyur. Onlar istər otuz illik işğal dövründə, istərsə də 44 günlük Vətən müharibəsində, habelə Azərbaycan Respublikasının öz ərazilərində suverenliyinin bərpası, əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə aparılan lokal xarakterli antiterror tədbirlərində qondarma qurumun "rəhbərlər"i kimi cinayətkar birlik halında fəaliyyət göstəriblər.

Azərbaycan bu şəxslərin saxlanılması və xalqa, dövlətə qarşı ağır cinayətlər törətmiş hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi ilə sübut etdi ki, kimliyindən asılı olmayaraq Azərbaycana qarşı cinayət törədənlər mütləq şəkildə öz cəzalarını alacaqlar. Başqa sözlə desək, ölkəmiz İsraildən sonra ilk dövlətdir ki, xalqa və dövlətə qarşı ağır cinayətlər törətmiş hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi prosesini təxirə salmadan həll edir. Yəhudilərə qarşı işgəncələrdə, ağır cinayətlərdə və soyqırımlarında əli olan insanlar dünyanın harasında olursa-olsun, tapılıb məsuliyyətə cəlb olunduğu kimi, Azərbaycana qarşı cinayət törətmiş şəxsləri də eyni aqibət gözləyir. Azərbaycan dünyaya sübut edir ki, dövlətimizə və xalqımıza qarşı qanlı əməllər törətmiş terrorçular cəzasız qalmayacaq, ədalət məhkəməsi qarşısında dayanacaqlar. Onları törətdikləri cinayətlərə görə cəza almaqdan nə bu şəxslərin dərhal azadlığa buraxılmasını istəyən Ermənistan, nə də hər hansı bir başqa qüvvə qurtara bilməyəcək.

Yusif Bağırzadə,

politoloq.