Avropanın enerji xəritəsi dəyişir
Siyasət

Avropanın enerji xəritəsi dəyişir

Serbiya-Bolqarıstan interkonnektorunun açılışından sonra Azərbaycan qazı ilə təchiz edilən ölkələrin sayı 9-a çatıb

"2021-ci ildə bizim Avropa məkanına qaz ixracımız 8 milyard kubmetrdən bir qədər çox olmuşdursa, bu il bu təxminən 12 milyard kubmetrə çatacaq".  Bu fikirləri Prezident İlham Əliyev Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimində çıxışında deyib.  Dövlət başçısı  vurğulayıb ki, 2027-ci ilə qədər Avropaya göndərilən qazın həcmi iki dəfə artmalıdır və  inamla bu hədəfə doğru gedirik.

Dekabrın 10-da Serbiyanın Niş şəhərində Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimi keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev, Serbiya Prezidenti Aleksandar Vuçiç və Bolqarıstan Prezidenti Rumen Radev mərasimdə iştirak ediblər. İnterkonnektor ümumi maraqların layihəsidir. Məqsəd ondan ibarətdir ki, "Şahdəniz" yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində ildə bir milyard kubmetr qaz Bolqarıstana tədarük olunsun. Serbiya-Bolqarıstan interkonnektoru Bolqarıstandan Serbiyaya hər il 1,8 milyard kubmetr, əks istiqamətdə isə 0,15 milyard kubmetr qaz nəql etməyə imkan verəcək. Təbii qaz tədarükü marşrutlarının şaxələndirilməsi Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına və qaz təchizatının təhlükəsizliyinə xidmət edir. 2023-cü ildə Azərbaycandan təbii qazın ixracı 24,5 milyard kubmetr həcmində planlaşdırılır, bunun 12 milyard kubmetrə qədəri Avropaya nəql olunacaq.

Mövcud qaz böhranı göstərdi ki, bu cür layihələrin inkişafı bütün qitə üçün həlledici əhəmiyyət daşıyır. Belə ki, yalnız bir mənbəyə arxalanmaq tədarükün təhlükəsizliyinin təmin olunması üçün kifayət deyil. Serbiya-Bolqarıstan Qaz İnterkonnektoru Serbiyaya müxtəlif tədarükçülərdən, Cənub Qaz Dəhlizinin hissələri olan TAP və TANAP qaz kəmərləri, Yunanıstandakı mayeləşdirilmiş təbii qaz terminalı kimi mənbələrdən qaz əldə etməyə imkan verəcək. Bolqarıstan artıq Azərbaycandan və Yunanıstandakı mayeləşdirilmiş təbii qaz terminalından qaz əldə edir. Bu sahənin sürətlənmiş inkişafı Serbiya və Azərbaycan şirkətləri arasında əməkdaşlıq, potensial investisiyalar və birgə layihələrin reallaşdırılması üçün yeni imkanlar açacaq. Serbiya Azərbaycanın Avropada qaz bazarını şaxələndirməsində yeni tərəfdaşıdır. Serbiyaya illik 400 milyon kubmetrə qədər qazın tədarükü nəticəsində Azərbaycan qazı ilə təchiz edilən ölkələrin sayı 9-a çatıb. Bu, Azərbaycanın etibarlı enerji tərəfdaşı missiyasının genişlənməsinin və enerji təhlükəsizliyində rolunun getdikcə artmasının bariz göstəricisidir.

Hazırda Serbiyanın ilkin enerji istehlakının 13 faizi qazdan əldə edilir ki, bu da ölkənin yalnız iki giriş nöqtəsindən - Balkan axını boru kəməri vasitəsilə və Macarıstandan əldə edə biləcəyi qazdır. Serbiya və Bolqarıstanın qaz şəbəkələrini birləşdirən interkonnektor Serbiya və Qərbi Balkanlar regionunda enerji mənbələrinin şaxələndirilməsinə töhfə verəcək, Serbiyanın müxtəlif qaz şəbəkələri sistemlərindən, xüsusən də Azərbaycandan və Yunanıstanın Aleksandrupolis şəhərində yerləşən maye qaz terminalından daha təhlükəsiz və dayanıqlı təchizatını təmin edəcək. Yeni qaz kəməri Nişdəki mövcud Serb şəbəkəsini Bolqarıstanın paytaxtı Sofiyadakı şəbəkə ilə birləşdirəcək. Borunun diametrinin 700 mm və maksimum təzyiqinin 55 bar gücündə olması Serbiyanın ümumi illik istehlakının 60 faizinə bərabər olan 1,8 milyard kubmetr təbii qaz vurmağa imkan verəcək.

Qeyd edək ki, Serbiyanın Niş və Dimitrovqrad şəhərləri arasında 109 kilometr uzunluğunda yeni qaz kəmərinin tikintisi bir il çəkib. Serbiya-Bolqarıstan interkonnektorunun ümumi uzunluğu isə 170 kilometrdir və Sofiya yaxınlığındakı Novi İskar şəhərinədək davam edir. Boru kəməri Azərbaycandan və Xəzər regionundan təbii qazın Mərkəzi Avropa ölkələrinə tranzitinə imkan yaradır. Mərasimdə Prezident İlham Əliyev bildirib ki, gələcək planlarımız qaz təchizatının coğrafiyasını daha da genişləndirməkdir və gələcəkdə Avropa məkanında yeni yaradılacaq interkonnektorlar vasitəsilə yeni ölkələrin bazarlarına çıxmaqdır. Hədəfimiz bərpaolunan enerji növləri ilə bağlıdır. 10 qiqavat bərpaolunan enerji növlərinin yaradılması üzrə Azərbaycan tərəfindən investorlarla sazişlər və anlaşma memorandumları imzalanmışdır.  

Azərbaycanın Serbiyanın əsl dostu olaraq qalmaqda davam etdiyini vurğulayan  Serbiya Prezidenti Aleksandar Vuçiçin sözlərinə görə, bu interkonnektor ölkəsi üçün çox vacibdir və Serbiyanın Niş, Dimitrovqrad, Bela Palanka və Pirot kimi mühüm şəhərlərinin enerji təhlükəsizliyini möhkəmləndirəcək.  Gələcəkdə 6 və ya 7 LNG terminalından qaz almaq imkanımız da olacaq ki, bu da Serbiyanın ümumi enerji təhlükəsizliyində mühüm rol oynayacaq. Bunlara Aleksandrupolisdəki terminal daxildir. Azərbaycan Prezidenti İlham Əliyevə və Serbiya Prezidenti Aleksandar Vuçiçə oktyabrın 1-də Yunanıstanla Bolqarıstan arasındakı interkonnektorun açılışında iştirak etdiklərinə görə təşəkkürünü bildirən  Bolqarıstan Prezidenti Rumen Padev qeyd edib ki,  həmin interkonnektoru sayəsində Bolqarıstan nəhayət Azərbaycan qazını qəbul edə bildi. "Mən Prezident Əliyevə təşəkkürümü bildirmək istəyirəm. O sübut etdi ki, Bakı bütün anlaşma və razılıqlara ciddi yanaşır".

Xatırladaq ki, Bolqarıstan 1 oktyabr 2022-ci ildə istismara verilmiş Yunanıstan-Bolqarıstan interkonnektoru (IGB) ilə Azərbaycan qazının idxalına başlayıb. Prezident İlham Əliyevin Bolqarıstana sonuncu səfəri zamanı açılmış Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektoru (IGB) Bolqarıstan, Macarıstan, Slovakiya, Serbiya, Avstriya kimi ölkələrin də Azərbaycan qazını almaq imkanını artıracaq. İnterkonnektorla qaz tədarükünün müqavilə həcmi ildə 1 milyard kubmetr təşkil edir. IGB-nin ümumi ötürücülük imkanları ildə 5 milyard kubmetrədək genişləndirmə imkanı ilə 3 milyard kubmetr təşkil edir. Azərbaycan Avropaya qazı Cənub Qaz Dəhlizinin bir hissəsi olan Trans-Adriatik Boru Kəməri ilə ixrac edir. TAP-ın ilkin ötürücülük gücü ildə 20 milyard kubmetrədək genişləndirilmə imkanı ilə 10 milyard kubmetr təşkil edir. İnterkonnektor Azərbaycan qazının daha çox ölkəyə ixrac olunması üçün infrastrukturun yaranması deməkdir. Bu boru kəməri digər ölkələrə də Azərbaycan qazını mövcud infrastrukturdan istifadə etməklə, əlavə investisiya qoymadan əldə etmək imkanı yaradır. Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun (IGB) istismara verilməsi maye təbii qaz (MTQ) terminalına, həmçinin Azərbaycandan təbii qazı Bolqarıstana nəql edən Cənub Qaz Dəhlizinə çıxış imkanı təmin etdiyindən dönüş nöqtəsi oldu.

Azərbaycan bu istiqamətdə qaz ixracını artırmaq üçün mövcud qaz kəmərlərinin buraxılış qabiliyyətlərinin artırılması təklifini irəli sürüb. Hazırda TANAP layihəsi üzrə ildə 16 milyard kubmetr, TAP layihəsi üzrə isə 10 milyard kubmetr qaz ixrac etmək mümkündür. Azərbaycan Avropa Birliyi ilə bu həcmin növbəti 4 il ərzində iki dəfə artırılması barədə razılıq əldə edib. Bu razılaşmaya uyğun olaraq, qaz kəmərlərinin buraxılış gücü daha çox artırılacaq ki, bunun da nəticəsində Azərbaycan qazı daha çox ixrac oluna biləcək.

Hazırda Avropada Azərbaycan qazının alıcıları İtaliya, Yunanıstan, Bolqarıstan və Rumıniyadır. Bundan başqa, Türkiyə və Gürcüstan da Azərbaycan qazını idxal edir. 2023-cü ilin sonunadək Macarıstana da qaz tədarükünə başlanılacaq.

Mustafa KAMAL,

"Respublika".