Avropa Parlamenti: başı özünə qarışan
Siyasət

Avropa Parlamenti: başı özünə qarışan "demokratlar"

"...Çünki biz demək olar ki, 30 il ərzində ermənilərin işğalından, təhqirindən, təkəbbüründən əziyyət çəkirdik. Onlar bütün beynəlxalq təşkilatların sənədlərinə zidd olaraq bizim torpaqlarda oturmuşdular, torpaqlarımızı dağıdırdılar, iddia edirdilər ki, bu torpaq onlara məxsusdur. BMT Təhlükəsizlik Şurası, ATƏT, Avropa Şurası, Avropa Parlamenti - onların hamısı bizi dəstəkləyən qətnamələr qəbul etmişdi...". Bu fikirləri Prezident İlham Əliyev 2021-ci il dekabrın 15-də Brüsseldə İspaniyanın "El Pais" qəzetinə müsahibəsində bildirib.

Bəli, Avropa Parlamenti də nə vaxtsa Azərbaycanın marağından "çıxış edibmiş", yəni sözdə, daha doğrusu, kağız üzərində bizi dəstəkləyibmiş. Görünür, hələ o vaxtlar Avropa Parlamenti erməni lobbisinin girovluğunda siyasi oyuncağa çevrilməyib. Hər şey Vətən müharibəsindəki tarixi qələbəmizdən sonra baş verdi, Azərbaycanın Ermənistan üzərində qələbəsi hər kəsin "qarnının ağrısı"nın səbəbini bəlli etdi. Elə Avropa Parlamentinin də...

Avropa Parlamenti adlı qurum 1952-ci ildə qurulub. İclasları Brüsseldə, yaxud Strasburqda keçirilir. 1979-cu ilə qədər onun üzvlərini dövlətlər təyin edirdi. Həmin il qəbul edilən qərara əsasən indi üzvlər birbaşa seçkilərdə seçilirlər. Qurumun üç vacib funksiyası var: Avropa qanunlarını elan etmək, Avropa qanunlarına demokratik nəzarət etmək, Avropa Şurası ilə birlikdə büdcəyə dair qərarlar vermək. Ancaq təəssüf ki, avropalı parlamentarilər öz kompitensiyalarına aid olmayan işlərlə də məşğuldurlar. Yəni işğalçı, terror dövlətini dəstəkləyib, işğaldan əziyyət çəkmiş ölkəyə qarşı əks-təbliğat, qarayaxma, yalan, böhtan kampaniyası aparırlar ki, bu da son dövrlər qurumu gözdən salıb. Çünki parlamentarilər kimisə, hansısa ölkəni bir quru "sağ ol"a görə hədəf seçmirlər. Vətən müharibəsindən sonra xaricdəki erməni lobbisi də "səxavət kisəsi"nin ağzını geniş açıb, Avropa Parlamentinin satqın deputatlarını satın alır. Bu səbəbdən də qurum erməni vandalizminə dəstək xarakterli "təşəbbüs"lərlə çıxış edir. Erməni lobbisinin qidalandırdığı siyasi korrupsionerlər - bəzi avropalı parlamentarilər "timsah göz yaşları" axıdaraq bu işlərin peşəkarı olan barbarların "dərdinə şərik çıxırlar". Məhz 2022-ci ilin yazında qurum Azərbaycan əleyhinə "Dağlıq Qarabağda mədəni irsin məhv edilməsi haqqında" qətnaməni də bu təsir altında qəbul edib. Lakin belə bir qərəzli qətnamənin qəbul edilməsi heç nəyi dəyişmədi, çünki bu kağız parçasının heç bir hüquqi qüvvəsi və siyasi təsir mexanizmi yoxdur. Əslində, qurum belə bir gücə malik olsaydı, bəlkə də illər öncə qəbul etdiyi Ermənistanın işğalını pisləyən qətnamənin hansısa bir təsiri olar, münaqişə 30 il sürməzdi. Digər bir tərəfdən, bununla reallıqları təhrif etmək, diqqəti əsas məsələlərdən yayındırmaq mümkün deyil. Beynəlxalq ictimaiyyət belə "təşəbbüs"lərin haradan gəldiyini, "qətnamə" adlandırılan kağız parçalarının kimlərin "sifarişilə" qəbul edildiyini yaxşı bilir.

Avropa İttifaqının qurumu olan Avropa Parlamentinin bir funksiyası da Avropa qanunlarını yaymaq, elan etməkdir. Ancaq Avropa Parlamentinin deputatları "Avropa dəyərləri" adlandırdıqları normaları, o cümlədən insan hüquqlarını, ədalətli yanaşmanı əsas tutmur, ikili standartlardan uzaq durmurlar. Belə olmasaydı, bəlkə də daha obyektiv qərarlar verə bilərdilər.

Bu nüfuzlu qurumun reallıqlardan uzaq, böhtan mahiyyətli qətnamələr qəbul etməsi təəssüf hissi doğurur, bəzən hiddət yaradır. Azərbaycan isə hər dəfə siyasi sayıqlıq nümayiş etdirərək Avropa parlamentarilərinə anlatmaq istəyir ki, demokratiya cildinə girib antidemokratik xarakterli bəyanatlar vermək əvvəl-axır onların özünün sonunu gətirəcək. Necə deyərlər, "çanaq onların öz başlarında çatlayacaq". İndi Avropa Parlamenti sınaq qarşısındadır, seçkilər bu qitənin siyasət meydanını yağ qazanı kimi "qaynadır".

Avropa Parlamentinin 2023-cü il yanvarın 18-də qəbul etdiyi daha bir anti-Azərbaycan qətnaməsinin məzmununa diqqət edək. Yenə də öz havasını çalan qurum bu dəfə qətnamədə Azərbaycanın guya Ermənistana hərbi təcavüz etməsi, Laçın yolunun "blokadaya alınması" kimi sərsəm iddialarla yanaşı, artıq tarixin künc-bucağında itib-batmış "Madrid prinsipləri"nə istinadlar edib. Yalan və saxta məlumatlar üzərində qurulmuş əsassız ittihamlarla dolu olan qətnamədə fransalı nümayəndələr daha çox canfəşanlıq edib, Azərbaycana qarşı qərəzli mövqe tutan deputatların təşəbbüsü ilə sənəd müzakirəyə çıxarılıb, ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazisi olan Qarabağın dağlıq hissəsinin guya blokadaya alınmasının humanitar nəticələrindən bəhs edən sənəd qəbul olunub.

Qanundan danışan avropalı deputatlar o zaman Azərbaycanın dövlət qurumlarının nümayəndələrinin, mütəxəssislərinin monitorinq məqsədilə Qarabağın ərazisinə girişinə maneçilik törədilməsi səbəbindən vətəndaş cəmiyyəti üzvlərinin, ekoloqların Laçın-Xankəndi yolunda dinc etiraz aksiyası keçirməsində heç bir qanun pozuntusu olmadığını yaxşı bilirdilər. Onu da bilirdilər ki, Qarabağ ərazisində yaşayan 20 mindən bir qədər artıq erməni blokadaya alınmayıb. Laçın yolu Rusiya sülhməramlılarının humanitar yükdaşıması, Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələrinin və erməni sakinlərin gediş-gəlişi üçün həmişə açıq olub. Sadəcə, danışmalı, dediklərini kağız parçasında təsdiq etməli idilər. Axı söz danışıqdan keçər, erməni lobbisinin "xətrini xoş etmək" lazım idi.

2024-cü ilin aprelində Avropa Parlamenti Azərbaycana qarşı yeni sanksiya çağırışı etdi. Deputatlar Avropa İttifaqını onların təbirincə "ciddi insan haqları pozuntularına yol vermiş" azərbaycanlı məmurlara qarşı sanksiyalar qəbul edilməsini, Avropa Komissiyasının Bakı ilə enerji sahəsində strateji əməkdaşlığın dayandırılması məsələsinə baxmasını istəyirdilər. İndi də COP29-un Azərbaycanda keçirilməsinə etirazlarını bildirirlər.

Hazırda qurum özünə yeni tərkib seçir. Ancaq toplananların yeri dəyişərkən nəticənin dəyişməz olduğunu nəzərə alsaq, seçkilərdən sonra AP-nin də fəaliyyətində nəyinsə dəyişəcəyinə inanmaq sadəlövhlük olar.

Zümrüd QURBANQIZI,

"Respublika".