Avrasiyanın böyük əhəmiyyətə malik kommunikasiya xətti
Siyasət

Avrasiyanın böyük əhəmiyyətə malik kommunikasiya xətti

"Müharibənin nəticələrindən biri də, əlbəttə ki, bu gün müzakirə mövzusu olan Zəngəzur dəhlizidir. Zəngəzur dəhlizi tarixi nailiyyətdir. Üçtərəfli Bəyanatda xüsusilə bu məsələnin əks olunması bizim, eyni zamanda böyük siyasi qələbəmizdir". Dövlət başçısı İlham Əliyev Yeni Azərbaycan Partiyasının VII Qurultayındakı yekun nitqindəki bu sözlərlə layihənin iqtisadi və strateji əhəmiyyətini qeyd edib.

Tarixi zəfərdən sonra Naxçıvanla nəqliyyat əlaqəsinin bərpa edilməsi ilə bağlı fəaliyyətə başlanıldı. 2020-ci il 10 noyabr birgə Bəyanatına əsasən Zəngəzur dəhlizi eni 5 kilometr olan Laçın dəhlizindən fərqli olaraq ərazi dəhlizi deyil, nəqliyyat dəhlizi funksiyasını yerinə yetirəcəkdir. Bu layihə həm Naxçıvanla Azərbaycanın digər bölgələri arasında nəqliyyat körpüsüdür, həm də Çin və Orta Asiya ölkələrini Azərbaycan-Türkiyə vasitəsilə Avropanın tranzit-nəqliyyat xəttinə bağlayır. Lokal, regional və interkontinental müstəvidə önəm kəsb edən dəhliz yeni nəqliyyat yolunun keçdiyi hər bir ölkədə yerli inkişafa dəstək verən amil kimi çıxış edir.

Bu dəhliz Ermənistanın 30 il əvvəl torpaqlarımızı işğal etməsi nəticəsində bağlanmış və Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvanı quru yolla respublikamızdan ayrı salmışdı. Bu illər ərzində Naxçıvan sakinləri Zəngəzur dəhlizinin bağlı olması səbəbindən çox əziyyət çəkiblər. Bu çətinlik hələ də yaşanır və o, yalnız Zəngəzur dəhlizinin açılması ilə həll olunacaq. Müharibənin başa çatmasından dörd ilə yaxın vaxt keçməsinə baxmayaraq, Ermənistan hələ də Zəngəzur dəhlizi ilə bağlı öhdəliyini yerinə yetirmir. Dəhlizin bərpası üçün yol-infrastruktur layihələri əsasında inşaatı davam etdirən Azərbaycandan fərqli olaraq Ermənistan tərəfindən texniki-iqtisadi əsaslandırma işlərinə də başlanılmayıb.

Belə ki, təklif və tələblərində beynəlxalq hüquqa əsaslanan ölkəmizin bu niyyəti bölgədə sabitlik yaradacaq. Bu əminliyi yaradan başlıca faktor isə Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması, işğaldan azad edilən ərazilərdə bərpa-quruculuğun sürətlənməsidir...

Bu layihə eyni zamanda türk dövlətlərinin birliyinin gücləndirilməsinə yönəldilib. Belə ki, təxminən 100 ildən sonra türk dövlətləri arasında belə bir torpaq bağının yaranması çox mühüm hadisə hesab olunur. Mustafa Kamal Atatürkün vaxtilə "Türk qapısı" adlandırdığı Zəngəzur dəhlizinin açılması türk dünyası üçün yeni bir mərhələ deməkdir.

Zəngəzur dəhlizinin yaradılması Azərbaycanın milli, maraqlarına tam cavab verir. Bu, on illərlə bir milli hədəf, Ulu Öndərin həyata keçirmək istədiyi missiya idi. Həmin missiyanı Ümummilli Liderin siyasi varisi İlham Əliyev davam etdirərək hədəfə çevirdi: "Bizim tarixi torpaqlarımız İrəvan xanlığıdır, Zəngəzur, Göyçə mahallarıdır. Bunu gənc nəsil də, dünya da bilməlidir", - deyərək məsələyə nöqtə qoydu.

Dəhlizin açılması təkcə ölkəmiz üçün deyil, beynəlxalq aləm üçün də xüsusi əhəmiyyət kəsb edir. Çünki o, təkcə Cənubi Qafqazda yox, bütün Avrasiyada böyük əhəmiyyətə malik yeni kommunikasiya xəttidir.

Röya RÜSTƏMLİ,

"Respublika".