AŞPA-nı dağıdan Şvabe kimiləridir
Siyasət

AŞPA-nı dağıdan Şvabe kimiləridir

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Almaniyadan olan üzvü Frank Şvabe "Amerikanın səsi"nə müsahibəsində yenə ittihamlarla çıxış edib. Şvabe iddia edib ki, Azərbaycanla bağlı vəziyyət olduqca pisdir, hətta guya Azərbaycan "AŞPA-nın etimadını sarsıtmağa və AŞPA-nı dağıtmağa çalışır". O təkcə "Amerikanın səsi"nə deyil, ondan öncə "BBC" kanalına müsahibəsində də oxşar ittihamlar səsləndirmişdir. Onun müsahibədə səsləndirdiyi fikirlər birmənalı olaraq əsassız, qərəzli və reallıqdan kənardır.

Şvabenin fikirləri ölkəmizin hazırkı reallıqlarına kölgə salmaqla yanaşı, həm də onun Azərbaycanı ləkələmək üçün hər şeyə hazır olduğunu göstərir. Əslində, Almaniya Sosial Demokrat Partiyasından olan Frank Şvabenin bu cür mövqeyini Almaniyanın federal-kansleri Olaf Şoltsun Fransa prezidenti Makrondan asılılığında və yaxud da Almaniyanın Fransa ilə siyasi tandemində axtarmaq lazımdır. Uzun müddətdir ki, bütün platformalarda öz anti-Azərbaycan siyasəti ilə ad çıxarmış Makron artıq ölkəmizə qarşı aparılan kampaniyada Almaniyanın timsalında özünə müttəfiq tapıb. Bu məqsədlə məhz Şvabenin üzərində dayanılması isə səbəbsiz deyil.

Şvabenin iddiaları təbii ki, sadəcə bəhanədir. Əsas səbəb Azərbaycanın müstəqil xarici siyasət yürütməsi ilə bağlıdır. Belə ki, Azərbaycan ərazilərinin işğalından söhbət gedən, bu məsələ AŞPA tribunalarında qaldırılan zaman assambleya hər zaman bildirirdi ki, "AŞPA münaqişələrlə bağlı məsələlərin müzakirəsi üçün uyğun format deyil". Amma indi müharibə bitəndə və münaqişə həll olunanda Ermənistanın xeyrinə tələblərlə çıxış edərək əsassız ittihamlar irəli sürürlər.

Şvabe Azərbaycanın "ATƏT-in hesabatının o qədər də tənqidi olmayacağı" ümidi ilə AŞPA-nı deyil, ATƏT-i seçkilərə dəvət etməsindən narazılığını bildirir. Əslində isə onun özü də kifayət qədər yaxşı bilir ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu seçkilərlə bağlı dünyada bir nömrəli ixtisaslaşmış müşahidəçi statusuna malikdir və Azərbaycan da 7 fevral prezident seçkisini müşahidə etmək üçün məhz həmin quruma rəsmi dəvət göndərib. Büronun uzunmüddətli müşahidə missiyası artıq xeyli vaxtdır seçki kampaniyasını müşahidə edir və sonacan da müşahidə edəcək. Şvabe isə müsahibəsində təkcə Azərbaycana deyil, eyni şəkildə seçkinin müşahidəçiliyini həyata keçirən təşkilatlara, o cümlədən də ATƏT-ə də böhtan atmaqdan çəkinmir. Heç bir dəlil-sübut olmadan onları rüşvətxorluqda suçlayır.

AŞPA və Şvabe, guya onların səlahiyyətində olmayan münaqişələrin həllini deyil, insan haqları məsələlərini prioritet hesab etdiklərini deyirlər. Belə olan halda sual olunur, onlar Qarabağın işğalı zamanı qətlə yetirilən və yurd-yuvasından didərgin salınan minlərlə azərbaycanlının hüquqlarının pozulması ilə bağlı niyə heç bir səy göstərmədilər. Niyə Xocalıda törədilən soyqırıma görə Ermənistan rəhbərliyindən hesabat tələb etmədilər. Amma biz beynəlxalq ədaləti bərpa, öz ərazilərimizi işğaldan azad edən kimi dilə gəlməyə başladılar.

Əgər həqiqətən də insan hüquqları prioritetdirsə, o zaman niyə Ermənistanla bağlı oxşar qərarlar qəbul olunmur. Bu gün Ermənistanda ən müstəqil QHT-lər belə Ermənistan tarixində indi olduğu qədər siyasi məhbusun olmadığını bildirirlər. Amma AŞPA bütün bunları görməzdən gəlir.

Bütün bunlar bir daha AŞPA-nın proseslərə ikili yanaşmasından və sözün əsl mənasında bir "xristian klubu" olmasından xəbər verir. Odur ki, Şvabe Azərbaycanı guya ki, AŞPA-nı dağıtmaq istəməkdə təqsirləndirməkdənsə, ilk növbədə öz qərəzli siyasətinə, yanlış addımlarına düzəliş etməlidir. Çünki AŞPA-nı dağıdan, ona etimadı sarsıdan Azərbaycan deyil, məhz Şvabe kimiləridir.       

Yusif BAĞIRZADƏ,

politoloq.