AQTA sədri Göyçayda vətəndaşları dinləyəcək
Gündəm

AQTA sədri Göyçayda vətəndaşları dinləyəcək

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin ilin iyun ayı üzrə regionlarda vətəndaş qəbulu qrafikinə uyğun olaraq, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli iyunun 27-si saat 10:00-da Göyçay Rayon Heydər Əliyev Mərkəzində Mingəçevir, Yevlax şəhərləri və Göyçay, Ağdaş rayonlarından olan vətəndaşları qəbul edəcək.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən "Respublika"-ya verilən məlumata görə, vətəndaşlar Agentliyin səlahiyyət dairəsinə aid məsələlərlə (qida məhsullarının təhlükəsizliyi, baytarlıq və fitosanitar nəzarətinə dair normativ tənzimləmə, qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən subyektlərin qeydiyyatı, qida təhlükəsizliyi, fitosanitar və baytarlıq sertifikatlarının verilməsi və s.) bağlı adını, soyadını, atasının adını, müraciətinin məzmununu, yaşadığı ünvanı və telefon nömrəsini göstərməklə, [email protected] elektron ünvanına rəsmi şəkildə müraciət edərək və ya “1003 - Çağrı Mərkəzi” ilə əlaqə saxlayaraq iyunun 26-dək qəbula yazıla bilərlər.

Eyni zamanda Agentliyin region üzrə yerli bölmələrində işlə təmin olunmaq istəyən, qida məhsulları mühəndisliyi, istehlak mallarının ekspertizası və marketinqi, metrologiya, standartlaşdırma və sertifikasiya mühəndisliyi, tibbi profilaktika, aqronomluq, bitki mühafizəsi, kimya, biologiya, torpaqşünaslıq və aqrokimya, baytarlıq ixtisasına yiyələnmiş vətəndaşlar müraciət edə bilərlər.