Allahverdi Qərbi Azərbaycanın bir parçası idi
Region

Allahverdi Qərbi Azərbaycanın bir parçası idi

Son iki əsrdə Qafqazda azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərə, milli faciə və məşəqqətlərə məruz qalmışdır. Mərhələ-mərhələ gerçəkləşdirilən belə qeyri-insani siyasət nəticəsində azərbaycanlılar indi Ermənistan adlandırılan ərazidən - min illər boyu yaşadıqları öz doğma tarixi - etnik torpaqlarından didərgin salınaraq kütləvi qətl və qırğınlara məruz qalmış, xalqımıza məxsus minlərlə tarixi-mədəni abidə və yaşayış məskəni dağıdılıb viran edilmişdir.

Qərbi Azərbaycan ərazisində məskunlaşdırılan ermənilər azərbaycanlılarla müqayisədə azlıq təşkil etmələrinə baxmayaraq, öz havadarlarının himayəsi altında "erməni vilayəti" adlandırılan inzibati bölgənin yaradılmasına nail olmuş, zaman-zaman soydaşlarımıza qarşı xəyanət toru hazırlamış, analoqu olmayan terror hadisələri törətmişlər. Belə süni ərazi bölgüsü ilə əslində Qərbi azərbaycanlıların öz torpaqlarından qovulması və məhv edilməsi siyasətinin bünövrəsi qoyuldu. "böyük Ermənistan" ideyaları təbliğ olunmağa başlandı.

Qərbi Azərbaycanın bir parçası olan Allahverdi rayonu (Tumanyan) Loru mahalının ərazisində yerləşməklə, türklərin qədim yaşayış məskənlərindən biri idi.

Allahverdi rayonunun sahəsi 1170 kvadratkilometr, əhalisi 35,6 min nəfər olmuşdur. Bura şimaldan Gürcüstanın Marnauli, cənubdan və cənub-şərqdən Ermənistan SSR-in İrəvan, Noyemberyan, şimal və şimal-şərqdən Quqark (Böyük Qarakilsə), Stepanavan (keçmiş Cəlaloğlu) və Kalinino (keçmiş Varantsovka) rayonları ilə həmsərhəd olmuşdur.

Rayonun ərazisi bir vaxtlar Borçalı mahalının tərkibində idi, əhalinin çoxusunu türklər təşkil edirdi.

Allahverdi XI-XIX əsrin əvvəllərinə kimi səlcuqların, sonra monqol-tatarların, osmanlıların, səfəvilərin, qacarların yaratdıqları dövlətlərin hakimiyyəti altında olmuşdur. 1736-cı ildən ərazisi gah osmanlıların, gah da qacarların vassalı olan gürcü çarlarının hakimiyyətinə tabe edilmişdir. Çar Rusiyası Gürcüstanı 1801-ci ildə öz imperiyasına birləşdirən zaman Borçalı da rusların hakimiyyəti altına keçmişdir. Ruslar 1828-ci ildə İrəvan xanlığını işğal etdikdən sonra qacarlar dövləti ilə Türkmənçay müqaviləsi bağlayaraq bütövlükdə Cənubi Qafqaza sahib oldular.

Allahverdi rayonunun indiki ərazisi 1880-1918-ci illərdə Tiflis quberniyasının Borçalı qəzasının Borçalı və Loru nahiyələrini, 1921-1930-cu illərdə Ermənistan SSR-in Loru-Pəmbək qəzasının tərkibində olmuşdur. 1918-1920-ci illərdə mübahisəli ərazi neytral zona hesab edilmişdir.

1969-cu ilə kimi rayon Allahverdi adlandırılmışdır. 1921-ci ilin noyabrında bütün mübahisəli və neytral hesab edilən ərazilər bolşeviklər tərəfindən Ermənistan SSR-ə verilmişdir. Elə o vaxtlardan da Allahverdi rayonunun indiki ərazisi Ermənistanın tərkibinə keçdi. Rayon mərkəzi Allahverdi (keçmiş Manas) şəhəri olmuşdur. Rayon mərkəzindən İrəvan şəhərinə olan məsafə 191 kilometr idi. Rayon mərkəzindən Tiflis-İrəvan dəmiryol xətti keçirdi.

Allahverdi rayonunun indiki ərazisində 1828-ci ilədək türk əhalisi üstünlük təşkil etmişdi. Az sonra yunanlar və ermənilər (haylar) də burada yaşamağa başlamışlar. 1828-1931-ci illərdə Türkiyədən və İrandan rayona köçürülən ermənilərdən əvvəl burada xristian qıpçaqları yaşayırdılar.

XIX-XX əsrin əvvəllərində bütün Qərbi Azərbaycanda (indiki Ermənistanda) xristian ünsürlərin sayı tədricən azalmışdır. Bu xristianların arasında ermənilərin (hayların) sayı üstünlük təşkil etmişdir. Bu, Allahverdi rayonunun ərazisində də özünü göstərmişdir.

1918-1920-ci illərdə ermənilər rayon ərazisində yerli türk əhalisinə qarşı havadarlarının köməyi ilə soyqırımı əməliyyatı həyata keçirdilər. Bu qırğınlar zamanı çoxlu soydaşlarımız amansızlıqla qətlə yetirildi, azərbaycanlılara məxsus evlər dağıdılıb məhv edildi. Çoxları doğma yurdlarını tərk etməli oldu. Ermənistanda sovet hakimiyyəti (29 noyabr 1920-ci il) qurulduqdan sonra yurd həsrətli insanlar yenidən öz ata-baba torpaqlarına qayıtdılar.

Rayonun ərazisində Debed, Tona, Təvəyey, Borçalı çayları yerləşirdi. Allahverdi Cənubi Qafqazda qədim mis sənayesi mərkəzi idi. Yüngül yeyinti sənaye müəssisələri, iri Mis-Kimya Kombinatı, Sənaye-Texnologiya texnikumu var idi.

Allahverdi rayonunun sakinləri Böyük Vətən müharibəsinin odlu-alovlu illərində silaha sarılaraq cəbhəyə yollanmış, neçə-neçə şahin oğullar qəhrəmancasına həlak olmuş, çoxları müharibədən orden və medallarla qayıtmışdır.

1930-1991-ci illərdə Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin və Ermənistan Respublikası prezidentinin fərmanları ilə Allahverdi rayonundakı bir çox azərbaycanlı yaşayış məntəqələrinin adları dəyişdirilmiş və hay adları ilə əvəz olunmuşdur. Şübhəsiz ki, bu da azərbaycanlılar tərəfindən etirazla qarşılanmışdır.

1948-1953-cü illərdə 150 min azərbaycanlı Ermənistandan sürgün edilmişdir. Onların arasında Allahverdi rayonunun sakinləri də var idi. Bu günahsız insanları səfalətə düçar edənlər İ.Stalin, Molotov və digər ermənipərəst qüvvələr idi.

1988-ci ildə "əzabkeş" ermənilər yenidənqurmanın, xüsusilə Mixail Qorbaçovun "qanadları" altına sığınaraq Azərbaycan xalqına qarşı mənfur daşnak siyasətinin ən qəddar variantını həyata keçirməli oldu. 1988-ci ilin fevralından noyabr ayına qədər Ermənistandakı azərbaycanlılar çox böyük amansızlıqla üzləşdi. Nəhayət, azərbaycanlılar son nəfərə qədər min illər yaşadıqları torpaqları zülmlə tərk etdilər. Beləliklə, son 100 ildə indiki Ermənistan ərazisindən 2,5 milyon azərbaycanlının qəddarlıqla qovulub çıxarılması prosesi başa çatdı və Azərbaycan Ermənistan boyda bir torpaq, 2 minə qədər kənd və qəsəbə, yüzlərlə abidə itirdi.

Deportasiya dövründə Allahverdi rayonunun azərbaycanlı sakinləri ağır faciələrlə üzləşdi, Moskvaya göndərilən şikayət teleqramlarından heç bir cavab gəlmədi.

Allahverdi rayonu Qərbi Azərbaycanın bir parçası, flora və faunası, füsunkar təbiəti ilə seçilən bir məkan idi. Ancaq XX əsrin sonunda ermənilər öz havadarlarının dəstəyi ilə bu qədim türk elini də ələ keçirdilər, erməni separatçılar dünya ictimaiyyətini inandırmağa çalışdı ki, bu yerlərin əsl sahibləri biz olmuşuq, türklər bu yerlərə "beş-beş", "on-on" gəlmişdir. Görün, nələr uydurdu haylar?

Allahverdinin bütün sakinləri, xüsusilə yaşlı nəslin nümayəndələri yurd həsrəti ilə yaşayır, inanırlar ki, 44 günlük Vətən müharibəsində tarixi qələbəmizdən sonra günlərin bir günündə onlar da Qərbi Azərbaycana, qəribsəmiş yurd yerlərinə dönəcəklər. İndiki Ermənistan ərazisindən qovulmuş Allahverdi sakinlərinin təhlükəsiz və ləyaqətli şəkildə, sülh yolu ilə geriyə qayıtması üçün Prezident Ali Baş Komandan İlham Əliyevin fəaliyyətini qaçqınlar dəstəkləyir, qayıdışı səbirsizliklə gözləyirlər.

Qədir ASLAN,

"Respublika".