20 Yanvar şəhidlərinin ailələrinin, əlilliyi olan şəxslərin sosial müdafiəsi daim diqqət mərkəzində
Sosial həyat

20 Yanvar şəhidlərinin ailələrinin, əlilliyi olan şəxslərin sosial müdafiəsi daim diqqət mərkəzində

1990-cı ilin 20 Yanvar faciəsi zamanı şəhidlik zirvəsinə ucalan Vətən övladlarının ailələrinin, hadisələrlə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsi dövlətimiz tərəfindən daim diqqətdə saxlanılır.  Prezident İlham Əliyevin uğurlu sosial siyasəti nəticəsində digər həssas qruplar kimi, həmin kateqoriyadan olan vətəndaşların da sosial müdafiəsi ildən-ilə daha da gücləndirilir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ötən dövrdə 20 Yanvar şəhidlərinin ailələrinə, 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olanlara 139 mənzil,  əlilliyi olan şəxslərə 100-dək avtomobil təqdim edilib. Bu barədə  nazirliyin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, onlara yönələn sosial ödənişlərin davamlı olaraq artırılması təmin edilir. 2023-cü ilin əvvəlindən reallaşdırılan yeni sosial islahat paketi çərçivəsində Prezidentin aylıq təqaüdü 20 Yanvar şəhidinin ailəsi üçün 600 manata çatdırılıb ki, bu da son beş ildə həmin təqaüdün məbləğinin 2,5 dəfə artdığını göstərir.

Eləcə də 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər üçün Prezidentin aylıq təqaüdü bu ilin əvvəlindən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə 500 manata, 61-80 faiz pozulmasına görə 400 manata, 31-60 faiz pozulmasına görə 330 manata, əlilliyi olan şəxslər üçün müavinət də müvafiq olaraq 270 manata, 220 manata və 150 manata çatdırılıb. Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi olan şəxslərə qulluğa görə Prezidentin aylıq təqaüdü də artırılaraq bu il 1 yanvarından 100 manat müəyyən olunub. 

Beləliklə, son beş ildə Prezident təqaüdü 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olanlar üçün 3 dəfəyə yaxın, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi olan şəxslərə qulluq edənlər üçün 2 dəfə, əlilliyi olan şəxslərə müavinətlər isə həmin dövrdə 3 dəfədən çox artıb. 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin  pensiyalarının orta aylıq məbləği də son üç ildə 80 faiz artıb. Həmin şəxslərin reabilitasiya xidmətləri ilə təminatı həyata keçirilir. Ötən dövrdə 20 Yanvar şəhidlərinin ailə üzvlərindən yaşa görə əmək pensiyası təyin olunanların pensiyası üzərinə əlavə də hesablanıb.    Ölkənin qanunvericiliyində şəhid ailəsi üzvləri, eləcə də 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər üçün bir sıra imtiyaz və güzəştlər də öz  əksini tapıb.

Mustafa KAMAL,

"Respublika".