Uşaq oyunları festivalı
Sosial həyat

Uşaq oyunları festivalı

İyunun 1-də "Qala" Dövlət Tarix-Etnoqrafiya Qoruğunda Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş “Unudulmaqda olan uşaq oyunları” festivalı keçiriləcək. 31 may Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən verilən məlumatda bildirilir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Xəzər Rayon İcra Hakimiyyəti və “Regional İnkişaf” İctimai Birliyi tərəfindən birgə təşkil edilən tədbirin qonağı olan uşaqlar Azərbaycan xalqının folklor nümunəsi kimi illərin sınağından keçərək yaşadılan, xalqımızın milli yaddaşını özündə əks etdirən bir-birindən maraqlı və əyləncəli oyunların mənşəyi, məzmunu barədə ətraflı məlumat alacaq, həmçinin həmin oyunlarda iştirak edə biləcəklər.

Festivalda “Beş Daş”, “Dəyirman”, “Usta-şagird”, “Çilingağac” və “Fincan-fincan” oyunları üzrə yarış da təşkil ediləcək.

“Respublika”.