...bir də belə tanıyaq!
Maraqlı

...bir də belə tanıyaq!

Ağa Musa Nağıyev

Azərbaycan tarixində elə şəxsiyyətlər olub ki, onlar yaşadıqları dövr ərzində xalq, millət üçün çox böyük işlər görüblər. Uzun illər adının çəkilməsi yasaqlanan, amma hər zaman tarixin və qədirbilən insanların yaddaşlarında yaşayan, bir neçə dəfə məzarı dəyişdirilən, uşaq yaşlarında hambalçılıq edən, simicliyindən oğlunun ölümünə səbəb olan, samançının milyonçu oğlu, "Neft kralı" Musa Nağıyev kimi...

Ağa Musa Hacı Nağı oğlu Nağıyev Bakı quberniyasının Biləcəri kəndində olduqca kasıb bir ailədə anadan olub. Atası Nağı kişi saman satmaqla pul qazanıb. İbtidai təhsilini kənd mollaxanasında alan Musa uşaq yaşlarından əzab-əziyyətlə, sıxıntılarla üzləşib. Ayağına geyməyə ayaqqabı belə tapmayan gələcəyin milyonçusu 10 yaşından limanda ayaqyalın yük daşımağa başlayır. Sonralar əlinin qabarı, ayaqlarının döyənəkləri hesabına qazandığı pulu qəpik-qəpik toplayaraq kiçik bir torpaq sahəsi alır. Amma o zaman ağlına da gəlmirdi ki, bu bir parça torpaqda qazdırdığı quyudan su əvəzinə neft fontan vuracaq və bir müddət sonra onu Bakının ən iri neft maqnatlarından birinə çevirəcək. Tale doğrudan da onun üzünə bəxt qapılarını açırdı. Bibiheybət mədənlərində bir-birinin ardınca fontan vuran neft quyuları onu milyonçu edir.

Bir dəfə Ağa Musaya deyirlər ki, Zəngəzurda mis mədəni satırlar, onu alsan qazanarsan. Soruşur ki, "Mis nədir, o da neft kimi fontan vurur?". Təəccüblə cavab verirlər ki, "Mis də fontan vurar? Əlbəttə ki, yox!" cavabında Ağa Musa deyir: "Elə isə o mədən mənə lazım deyil. Mənimki fontandır. Atam, atam, qaranlıq yerin altında iynə ilə gor qaza-qaza mis axtarmaq karıma gəlməz". Milyonçu xeyriyyəçiliklə məşğul olsa da, onun xəsisliyi haqqında müxtəlif şayiələr də dolaşırdı. Hətta onu "xəsis Musa" adalandıranlar da vardı.

Deyilənə görə, bir gün Ağa Musa mədənə gələndə görür ki, kontorun yanında divar hörən bənnalar və fəhlələr nahar fasiləsinə çıxıblar, işə yaramayan taxtalardan ocaq qalayb söhbət edirlər. İş icraçısı papiros bükür, sonra kibritlə alışdırıb yandırır. Kənardan bu mənzərəni seyr edən Musa Nağıyev ona deyir: "Bala, sən sabahdan işə çıxma. Get kontora haqq-hesabını al". İş israçısı "Nəyə görə, Ağa Musa?" - deyə soruşduqda, Musa əsəbi halda belə cavab verir: "Qabağında o boyda ocaq ola-ola, papirosu kibritlə yandırırsan? Əgər sən öz malının qədrini bilmirsənsə, mənim malımın qədrini necə bilərsən?".

Bir dəfə isə İsmailiyyədə xeyriyyə tədbiri zamanı Musa Nağıyev məcməyiyə üç manat atır. Bunu görən H.Z.Tağıyevin həyat yoldaşı Sona xanım deyir: "Ağa Musa, oğlun məcməyiyə bir yüzlük atır, sən cəmi üç manat?". Ağa Musa cavab verir: "O mənim oğlumdur, milyonçu Musa Nağıyevin, mən isə saman satan Nağının oğluyam".

Rus-yapon müharibəsi vaxtı imiş. Bakı şəhər prokuroru Voronov cəbhəyə maddi yardım üçün varlılardan pul vəsaiti yığmaq istəyir. İlk olaraq Hacı Zeynalabdinə müraciət edir. Hacı 50 min rubl yardım edir. Sonra Ağa Musa Nağıyevin kontoruna gedirlər. Ağa Musa cəmi 50 rubl yardım edir. Voronov deyir: "Hacı Zeynalabdin 50 min rubl yardım etdi, siz isə 50 rubl?". Ağa Musa belə cavab verir: "Hacı dövlətlidir, mən isə ondan kasıbam". Voronov ondan pul qopara bilməyəcəyini görüb çıxıb gedir.

M.Nağıyev ortaboylu və orta çəkili biri olub. O, barmaqlarının uclarını xınaya salardı. Həmin zamanlar bu dəbdə idi. İnsanlarla dolu məkana daxil olanda, hamı ona hörmət əlaməti olaraq, ayağa qalxırdı. Hələ neft maqnatı olmadan öncə, Ruhiyyə xanımla ailə quran milyonçunun bu evlilikdən İsmayıl və Ummulbanu adlı iki övladı dünyaya gəlib. Sonralar tədbirlərin birində M.Nağıyev gürcü yəhudisi olan Yelizaveta Qriqoryevna ilə tanış olur. Onların arasında illərlə davam edən çox yaxın münasibət yaranır. Milyonçu qonaqlıqlara həmişə Yelizavetayla gedərdi. Özü də onu arvadı kimi təqdim edərdi, Ruhiyyəni isə xanımı - övladların anası adlandırardı. Ruhiyyə xanımın onların münasibətləri barədə xəbəri var idi.

Musa Nağıyevin qızı Ummulbanu ailə qurduqdan az müddət sonra doğuş zamanı dünyasını dəyişib. Oğlu İsmayıl isə vərəm xəstəliyindən vəfat edib. Nakam dünyasını dəyişən oğlunun xatirəsinə "İsmailiyyə" sarayını tikdirən milyonçu içində onun heykəlini də qoydurub. Deyilənlərə görə, oğlu İsmayıl vərəmə tutulanda həkim onun təcili İsveçrəyə aparılmasını məsləhət görür, bunun üçün isə 50 min rubl tələb olunduğunu bildirir. Milyonçu isə buna razı olmur. Sonradan oğlunun vəziyyəti pisləşəndə razılıq versə də, artıq gec olur...

Ömrünün son illərində bir çox ağrı-acılar yaşayan Musa Nağıyev 67 yaşında vəfat edir. Oğlunun yanında, Kərbalada dəfn edilməsini vəsiyyət etsə də, vəziyyət gərgin olduğundan bu mümkün olmur. Milyonçu Çəmbərəkəndə torpağa tapşırılsa da, sonradan qəbiristanlıq dağıdıldığı üçün onun məzarı Biləcəri qəbiristanlığına köçürülür.

Koko Şanel

Onun adı gələndə hər kəsin ağlına tərz, zəriflik, gözəllik gəlir. Azadlığı sevən sadə və bir o qədər də çalışqan olan bu xanım hələ sağlığında "moda aləminin filosofu", "dəb ikonası" adlandırılmışdı. Əsl adı Qabriel Bonhör (Gabrielle Bonheur) olsa da, dünya onu Koko Şanel (Coco Channel) kimi tanıyır...

Məşhur modelyer Fransanın Overni şəhərində dünyaya gəlmiş, yetimlər evində böyümüşdü. Əslində burada böyümüş bir qadının, bir gün dünyanın 4 yanına səs salacaq bir markanın yaradıcısı, qurucusu olacağı kimin ağlına gələ bilərdi ki? Çoxları hesab edir ki, məhz onun böyüdüyü gənc qızda böyük müvəffəqiyyətə nail olmaq arzusu oyadıb. 18 yaşı tamam olan Qabriel ilk işinə geyim dükanında satıcı vəzifəsinə düzələrək başlayır. Paralel olaraq, kabaredə müğənnilik edir. O, öz məşhur "Koko" təxəllüsünü də məhz kabaredə işləyərkən əldə etmişdi. Məsələ ondadır ki, Şanel ən çox iki mahnını ifa etməyi sevirdi: "Ko Ko Ri Ko" və "Qui qua vu Coco". Zahiri görünüş baxımından Şaneli heç də ən gözəl qadın adlandırmaq olmazdı, lakin buna baxmayaraq, onun kifayət qədər çox pərəstişkarı və sevigililəri vardı. Deyilənə görə, hətta Parisdəki "Chanel" adlı ilk geyim mağazasını da sevgililərindən biri - Artur Keypelin hesabına açmışdı. Mağaza qısa müddət ərzində yerli dəb həvəskarlarının rəğbətini qazanır. Şanelin dükanındakı kolleksiyalar həmin dövrün insanlarının moda haqqında təsəvvürlərindən tamamilə uzaq və fərqli idi. O vaxta qədər qadınlar korsetlərə və çox narahat ağır libaslar geyinməyə üstünlük verirdi. Şanel köhnəlmiş stereotipləri dəyişərək, zamanla Parisin moda Olimpinin ən yüksək zirvələrinə ucalır. Don-köynəklər, çimərlik geyimləri, qadın şalvarları bütün bunlar Şanelin əlinin zəhmətinin ilk nümunələridir. Əgər fikir vermisinizsə, Şanelin ziynət əşyalarında aslan fiqurundan tez-tez istifadə olunur. Bunun səbəbi modelyerin şir bürcü olmasından qaynaqlanır.

Sevgilisi Artur Keypelin faciəvi şəkildə avtomobil qəzasında həlak olmasından sonra daxilən yaralanan Koko qara parçaları gündəlik həyata gətirir. Şanelin ilk qara paltarı həmin dövrlərdən dəbə düşür. Donların uzunluğu dizə qədər idi. Dizlərilə bağlı onu deyək ki, Şanel onları qadın vücudunun ən yaraşıqsız hissəsi hesab edirdi. Onun sağlığında fabriklər qısa ətəkli paltarlar istehsal etmirdi.

"Chanel" moda evinin növbəti ən vacib məhsulu "Chanel №5" XX ərsin ən məşhur ətridir. Şanelin yeni sevgilisi Dmitriy Pavlovic Romanov onu məşhur ətriyyatçı Ernest Bo ilə tanış edir. Bir il gərgin əməkdən sonra, Ernest Bo Kokoya bir neçə variantda ətir təqdim edir, məxsusən "Qadın ətri gələn qadınlar" üçün tərtib edilmiş ətirlər. Şanel onların içərisindən beşinci variantı seçir. Bu gün də məşhur olan "Chanel №5" ətirləri məhz belə yaranır.

İkinci Dünya müharibəsi zamanı Şanel bütün mağazalarının fəaliyyətini dayandırmalı olur. Modelyerin yəhudilərdən və kommunizmdən nifrət etdiyi, alman xarici siyasətinə və Hitlerə dərin pərəstiş etdiyi deyilir. Müharibə ərəfəsində onun adı siyasi qalmaqallarda hallanır, almanlara casusluq etməsinə görə hətta həbs də olunur. Həbsdən isə onu Fransanı bir müddətlik tərk etmək şərtilə Uinston Çörçill çıxarır.

Koko Şanel heç vaxt ailə həyatı qurmayıb. Bu mövzuda ona sual verdikdə isə cavabı belə olub: "Bu günə qədər dünyada bir çox Vestminister hersoqinyası olmuşdur, amma bu dünyada yalnız bir Şanel var". Məşhur modelyer 88 yaşında Parisdəki evində tənhalıq içində dünyadan köçüb. Vəsiyyətinə əsasən onu vətəni Fransada yox, İsveçrədə dəfn ediblər. O, dünyasını dəyişərkən yanındakı qulluqçusuna son sözləri belə olub: "Bu, elə hissdir ki, sanki ölürsünüz...".

Hazırladı: Elenora HƏSƏNOVA,

"Respublika".