Dahiləri bir də belə tanıyaq!
Maraqlı

Dahiləri bir də belə tanıyaq!

Memar Sinan

Memarlıq tarixinə adı qızıl hərflərlə yazılan görkəmli sənətkar memar Sinan... Türk-İslam memarlığına misilsiz töhfələr bəxş edən bu sənətkarın müəllifi olduğu tikililər nəinki orta əsrlər intibah dövrünün, eləcə də müasir dünya arxitekturasının tacı hesab edilir. Memar yaratdığı şah əsərləri ilə yanaşı, daha çox Qanuni Sultan Süleymanın qızı Mihrimaha olan məhəbbəti və ona həsr etdiyi sirr dolu məscidi ilə yaddaşlarda qalıb...

Memar Sinanın (Sinanəddin Yusif Əbdulmənnan oğlu) təvəllüdü ilə bağlı dəqiq məlumat olmasa da, bəzi mənbələrdə onun 1489-cu ildə Anadoluda, Kayseri şəhəri yaxınlığındakı Ağrınəs kəndində anadan olduğu bildirilir. Mənbələrdə onun mənşəcə yunan olduğu, gənc yaşında könüllü şəkildə İslam dinini qəbul etdiyi qeyd edilir. 1512-ci ildə hərbi xidmətə çağırılmış, Yeniçərilər korpusunda, sultan sarayında xidmət etmişdir. Sonra memar-mühəndis təhsili almış, təhsilini başa vurduqdan sonra isə I Sultan Səlimlə birgə Rodos adasına hərbi yürüşdə iştirak etmişdir. Daha sonra Avstriya yürüşünə qatılmış, bu ərəfədə Sinanəddinə kapitan rütbəsi verilmişdir. Sultanın mühafizə xidmətinin rəisi kimi Bağdadda, sonra isə Van gölü ətrafında aparılan inşaat işlərində yaxından iştirak etmişdir.

Hərbi yürüşlər Sinanəddinin həyatında özünəməxsus iz buraxıb. Belə ki, hərbi yürüşlərin birində gözlənilməz bir hadisə baş verir. Moldova yürüşü zamanı ona Prut çayı üzərindən körpü salınması tapşırılır. Sultan bu işin mümkün qədər tez başa çatmasını istəyir. Sinanəddin dərhal işə başlayır və körpü sultanın müəyyən etdiyi vaxtdan 7 gün tez, 13 günə hazır olur. Körpü o qədər davamlı və keyfiyyətli inşa edilir ki, Sultan Süleyman buna görə Sinanəddinə şəxsən təşəkkür edir. Bundan sonra o, orduda Memar Sinan adı ilə tanınır. Sultanın diqqəti memarlar arasında Sinanın şöhrətini daha da artırır. O daha sonra Osmanlı sarayının baş memarı təyin edilir.

Əfsanəvi Osmanlı memarı Memar Sinan haqqında bir çox rəvayətlər, yarı uydurulmuş, yarıgerçək əhvalatlar bu gün də dildən-dilə dolaşır. Onlardan ən çox yadda qalanı Qanuni Sultan Süleymanın qızı Mihrimaha olan dillərə dastan sevgisi və onun şərəfinə layihələndirdiyi möcüzəli məsciddir.

Deyilənlərə görə, usta Memar Mihrimahı dəlicəsinə sevib. Lakin bu sevginin sonunun olmayacağını da bilib. Çünki sultan adi memarla qızının ailə qurmasına əsla izn verməyib.

Günlərin birində isə sultanın qızına olan sevgisini ona göstərmək üçün şans yaranır. Qeyd edək ki, Mihrimah adı fars dilində Mihr-gün və Mah isə ay deməkdir. Bunu bilən memar Sinan İstanbulun 7 təpəsi üzərində məscid tikilməsi əmrini alan kimi onu sevdiyi xanıma həsr etmək qərarına gəlir. Bunun üçün mükəmməl bir plan qurur. Birinci məscidi Üsküdarda, ikinci məscidi isə Ədirnəqapı deyilən hissədə inşa edir. Əsl sirr isə budur: o, məscidin inşa yerini elə planlayır ki, mart ayının 21-i günü qübbələrin birində gün batır, digərində isə ay çıxır. Elmdən də məlumdur ki, 21 mart - yaz gecə-gündüz bərabərliyidir. Günəş ekvatorda zenitdə (900) olur. Şimal və cənub yarımkürələri bərabər işıqlanır. Şimal yarımkürəsində yaz, cənub yarımkürəsində payız fəsli başlanır. Daha bir maraqlı məqam isə odur ki, sevdiyi sultan qızı Mihrimah məhz mart ayının 21-i dünyaya gəlib. Memar Sinanın sevgisi nakam olsa da tarixdə məscid eşq tikintisi adını alır.

Yeri gəlmişkən qeyd edək ki, memarın möcüzəli tikililərinin sirri onun kimya üzrə biliklərindən qaynaqlanıb. Belə ki, o materiallara deyil, komponentlərə önəm verib. Deyilənlərə görə, memar materialların davamlı olması üçün onların tərkibində ən çox kükürd və zülaldan istifadə edib.

Bəzi mənbələrdə Memar Sinanın 2 arvadı, 5 qızı, Mihri və Gülruh adlı 2 oğlunun olduğu bildirilir. Ömrünün ixtiyar çağında - 100 yaşında vəfat edən memar İstanbulda özünün tikdirdiyi Süleymaniyyə məscidinin yanında dəfn edilib.

 

Abbas Səhhət

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi şair, tərcüməçi Abbas Səhhət...Onu daha çox orta məktəb illərində oxuduğumuz "Vətənimdir" adlı şeiri ilə xatırlayırıq. Çoxlarımız onun tərcümeyi-halı ilə bağlı bir o qədər də geniş məlumata sahib deyilik. Yalnız Şamaxıda doğulduğunu, Azərbaycanın ilk ali təhsilli həkimlərindən olduğunu, məktəblilər üçün şeir yazdığını və vəba xəstəliyindən dünyasını dəyişdiyini bilirik. Bəs bu böyük mütəfəkkirin hansı şəraitdə öldüyündən xəbəriniz varmı? Çox qısa illik ömrünü başdan-başa faciələr içərisində yaşayan şairin ermənilər tərəfindən evinin yandırıldığını, günlərlə ac-susuz qaldığını, ailə üzvlərinin hamısını itirdiyini bilirdinizmi?..

Abbas Əliabbas oğlu Mehdizadə Şamaxıda ruhani ailəsində dünyaya göz açıb. Tehran Universitetinin tibb fakültəsini bitirən və rus, ərəb, fars və fransız dillərini mükəmməl bilən gənc şair Şamaxıda həkimlik etməklə yanaşı, məktəblərdə Azərbaycan dilindən də dərs deyib. İxtisasca həkim olduğu üçün "Səhhət" təxəllüsündən istifadə edib.

Sadə, namuslu və istedadlı bir insan olan A.Səhhət fövqəladə bir hafizəyə və dərin biliyə sahib idi. Maraqlı dərs təcrübəsinə malik olan müəllim daima tələbələri tərəfindən sevilərdi. Bir dəfə ondan "siz həkimsiniz, niyə uzun illərdir müəllimlik edirsiniz?", - deyə soruşublar. O isə belə cavab verib: "Mən müəllimlik etməklə xalqımın ən ağır xəstəliyini, onun savadsızlığını müalicə edirəm...".

Günlərin biri Şamaxıda, maddi vəsait olmadığı üçün 7-ci sinifdə oxuyacaq uşaqlara kömək etmək məqsədilə Abbas Səhhət bir neçə nəfərlə ətraf kəndlərdən xeyli pul toplayıb, geri dönəndə, Şərididən meşəliyində 4 nəfər əli tüfəngli onların yolunu kəsir, faytondan düşürürlər. Səhhət deyir: "Bu saat biz sizin ixtiyarınızdayıq. Siz nə cür istəsəniz, elə də bizimlə rəftar edə bilərsiniz. Ancaq bir neçə kəlmə sözüm var, icazə verin, onu sizə deyim". Səhhət kim olduqlarını, nə məqsədlə kəndləri dolaşdıqlarını söyləyir və deyir: "O iş üçün ki, biz çıxmışıq, onda şəxsən nə mənim xeyrim var, nə də yoldaşlarımın. Mən həkiməm, yoldaşlarım daha hörmətli adamlardır. Bizim çalışmağımız ancaq körpə balalardan, sənin, onun uşağından ötrüdür. Biz istəyirik onlar oxuyub elmli olsunlar, elin-obanın dərdinə qalıb onlara kömək edə bilsinlər. İndi baxın, fikirləşin, bizimlə nə cür rəftar etmək istəyirsiniz, ixtiyar sizindir". Səhhətin sözündən sonra tüfənglilərin başçısı utancaq halda söyləyir: "Həkim, bu sözləriniz bizə kifayətdir. Üzr istəyirik, yolunuzu davam edin".

Deyilənlərə görə, şair Mirzə Ələkbər Sabir ilə yaxın dost olub. Hər ikisinin Şamaxıda yaşamağı bu dostluğun güclənməsində böyük rol oynayıb. Onlar bəzən birlikdə Bakıya da gəliblər.

Abbas Səhhətin ölümünə səbəb tək aclıq, səfalət və vəba xəstəliyi deyil, 1918-ci ildə bolşeviklərin törətdikləri qətliam idi. Ermənilərin 1918-ci ildə Bakıda törətdikləri qırğınlar Şamaxıda təkrarlandı, 7 min dinc insan qətlə yetirildi. Bu qanlı qırğınlar zamanı Abbas Səhhətin evinə də od vuruldu. Şair əlyazmalarını belə götürməyə macal tapmadı. Ailəsi ilə birgə Gəncəyə üz tutdu. Qana susamış erməni-bolşevik silahlıları onları yolda yaxalayıb əmanətlərini, azuqələrini əllərindən aldılar.

Ermənilərin zülmündən sonra psixoloji gərginlik keçirən, vəba xəstəliyinə düçar olan 44 yaşlı Abbas Səhhət 40 gün yataqda qalmış, səfalət və yoxsulluq içərisində insultdan dünyasını dəyişmişdir. Ağlamaqdan gözünün nurunu itirmiş şairin atası Gəncənin Səbiskar qəbiristanlığında, - oğlunun qəbrini ziyarət edən zaman çuxura yıxılır, təəssüf ki, onun köməyinə gələn olmur, elə quyudaca canını tapşırır, digər ailə üzvləri isə vəbadan ölürlər. Səhhətin ölüm səbəbi kimi məzarı da uzun müddət naməlum qalır.

Nəhayət, illər sonra ədəbiyyatşünas-alim Ə.Səidzadə şairin məzarının axtarışına çıxır və onun dəfn olunduğu yeri tapır. Onun rəhbərliyi və ictimai təşkilatların yardımı ilə həmin yerə məzar daşı qoyulur. Sonralar isə onun məzarı Gəncənin Sahil bağına köçürülür, şairə büst qoyulur...

 

Ernest Seton-Tompson

Onun roman və hekayələri ilə ilk dəfə tanış olanların çoxu onu uşaq yazıçısı hesab edirlər. Çünki əsərlərinin hamısı vəhşi təbiətə, ecazkar meşələrə və orada heyvanlara, quşlara həsr olunub. Həm romanları, həm də hekayələri meşə sakinlərinin həyatından, sirli davranışlarından, bir-biri və insanlarla münasibətlərindən, hiss və həyəcanlarından bəhs edir. Söhbət kanadalı yazıçı Ernest Seton-Tompsondan gedir...

Böyük Britaniyanın kiçik Saund-Şilds şəhərində İngiltərənin sonradan müflisləşən qədim zadəgan nəsillərindən birində - Seton ailəsində dünyaya göz açan Ernestin vəhşi təbiətlə, yaşıl meşələr, boz çöllərlə tanışlığı erkən yaşlarına təsadüf edir. İngiltərədə gəmiçi işləyən atasının maddi sıxıntıları yarandığı üçün Ernestin 6 yaşı olarkən ailəsi Kanadaya köçür. On uşaqlı ailənin başçısı burada fermerliklə məşğul olur. Balaca Ernest də daxil olmaqla bütün qardaşlar təsərrüfat işlərində atalarına kömək edirlər. Yazıçı romanında hər gün qulluq etməli olduğu inəklərdən danışır, təbiətlə ilk tanışlığını bu inəklərə bağlayır. Amma nədənsə, heç zaman onlara qarşı xüsusi sevgi bəsləmir. Əvəzində meşəni, xüsusən quşları sevir. Təsərrüfatdakı işlərindən artıq qalan zamanını qardaşları ilə birgə meşəni gəzməyə, burada müxtəlif oyunlar oynamağa sərf edən Ernest təbiətin dilini çox tez anlamağa başlayır. Bəlkə də onu təbiətə yönəldən məsələlərdən biri də ailədəki vəziyyətinin heç də normal olmaması idi. O, özünün də etiraf etdiyi kimi, atasıyla heç cürə dil tapa bilmir, yaxşı yola getmirdi. Buna görə də meşə həm də bir növ onun evdən qaçış məkanı idi. Getdikcə gününün daha çox hissəsini burada keçirir, buranı artıq özünün əsl evi hesab edirdi. Seton atası haqda sonralar belə deyirdi: "tarixdə və ya bədii ədəbiyyatda tanıdığım, yaxud eşitdiyim ən eqoist insandır". Hətta deyilənlərə görə, yazıçı atasının ona çəkdiyi bütün xərcləri, o cümlədən onun doğuşu üçün həkim haqqı da daxil olmaqla, müəyyən məbləğdə pul ödədikdən sonra onunla əlaqələri tamamilə kəsibmiş.

Tompsonun şəxsi həyatı da çox uğurlu olmayıb. Onun Qreys Qalli ilə qurduğu ilk ailəsindən qızı Enn doğulur. Sonralar atasının yazıçılıq yolunu nisbətən davam etdirən Enn, Ani Siton təxəllüsü ilə yazdığı hərbi bestsellərlə şöhrət qazanır. Lakin 40 illik izdivac boşanma ilə nəticələnir və yazıçı Culiya Batri ilə ailə qurur. Ədəbi fəaliyyətlə maraqlanan və ərinə bu yolda çox böyük dəstək göstərən Culiya ilə evlilikdən uşaqları olmur və cütlük sonralar Byula adlı yeddiyaşlı qız uşağını övladlığa götürür.

Xeyli ömür sürən yazıçı 86 yaşında Nyu Meksiko ştatının Seton kəndində qocalıq səbəbindən vəfat edib. Onun nəşi kremasiya edilmiş və illər sonra külü Nyu Meksiko təpələrinə səpilmişdir.

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".