Diqqət və qayğı daimidir
Sosial həyat

Diqqət və qayğı daimidir

Şəhid kapitan Həmid Həmidlinin ailəsi ölkə başçısına minnətdarlığını bildirir

Ölkəmizin ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərin ailələrinə, əlillərə və müharibə veteranlarına yüksək diqqət və qayğı göstərilməsi hər zaman dövlət siyasətinin əsasını təşkil edib. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və nəzarətində olan bu məsələ ilə bağlı ən ali səviyyədə müvafiq göstərişlər verilir və bu kateqoriyadan olan insanların problemlərinin həlli istiqamətində mühüm tədbirlər həyata keçirilir.

Azərbaycan Prezidenti İlham Əliyevin 2019-cu il yanvarın 28-də Prezident Sarayında şəhid ailələri ilə görüşü cəmiyyətdə və şəhid ailələri arasında böyük ruh yüksəkliyi ilə qarşılanıb. Diqqət və qayğıya daha çox ehtiyac duyan ailələr ölkə rəhbərliyinin onlara göstərdiyi diqqəti yüksək qiymətləndiriblər.

Şəhid ailələrinin nümayəndələri ilə həmin görüşdə iştirak etmiş şəhid kapitan Həmidli Həmid Əlisahib oğlunun anası Könül Vəliyeva redaksiyamıza ünvanladığı müraciətində Prezident İlham Əliyevə, Mehriban xanım Əliyevaya göstərilən diqqət və qayğıya görə öz dərin minnətdarlığını ifadə edib. Müraciətdə deyilir: "Sizin biz şəhid analarına göstərdiyiniz qayğının davamı olaraq 2024-cü il mayın 29-da Gəncədə bəstəkar Svetlana Hüseynovanın şairə Rəsmiyyə Qocayevanın sözlərinə yazdığı, şəhid övladım Həmidli Həmidə ithaf olunmuş mahnının təqdimat mərasimində iştirak etmək üçün dəvət aldım. Gəncə Dövlət Filarmoniyasında keçirilən tədbirdə Həmidin həyat yoldaşı Günay, övladları, qızı Könül, oğlu Əli, həyat yoldaşım Əlisahiblə birgə iştirak etdik. Burada təşkil olunmuş guşədə oğlum haqqında toplanmış material hamının diqqətini cəlb etdi. Azyaşlı nəvəm Könülün atasının şəklini götürüb sinəsinə basması bütün tədbir iştirakçılarını kövrəltdi. Ürəkləri ehtizaza gətirən mahnı isə hər kəsi göz yaşına qərq etdi. Mən vətənimizin bütövlüyü uğrunda 2023-cü ilin sentyabrında keçirilən antiterror tədbirlərində Xocavənd rayonunda şəhid olmuş 27 yaşlı oğlum kapitan Həmid Həmidlinin xatirəsini əziz tutduqları üçün tədbirin təşkilatçılarına minnətdaram.

Hörmətli Prezident, Ali Baş Komandan! Gəncədə keçirilən bu tədbir mənə Sizin iştirakınızla 2019-cu il yanvarın 28-də keçirilən tədbiri xatırlatdı. Sizə və Mehriban xanıma şəhid ailələrinə göstərdiyiniz qayğıya görə minnətdaram.

Keçirilən tədbirə görə Gəncə Şəhər Ağsaqqallar Şurasına, Gəncə Şəhər İcra Hakimiyyətinə, şairə Rəsmiyə Qocayevaya, bəstəkar Svetlana Hüseynovaya öz minnətdarlığımı bildirmək istəyirəm".

Mustafa KAMAL,

"Respublika".