Azərbaycan dünya mediasında
Siyasət

Azərbaycan dünya mediasında

"Politico": Aİ Azərbaycana müraciət edib

"Politico" Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevə istinadən məlumat paylaşıb.

Bildirilib ki, Avropa rəsmiləri Azərbaycana Ukrayna ərazisindən keçən və hazırda Rusiya qazı nəql edilən kəmərlə qaz nəqli həyata keçirməsi üçün sxem təqdim edib.

"Aİ və tranzit ölkələr tərəfindən Azərbaycanla əlaqə saxlanılıb və biz bu məsələ barəsində danışırıq… Hazırda biz bu prosesə necə töhfə verə biləcəyimizə dair müxtəlif variantları nəzərdən keçiririk… Mən zaman çərçivəsi qoymaqdan çəkinərdim, amma müraciət olub və biz bunu ciddi qəbul etmişik, çünki bu, Avropanın enerji təhlükəsizliyi məsələsidir", - deyə Hikmət Hacıyev bildirib.

"Anadolu Agentliyi": Sərhəd bölgəsində təhlükəsizliyi gücləndirmək üçün təlim

Azərbaycan və İran Silahlı Qüvvələrinin xüsusi təyinatlı bölmələri İranın Qərbi Azərbaycan əyalətində birgə anti-terror təlimləri keçiriblər.

Türkiyənin "Anadolu Agentliyi" bu barədə yazı dərc edib. Xəbərdə bildirilib ki, İslam Respublikası Ordusunun Quru Qoşunları komandanının müavini, general-mayor Kərim Çeşak bu haqda məlumat verib. General-mayor qeyd edib ki, pilotsuz uçuş aparatları və helikopterlərin iştirakı ilə keçirilən təlim kəşfiyyat və sərhəd patrul əməliyyatları, pusquların təşkili, artilleriya və hava zərbələrinin tətbiqi ilə bağlı dörd mərhələdən ibarət olub.

"Vestnik Kavkaza": İtaliyaya qaz tədarükü artırılıb

İtaliya Azərbaycandan təbii qaz idxalını illik hesablamada 2,6 faiz artırıb. "Vestnik Kavkaza" xəbər verir ki, bu barədə "Eurostat" bildirib.

2024-cü ilin mart ayında İtaliya Azərbaycandan 485,1 milyon kubmetr qaz idxal edib, 2023-cü ilin mart ayında isə bu göstərici 473 milyon kubmetr olub.

Qeyd edək ki, Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycan qazının Avropaya nəqli 2020-ci il dekabrın 31-də başlayıb. Dəhliz vasitəsilə qaz Xəzər regionundan Gürcüstan və Türkiyə vasitəsilə Avropa ölkələrinə nəql olunur.

"Moscow-Baku": COP29 ərəfəsində Kolumbiya və Səudiyyə Ərəbistanının nümayəndələri ilə görüş keçirilib

"Moscow-Baku" yazır ki, Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq çərçivəsində Kolumbiya və Səudiyyə Ərəbistanının nümayəndələri ilə görüş keçirib. Bu barədə COP29-un "X" sosial şəbəkəsindəki hesabında paylaşım edilib. Qeyd olunub ki, görüşdə sinerji və davamlı inkişaf üçün COP29-a hazırlıq çərçivəsində müzakirələr aparılıb.

"XPRIMM": Azərbaycanın sığorta bazarına böyük dəstək

Azərbaycan Respublikası Mərkəzi Bankının sədri Taleh Kazımov Azərbaycan Sığortaçılar Assosiasiyası və "XPRIMM"in təşkilatçılığı, Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi dəstəyi ilə keçirilən IIF 2024 - Azərbaycan Beynəlxalq Sığorta Forumunda çıxış edəcək.

"XPRIMM" xəbər saytı yazır ki, Konfransda Azərbaycan Respublikası Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili və Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev çıxış edəcəklər. Onların təqdimatında Azərbaycan sığorta bazarının cari vəziyyəti və perspektivləri, onun yerli iqtisadiyyatda və əhalinin müdafiəsində rolu haqqında qısa məlumat özünə yer alır.

Qeyd olunub ki, Azərbaycan sığortaçılarının böyük bir qrupu bu konfransı dəstəkləyir.

"Respublika".