Vladimir Putin Türkiyə Prezidentinin nüfuzunun Qəzza sektorunda münaqişənin həllinə kömək edəcəyinə ümid edir
Siyasət

Vladimir Putin Türkiyə Prezidentinin nüfuzunun Qəzza sektorunda münaqişənin həllinə kömək edəcəyinə ümid edir

Vladimir Putin ümid edir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dünyadakı nüfuzu Qəzza zolağında münaqişənin həllinə kömək edəcək.

"Respublika" "AZƏRTAC"-a istinadla xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Sankt-Peterburqda dünya xəbər agentliklərinin rəhbərləri ilə görüşündə Türkiyənin Anadolu agentliyinin nümayəndəsinin sualını cavablandırarkən deyib.

V.Putin vurğulayıb ki, Fələstin probleminin həlli, ilk növbədə, BMT-nin qətnaməsində nəzərdə tutulduğu kimi – iki dövlətin yaradılması ilə mümkündür. O əlavə edib: “Bu ərazidə iki dövlət yaradın - Fələstin dövləti və yəhudi dövləti. Ona görə də əsas məsələləri həll etmədən, münaqişənin mahiyyəti üzrə həllinin çətin olacağını hesab edirəm”.

Rusiya Prezidenti Fələstin probleminin həllində Türkiyənin dövlət başçısının rolunu xüsusi qeyd edib. “Biz bilirik ki, Prezident Ərdoğan çox kəskin və uzun müddətdir davam edən bu problemi həll etmək üçün çox səy göstərir. Prezident Ərdoğanın bölgədə, dünyada və İslam dünyasındakı nüfuzunu nəzərə alsaq, onun bu məsələyə töhfəsinin olacağına çox ümid edirik. Biz də, öz növbəmizdə, İsrail dövləti ilə son onilliklərdə inkişaf etmiş münasibətlərimizi nəzərə alaraq, vəziyyəti nizama salmaq üçün Rusiyadan asılı olan hər şeyi etməyə hazırıq”, - deyə o əlavə edib.

Türkiyədə qaz qovşağının tikintisi ilə bağlı sualı cavablandıran V.Putin deyib: “Bu, sadəcə bir stansiya deyil, Türkiyənin iqtisadiyyatının və enerji sektorunun yeni qoludur. Prezident Ərdoğan belə bir strateji seçim etdi, məncə, çox düzgün seçimdir. Bu, həm də karbohidrogenlərdən asılılıqdan qurtulmağa imkan verir. Mən nə deyə bilərəm? Bizim çox etibarlı tərəfdaşlığımız var”, - deyə Rusiya dövlətinin başçısı bildirib.

O əlavə edib ki, ilk növbədə, Türkiyədəki qaz qovşağı birinci mərhələdə qazın Avropaya tədarükü üçün elektron platformadır.