Milli birlik növbəti dəfə qalib gələcək
Siyasət

Milli birlik növbəti dəfə qalib gələcək

Ölkəmiz artıq Cənubi Qafqazda yeni reallıqlar yaradıb. Regionda diktə edən tərəf bizik. Növbədənkənar Prezident seçkilərinə bu nida altında gedirik. Bununla yanaşı, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tam bərpasından sonra növbədənkənar prezident seçkilərinin keçirilməsi postsovet məkanında bir ilkdir.

Cənab Prezident İlham Əliyev 2018-ci il prezident seçkilərində Azərbaycanın qarşısında duran əsas hədəfləri elan etmişdi. Artıq 2023-cü ilin sonunda əminliklə qeyd edə bilərik ki, ölkə başçımızın liderliyi ilə bütün missiyalar uğurla yerinə yetirilib. Ən əsası odur ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etdi. Ardınca isə 2023-cü ildə lokal xarakterli antiterror tədbirləri ilə suverenliyimiz tam bərpa olundu. Müstəqil Azərbaycanın tarixində ilk dəfə belə seçkilər keçiriləcək. Şübhəsiz ki, bundan sonra da Azərbaycanda inkişaf strategiyası üçün yeni islahatlar həyata keçiriləcəkdir. Dövlətimizin böyük hədəfləri var və bu kontekstdə növbədənkənar Prezident seçkilərinin önəmi böyükdür.

Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq bizim altı ali konstitusion niyyətimizdən biridir. Biz müstəqilliyimizin 30-cu ilində nəhayət, bəyan edə bilirik ki, Azərbaycan müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü tam təmin etmiş dövlətdir və tariximizdə ilk dəfə beynəlxalq hüquqla tanınan ərazi bütövlüyümüz çərçivəsində seçki keçirməyə hazırlaşırıq. Bu mənada, fevralın 7-nə müəyyənləşən seçkilər qürur tariximizin mühüm bir həlqəsi olacaq.

Biz dünyaya belə bir sivil model göstəririk ki, qalibiyyət sadəcə hərbi eyforiya ilə məhdudlaşmır. Məhz bu zaman milli nailiyyət əldə edilir. Seçkilərdən sonra Azərbaycanda milli birlik növbəti dəfə qalib gələcək və ölkəmiz daha da inkişaf edəcək.     

Tural İSMAYILOV,

siyasi şərhçi.