Beynəlxalq təşkilatlar da Ağdam-Xankəndi yolunu dəstəkləyir
Diaspora

Beynəlxalq təşkilatlar da Ağdam-Xankəndi yolunu dəstəkləyir

İşğaldan azad olunmuş ərazilərdə quruculuq işlərinin intensivliyi artır. Məlumdur ki, məğlub Ermənistan Laçın-Xankəndi yolunu manipulyasiya predmetinə çevirib. Postmüharibə mərhələsində respublikamız erməni əhalinin Laçın-Xankəndi yolu vasitəsilə sərbəst gedib-gəlməsinə bütün şəraiti təmin etmişdi. Amma Ermənistan bundan sui-istifadə edərək bəhs olunan marşrutdan respublikamızın ərazisinə silah-sursat, minalar daşınmasını həyata keçirirdi.

Azərbaycanın Xankəndiyə humanitar yüklərin daşınması üçün Ağdam-Xankəndi yolunu təklif etməsi ölkəmizin öz suverenliyini, milli maraqlarını qətiyyətlə qorumasını əks etdirir. Qarabağda yaşayan erməni sakinlərin hüquqlarının qorunmasına Azərbaycan Konstitusiyası ilə hər cür təminatlar verilir.

Ağdam-Xankəndi marşrutundan istifadə olunması reinteqrasiya proseslərini də sürətləndirəcək. Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatı da daxil olmaqla, bir çox beynəlxalq təşkilat Ağdam-Əsgəran-Xankəndi yolunun humanitar məqsədlər üçün istifadəsini dəstəkləyirlər.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, deputat Elman NƏsirov bildirib ki, Ermənistan, onun siyasi və hərbi rəhbərliyi Azərbaycana qarşı ərazi iddiaları ilə bağlı "B" planını işə salıb: "B" planının mahiyyəti Qarabağda yaşayan ermənilərə ən yüksək humanist, muxtariyyət statusu əldə etmək və bundan sonra isə beynəlxalq protektoratı altında həmin muxtariyyətin mövcudluğunu təmin etmək, Qarabağda Azərbaycanın suverenliyini tam məhdudlaşdırmaq, beynəlxalq təşkilatların nəzarəti altında həmin muxtariyyətin fəaliyyətini təmin etməkdən ibarətdir. Bu niyyətin baş tutması üçün Qarabağda yaşayan ermənilərin miskin gündə olması, onların ac, susuz qalması, humanitar böhran yaşaması, gündəlik tələbat mallarına ehtiyaclarının ödənilməməsi və bu baxımdan aclıq keçirmələri kimi məsələlərin qabardılması əsas niyyətdir. Yəni bu dezinformasiyanı hazırlamaq və yaymaq, beynəlxalq ictimaiyyətə çatdırmaq əsas hədəfdir. Çünki bunu etdikdə günahkar Azərbaycan göstərilir və belə olan vəziyyətdə heç bir etimad mühitindən söhbət gedə bilmir. Nəticədə Qarabağ ermənilərinin Azərbaycana inteqrasiyası baş tutmur.

Baxmayaraq ki, heç bir humanitar böhran yoxdur, Azərbaycan tərəfi Qarabağda yaşayan ermənilərin humanitar məsələlərinin, istənilən problemlərinin həllinə hazırdır. Bu məqsəd üçün də dövlətimiz alternativ olaraq, Ağdam-Xankəndi yolunu təqdim edib və nəzərə alsaq ki, iyul ayının 15-də Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan siyasi liderlərinin görüşü keçirilmişdi və razılıq əldə edilmişdi ki, Ağdam-Xankəndi yolu ilə humanitar yüklərin daşınması reallaşdırılsın. Ermənistan bundan da imtina etdi. Onlar bu qondarma məsələni BMT Təhlükəsizlik Şurasına çıxardı, orada da məğlubiyyətə düçar oldu. İndi də Fransanın vasitəsilə yenidən bu məsələni Laçın yolu boyunda guya humanitar böhranın yaranması və Xankəndidə yaşayan ermənilərin guya ac, susuz qalması kimi iftiralarını yenə də BMT Təhlükəsizlik Şurasına çıxarmaq istəyirlər. Bu dəfə anti-Azərbaycan qətnaməsinin qəbuluna çalışırlar. Paralel şəkildə isə, separatçılar Ermənistan-Azərbaycan şərti sərhədində hərbi təxribatlara imza atırlar.

Bütün bunlar dediyim kimi, bir məqsədə xidmət edir. Ermənistan "B" planını həyata keçirmək istəyir. Bu isə qeyri-mümkündür. Azərbaycan Prezidenti İlham Əliyevin bu məsələlərlə bağlı çox qətiyyətli, dəyişməz və prinsipial mövqeyi var".

Nuranə DAXİLQIZI,

"Respublika".