Azərbaycan dünya mediasında
Diaspora

Azərbaycan dünya mediasında

"Baykartech": Azərbaycan "Akıncı" üçün yeni müəssisələr açır

"Baykartech" yazır ki, Azərbaycan yeni "Akıncı" hücum pilotsuz uçan aparatları üçün təlim obyekti açıb. Fevralın 9-da Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və oğlu Heydər Əliyev Hərbi Hava Qüvvələrinin hərbi obyektlərində olub və silahlanmaya yeni qəbul edilən "Akıncı" hücum PUA-larının uçuşunu izləyiblər. Akıncının istehsalçısı, Baykarın baş texnologiya direktoru Selçuq Bayraktar həmin görüntüləri "X" hesabında paylaşıb. Qeyd edək ki, "Akıncı" "TB2"nin 700 kiloqramı (1543 funt) ilə müqayisədə maksimum uçuş çəkisi 6000 kiloqram (12,228 funt) olan, yüksək hündürlükdə, uzun müddət dayanan pilotsuz uçuş aparatıdır. "Akıncı"nın 1500 kiloqramlıq yükü TB2dən 10 dəfə böyükdür. "Akıncı" "TB2"dən daha yüksək, maksimum 30.000-40.000 fut yüksəklikdə uça bilir, həmçinin MAM-L, MAM-C, Cirit, L-UMTAS, Bozok, SOM-A və Mark 81/82/83 bomba seriyası da daxil olmaqla, müxtəlif növ sursat və raketlərdən istifadə edir.

"NEWS.MC": Monako Şahzadəsi II Albert Azərbaycanın Fransadakı və Monako Knyazlığındakı səfiri ilə görüşüb

Azərbaycanın Fransadakı və Monako Knyazlığındakı səfiri Leyla Abdullayeva etimadnaməsini Monako Şahzadəsi II Albertə təqdim edib.

Bu barədə "Monaco Daily News" xəbər saytı məlumat yayıb. Səfir Leyla Abdullayeva Prezident İlham Əliyevin salamlarını Şahzadə II Albertə çatdırıb. Diplomat Monako Şahzadəsinə Azərbaycan torpaqları işğaldan azad edildikdən sonra aparılan quruculuq işləri və inkişaf strategiyası barədə məlumat verib. İkitərəfli əlaqələrə toxunan L.Abdullayeva ölkəsinin əlaqələrin inkişafında maraqlı olduğunu və bu istiqamətdə böyük potensialın mövcudluğunu vurğulayıb. Görüşdə, həmçinin ikitərəfli münasibətlərin gələcəkdə daha da inkişaf etdirilməsinin vacibliyi qeyd edilib.

Monako Şahzadəsi II Albert diplomatdan Azərbaycan Prezidenti İlham Əliyevə səmimi salamlarını, dostluq və xoş arzularını çatdırmağı xahiş edib. Monako şahzadəsi iki ölkə arasında əlaqələrin inkişafının artırılmasında maraqlı olduğunu bildirib.

"Hellenic Shipping News": BP yanvar ayında Azərbaycandan 1,4 milyon ton neft hasil edib

"Hellenic Shipping News" saytı Azərbaycan Respublikası energetika nazirinin səlahiyyətlərini icra edən Pərviz Şahbazova istinad edərək xəbər verir ki, Böyük Britaniyanın neft-qaz şirkəti BP yanvar ayı ərzində Azərbaycanda 1,4 milyon metrik ton neft hasil edib.

"BNN Breaking": Azərbaycan və Keniya hüquqi yardım və potensialın artırılması sahəsində əlaqələri gücləndirir

"BNN Breaking" xəbər saytı məlumat verir ki, Azərbaycan və Keniya qarşılıqlı hüquqi yardıma, korrupsiyaya qarşı mübarizəyə və hüquq-mühafizə orqanları üçün birgə təlimlərə diqqət yetirərək əməkdaşlığın yeni mərhələsinə qədəm qoyurlar. Hər iki dövlət təcrübə və resursları paylaşaraq daha təhlükəsiz dünya qurmağı hədəfləyir.

Səfir Sultan Hacıyevin Keniyanın baş prokuroru Renson Mulele İnqonqa ilə görüşü zamanı Azərbaycan-Keniya münasibətləri haqqında geniş müzakirələr aparılıb. 14 fevral 2024-cü ildə Nayrobinin mərkəzində keçirilən görüşdə əlaqələri gücləndirmək və kritik məsələlərdə əməkdaşlıq etmək istəyən iki ölkənin gələcək perspektivləri müəyyənləşdirilib.

"Eu news": İnsidentin baş verdiyi gündə Ermənistan-Aİ tərəfdaşlığı gündəmə gətirilib

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Avropa İttifaqının (Aİ) Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozep Borrellə görüşüb.

Bu barədə "Eu news" nəşri məlumat yayıb. Bildirilib ki, toplantı Avropa İttifaqı-Ermənistan Əməkdaşlıq Şurasının iclasından əvvəl Belçikanın paytaxtı Brüsseldə baş tutub. İrəvanın XİN rəhbəri regiondakı son vəziyyət barədə Avropa İttifaqının ali nümayəndəsini məlumatlandırıb. Borrellin Mirzoyana ilk sualı isə maraqla qarşılanıb. Avropa rəsmisi İrəvan nümayəndəsi ilə salamlaşan zaman sərhəddə baş verən insidenti nəzərdə tutaraq "Yenə də problemimiz var, hə?" sualını ünvanlayıb. Mirzoyan da buna "Təəssüf ki, bəli" cavabını verib. Daha sonra tərəflər Azərbaycan-Ermənistan şərti sərhədində yerləşən Nerkin-hand istiqamətdə baş verən silahlı qarşıdurmanı müzakirə ediblər. Ölkəsinin Azərbaycana göndərdiyi minalanmış torpaq xəritələrinə də toxunan Mirzoyan bildirib ki, o, Aİ-nin bu formulyarların düzgünlüyünü təsdiq etməsini istəyir.

Nümayəndələr ikitərəfli əməkdaşlıqda son nailiyyətlərə və fəal işləyə biləcəkləri perspektivlərə də nəzər salıblar. Borrell ölkədə həyata keçirilən islahatlardan, o cümlədən Ermənistanın Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunu ratifikasiya edərək BCM-ə rəsmi üzv olmasından məmnun olduğunu bildirib və müdafiə, iqtisadiyyat, xarici əlaqələr sahələrində əməkdaşlıq mesajı verib. İrəvanın Qərbin bütün şərtlərini yerinə yetirdiyini deyən Mirzoyan isə Avropa İttifaqı ilə viza rejiminin liberallaşdırılması üzrə danışıqlara başlamağın vacibliyini vurğulayıb.

"Respublika".