Azərbaycan dünya mediasında
Diaspora

Azərbaycan dünya mediasında

İsrael National News: İsrail-Azərbaycan müttəfiqliyi: fayda və riskləri balanslaşdırmaq

1992-ci ildən ilk qeyri-müsəlman ölkə olaraq İsrailin Azərbaycanın müstəqilliyini tanımasından sonra iki ölkə arasında əlaqələr getdikcə möhkəmləndi.

Bu barədə İsrael National News saytı məlumat yayıb.

Bu münasibətlərin həm İsrail, həm də Azərbaycan üçün üstünlükləri çoxdur. İsrailin Azərbaycanla hərbi sahədə əməkdaşlığı İsrail şirkətlərinə milyardlarla dollar qazandırıb, Azərbaycan isə İsrail üçün əsas neft və qaz təchizatçısı rolunu oynayıb. Bundan əlavə, kənd təsərrüfatı, İT xidmətləri və istehsal da daxil olmaqla, müxtəlif sektorlarda biznes təşəbbüsləri və investisiyalar qarşılıqlı fayda verib. Təhlükəsizlik və geostrateji baxımdan İsrail-Azərbaycan müttəfiqliyi mühüm əhəmiyyət kəsb edir.

 

BNN Network: Ukrayna Prezidenti Azərbaycana təşəkkür etdi

BNN Network xəbər saytı Ukrayna Prezidenti Volodimir Zelenskinin Ukraynada davam edən enerji böhranı zamanı göstərdiyi humanitar dəstəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür etməsi barədə məlumat yayımlayıb. Ukrayna lideri bu barədə öz şəxsi tviter hesabında bildirib. "Ukraynanın ehtiyacları üçün enerji avadanlığının alınmasına görə yardımın ayrılması qərarını alqışlayıram. Dost Azərbaycanın bu dəstəyi davamlı hücumlar qarşısında Ukraynanın enerji kompleksinin sabitliyini təmin etmək üçün vacibdir. Enerji sistemini qışa hazırlamaq üçün tərəfdaşlarımızla fəal işləməyə davam edirik", - deyə Zelenski qeyd edib.

Qeyd edək ki, Prezident İlham Əliyev "Ukraynaya humanitar yardım göstərilməsi məqsədilə Azərbaycan Respublikasının Energetika Nazirliyinə vəsait ayrılması haqqında" Sərəncam imzalamışdı. Həmin Sərəncamla Ukraynaya humanitar yardımın göstərilməsi məqsədilə elektrik avadanlığının satın alınması və göndərilməsi üçün Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Energetika Nazirliyinə 7,6 milyon (yeddi milyon altı yüz min) ABŞ dollarının manat ekvivalentində vəsait ayrılıb.

 

Asia Pasific: Azərbaycan Ermənistanı metallurgiya zavodunun tikintisini dayandırmağa çağırır

Tikintinin transsərhəd təsiri ola biləcəyi üçün Bakı Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi Konvensiyasına uyğun prosedura başlanılıb.

Bu barədə Asia Pasific məlumat yayıb. Azərbaycan hökuməti Ermənistanı layihənin transsərhəd nəticələri tam aydınlaşdırılana qədər iki ölkə sərhədi yaxınlığında metallurgiya zavodunun tikintisini dayandırmağa çağırıb. Azərbaycan hökumətinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir ki, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Ermənistanın ətraf mühit naziri Hakob Simidiana məktub göndərib. M.Babayev məktubunda bildirib ki, tikintinin transsərhəd təsiri ola biləcəyi üçün Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi Konvensiyası (Espo Konvensiyası) çərçivəsində prosedura başlayıblar. Espo Konvensiyasına əsasən Azərbaycan Ermənistandan bu fəaliyyətlərin ətraf mühitə təsiri barədə ölkəmizi məlumatlandırmağı tələb edir.

"Lakin zərərçəkmiş tərəf olan Azərbaycan Ermənistandan layihə ilə bağlı heç bir bildiriş almayıb", - deyə məlumatda bildirilir.

 

Fana news: İordaniya və Azərbaycan iqtisadi əlaqələri müzakirə edilir

Fana news xəbər saytı İordaniya Ticarət Palatasının (ACI) nümayəndə heyətinin Azərbaycanda bir çox rəsmi qurum və özəl sektor nümayəndələri ilə ayrı-ayrılıqda keçirdiyi görüşlər zamanı iki ölkə arasında iqtisadi əlaqələrin inkişaf etdirilməsi yollarını müzakirə etməsi ilə bağlı xəbər yayımlayıb.

Nümayəndə heyətinin rəhbəri Baxqət Həmdan və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin rəhbəri Yusif Abdullayev iki ölkənin ticarət palataları və şirkətləri arasında mövcud investisiya və kommersiya imkanları barədə məlumat mübadiləsi aparmaq üçün birgə əməkdaşlıq və koordinasiya məsələlərini müzakirə ediblər.

B.Həmdan nümayəndə heyətinin Azərbaycanda Turizm üzrə Dövlət Agentliyində keçirilən görüşdə iki ölkə arasında turizmə mane olan problemlərin aradan qaldırılması xüsusilə iordaniyalı turistlərin Azərbaycana daxil olması üçün tətbiq edilən səyahət vizalarının və iki ölkə arasında birbaşa aviareysin olmaması məsələsinin müzakirə edildiyini diqqətə çatdırıb.

O, nümayəndə heyətinin Azərbaycan Ticarət və Sənaye Palatasının prezidenti Niyaz Əlizadə ilə də görüşdüyünü və birgə əməkdaşlığın genişləndirilməsi yollarını müzakirə etdiyini bildirib. İki ölkə arasında ticarət mübadiləsinin səviyyəsinin yüksəldilməsi və investisiya layihələrinin təşviqi məqsədilə anlaşma memorandumu imzalanıb.

 

Hraparak: Son bir ayda Laçın sərhəd-keçid məntəqəsindən iki minədək erməni sakin keçib

"Azərbaycanın Laçın yolunda sərhəd-keçid məntəqəsinin yaradılması qanunsuz hərəkətlərin qarşısının alınması üçün zəruri idi". Bunu Azərbaycanın ATƏT-dəki daimi nümayəndəsi, səfir Rövşən Sadıqbəyli təşkilatın Daimi Şurasının iclasında Ermənistanın xarici işlər nazirinə cavabında bildirib. Bu barədə Hraparak nəşri məlumat yayıb.

"Eyni zamanda, Qarabağ bölgəsində yaşayan erməni əsilli sakinlərin şəffaf və müntəzəm şəkildə getməsi üçün müvafiq şərait yaradılıb. Aprelin 23-dən bu günə qədər 1927 nəfər keçid məntəqəsindən istifadə edərək sərhədi keçib", - deyə səfir qeyd edib.