İsveçrə Teleradiosunda
Diaspora

İsveçrə Teleradiosunda "Cənubi Qafqazda tezliklə sülh olacaqmı?" sərlövhəli reportaj yayımlanıb

İsveçrə Teleradiosunun (SRF) əsas xəbər buraxılışında Azərbaycan və Ermənistan arasında aparılan sülh danışıqları və yaxın gələcəkdə regionda əmin-amanlığın tam bərqərar edilməsi imkanlarına dair geniş reportaj yayımlanıb.

AZƏRTAC xəbər verir ki, "Cənubi Qafqazda tezliklə sülh olacaqmı?" sərlövhəli reportajda 30 il davam etmiş münaqişədən sonra 2024-cü ildə Cənubi Qafqazda sülhün və əmin-amanlığın bərpa olunmasına ümidlə baxıldığı vurğulanıb.

Bildirilib ki, ötən ilin sentyabrında Azərbaycanın Qarabağda suverenliyini tam bərpa etməsindən sonra Azərbaycan və Ermənistan arasında aparılan danışıqlarda aşkar şəkildə yaxınlaşma müşahidə olunur.

Reportajın əvvəlində böyük tikinti meydançasını xatırladan Füzuli şəhərindən bəhs olunub. Qeyd edilib ki, işğal dövründə xarabalığa çevrilmiş Füzulidə bu gün həyat yenidən qaynamaqdadır. Birinci Qarabağ müharibəsi zamanı Füzulini işğal edən və bütün azərbaycanlıları dədə-baba torpaqlarından qovan Ermənistan üç il əvvəl baş vermiş və böyük itkilər verdiyi müharibə nəticəsində bu ərazilərdən geri çəkilməli oldu.

Reportajda azad olunan ərazilərdə quruculuq işlərini çətinləşdirən amillər arasında mina problemi xüsusi qeyd edilib. Bildirilib ki, mina problemi bərpa və quruculuq işlərini çətinləşdirsə də, indiyədək Füzulinin 30 faizi minalardan təmizlənib və minatəmizləmə əməliyyatları fasiləsiz davam etdirilir. Azərbaycan hökuməti qısa müddətdə bu şəhərdə minədək mənzil inşa etdirib və hər ay öz yurdlarına qayıdan azərbaycanlı ailələrə yeni mənzillərin açarları təqdim olunur. Bununla da Azərbaycanın verdiyi mesaj tam aydındır: Ermənistan nə Füzuli, nə də Qarabağın başqa ərazilərinə bir daha iddia edə bilməz. Eyni zamanda, bildirilib ki, Qarabağın erməniəsilli əhalisi Azərbaycan vətəndaşlığını qəbul edərək həmin ərazilərə qayıdıb yaşaya bilər.

SRF-in reportajında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin bu televiziyaya müsahibəsində Azərbaycanın istəyinin bütün Cənubi Qafqazın mənzərəsini dəyişmək olması barədə fikri diqqətə çatdırılıb: "Bu regionun adı gələcəkdə müharibə və münaqişələrlə deyil, şanslar, işgüzar əlaqələr, inkişaf və rifahla bağlı hallanmalıdır".

Bundan başqa, reportajda qeyd olunub ki, Bakıda Azərbaycan Prezidentinin Administrasiyasında yüksək özünəinam hissi hökm sürür, çünki Xəzər dənizi sahilində yerləşən bu metropol bütün regionun iqtisadi mühərrikidir. Zəngin neft və qaz ehtiyatlarına malik Azərbaycan Rusiyaya qarşı tətbiq edilən sanksiyalardan sonra Avropa üçün vazkeçilməz tərəfdaşa çevrilib.

Reportajda Prezident İlham Əliyevin ötən il oktyabrın 15-də Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltmasını əks etdirən kadrlara da yer verilib. Həmçinin Azərbaycanın güclü müttəfiqlərinin olduğu vurğulanıb, bu baxımdan ölkəmizi daim hərbi və geosiyasi müstəvilərdə dəstəkləyən Türkiyə xüsusi qeyd edilib.