Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sel və daşqınlara qarşı mühafizə tədbirləri görür
Digər xəbərlər

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sel və daşqınlara qarşı mühafizə tədbirləri görür

Ölkə ərazisində 60-dan artıq sel və daşqın təhlükəli çaylar mövcuddur. Sel və daşqınlar əsasən yaz-yay aylarına təsadüf edir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin statistik məlumatlarına əsasən, son 5 il ərzində ekstrimal hidrometeoroloji hadisələrin (sel, külək, dolu, yağışların və s.) sayında kəskin artım müşahidə olunur. Belə ki, 2019-cu ildə il ərzində 5, 2020-də 35, 2021-də 41, 2022-də 50, 2023-cü ildə isə 147 sel və daşqın olub. Bu il sadəcə aprel-iyun aylarında 59 dəfə sel və daşqınlar müşahidə edilib. 

Hər il olduğu kimi, bu ildə də çaylarda baş verə biləcək sel və daşqınların yaratdığı ziyanların minimuma endirilməsi üçün Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən mühüm tədbirlər görülür.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən verilən məlumata görə, iyun ayının 26-sı və 27-də Astara rayonunun Siyəkü kənd inzibati ərazi dairəsində kənd məktəbinin qarşısında avtomobil yolunun sel sularına məruz qalması nəticəsində yolun hərəkət hissəsində çətinliklər yaranıb. Yaranan çətinliklərin aradan qaldırılması üçün Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin yerli istismar idarəsi tərəfindən maşın-mexanizmlərlə yolun hərəkət hissəsi bərpa olunaraq sakinlərin istifadəsinə verilib. Eyni zamanda həmin ərazidə sel sularına məruz qalan 1 ədəd piyada körpüsü də bərpa olunaraq istifadəyə verililib. Hazırda Pensər çayında məcra təmizləmə işləri davam etdirilir.

Kürdəmir rayonunun ərazisində Girdimançay çayında su sərfinin artması nəticəsində rayonun Pirili-Ərşəli kəndləri ərazisindən keçən hissədə fəsadlar yaranıb. Selin qarşısının alınması məqsədilə Agentliyinin yerli istismar idarəsi tərəfindən əraziyə texnikalar cəlb olunaraq axan sel sularının istiqaməti dəyişdirilərək suyun kollektora axıdılması təmin olunub və suyun kənd ərazisinə daxil olmasının qarşısı alınıb.

Kür-Araz çaylarında yerli istismar idarəsi tərəfindən maşın və mexanizmlər cəlb olunaraq, çayların bəndlərinin bərpası mütəmadi olaraq aparılır. Sığırlı və Karrar kəndləri ərazisində yağış suları nəticəsində subasan həyətyanı sahələrdə fəsadların aradan qaldırılması üçün işlər davam etdirilir.

May-iyun aylarında İsmayıllı rayonuna yağan güclü yağış və dağ-dərələrdən gələn sel suları bir sıra fəsadlar yaradıb. Rayon ərazisindən keçən Cülyançay, Girdimançay, Talıstançay, Göyçay, Sirsaqçay, Ax-Ox çay çaylarından  keçən güclü sel suları torpaq mühafizə bəndlərini yuyaraq yararsız hala salıb. Lahıc qəsəbəsində, Qurbanəfəndi və Topçu kəndlərində dağlardan gələn güclü sel suları həyətyanı sahələrə, evlərə və təsərrüfatlara ciddi ziyan vurub. Talıstançay və Cülyançay çaylarının yatağı iri daşlar va ağac kötükləri ilə tamamilə dolub, yolları dağıdıb, əhalinin gediş-gəlişinə çətinliklər yaradıb. Agentliyinin yerli istismar idarəsi tərəfindən əkin və həyətyanı sahələrdə sel suları nəticəsində baş verən fəsadlar aradan qaldırılıb. Göyçay, Türyançay, Talıstançay və Ax-Ox çaylarında sel suları nəticəsində dağılan torpaq bəndlərin bərpası istiqamətində işlər davam etdirilir.

Qax rayonunun İbaxlı kəndinin sel sularından mühafizəsi üçün tədbirlər görülüb. Bundan başqa, Əlibəyli və Ləkit kəndlərinin mühafizəsi üçün də əraziyə texnika cəlb olunaraq çaylarda sel sularından mühafizə tədbirləri həyata keçirilib.

Zaqatala rayonunun Muxaxçay, Talaçay, Qaraçay və Silbançay çaylarında sel sularından mühafizə olunmaq üçün texnikalarla çaylarda məcra təmizləmə işləri görülüb.

Hacıqabul rayonu ərazisində Pirsaatçay çayından suyun sərfi artması nəticəsində Rəncbər və Qubalıbaloğlan kəndlərinə gedən avtomobil yolu subasmaya məruz qalıb. Əraziyə texnikalar cəlb olunaraq fəsadlar aradan qaldırılır. Ələt qəsəbəsində yeni tikiləcək aeroportun ərazisinə suyun daxil olmasının qarşısının alınması üçün Pirsaatçaydan gələn suyun kollektora ötürülməsi təmin olunub.

Kür çayının bəndlərində və ona sol tərəfdən qoşulan Türyançay, Göyçay, Qaraçay və Girdmançay çaylarında Agentliyinin yerli istismar idarəsi tərəfindən bəndlərin hündürləşdirilməsi və möhkəmləndirilməsi üçün müvafiq qabaqlayıcı tədbirlər görülüb və hazırda bu istiqamətdə işlər davam etdirilir.

M.MUSTAFAYEV,

“Respublika”.