Ermənistan ərazi bütövlüyünün tanınması ilə Cənubi Qafqazda uzunmüddətli sabit sülhə sadiqliyini bir daha təsdiqləyir
Siyasət

Ermənistan ərazi bütövlüyünün tanınması ilə Cənubi Qafqazda uzunmüddətli sabit sülhə sadiqliyini bir daha təsdiqləyir

Ermənistan Respublikası Milli Assambleyasının “Mülki müqavilə” fraksiyasının üzvü Lili Minasyan bu günlərdə Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Parlament Assambleyasının müdafiə və təhlükəsizlik komissiyasının iclasında çıxış edərək Ermənistan və Azərbaycan arasında dövlətlərarası sərhədlərin demarkasiyası prosesindən bəhs edib.

“Respublika” Ermənistan KİV-nə istinadən xəbər verir ki, deputatın çıxışı partiyanın “Facebook” səhifəsində dərc olunub.

“Bu ilin aprelində Ermənistan və Azərbaycan nəhayət Almatı Bəyannaməsi əsasında sərhədlərin delimitasiyası prosesinə başladılar və bu, müxtəlif ölkələr və beynəlxalq təşkilatlar, o cümlədən Avropa İttifaqı tərəfindən müsbət qarşılandı” – deyə Lili Minasyan vurğulayıb.

O bildirib ki, Ermənistan və Azərbaycan ən yüksək səviyyədə Almatı Bəyannaməsi əsasında bir-birinin ərazi bütövlüyü və suverenliyinin qarşılıqlı tanınması barədə razılığa gəliblər: “Ermənistan bu prinsipə sadiqdir və onun beynəlxalq səviyyədə tanınmış 29 743 kvadratkilometrdən artıq ərazi ambisiyaları yoxdur. Ermənistan Respublikası Azərbaycanın Qazax və Tovuz vilayətinin dörd kəndi arasında sərhədi müəyyən etməklə bu yanaşmanı praktiki olaraq sübut etdi”.

Minasyan həmçinin əlavə edib ki, bu proseslə paralel olaraq tərəflər yaxın günlərdə Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin demarkasiyası üzrə sərhəd komissiyası haqqında Əsasnamə layihəsinin razılaşdırılmasını başa çatdırmaq barədə razılaşıblar.

Deputat vurğulayıb ki, Ermənistan ərazi bütövlüyünün tanınması əsasında Cənubi Qafqazda uzunmüddətli sabit sülhə sadiqliyini bir daha təsdiqləyir.