İdman: Daim zirvələrdə
İdman

İdman: Daim zirvələrdə

Boksçumuz turnirdə uğurla irəliləyir

Tailandın paytaxtı Banqkokda keçirilən II Dünya Olimpiya Təsnifat Turnirində boksçumuz Malik Həsənov üçüncü dəfə döyüşə çıxıb. 63,5 kiloqram çəkidə mübarizə aparan yığma üzvü 1/8 finalda yaponiyalı rəqibinə 5:0 (30:27, 29:28, 30:27, 30:27, 30:27) hesabı ilə qalib gəlib. O, bununla 1/4 finala yüksəlib. Malik Həsənov növbəti görüşdə də qalib gələcəyi halda "Paris-2024" Yay Olimpiya Oyunlarına lisenziya qazanacaq. Onun növbəti mərhələdəki rəqibi Kolumbiya təmsilçisi olacaq. Alfonso Dominges (92 kq) 1/16 finalda Xorvatiya təmsilçisini məğlub edib. 1/8 finalda o, Hindistan idmançısı ilə qarşılaşacaq.

Azərbaycan Qadınlar Liqasında qalib müəyyənləşib

Azərbaycan Qadınlar Liqasında (AQL) final və 3-cülük uğrunda görüşlər keçirilib. Görüşlərdə əvvəlcə 3-cü yer uğrunda qarşılaşma baş tutub. "Qaradağ" və "Xırdalan" klubları arasında oynanılan matç "Xırdalan" komandasının 51:49 hesablı çətin qələbəsi ilə yekunlaşıb. Final oyununda isə "Neftçi" və "Azstars" klubları üz-üzə gəliblər. Oyun "Neftçi" klubunun qalibiyyəti ilə başa çatıb. Final matçının ən dəyərli basketbolçusu (MVP) "Neftçi" klubundan Angelina İsmayılova seçilib. Bununla da "Neftçi" klubu pley-off sistemi ilə keçirilən ilk mövsümdə çempion kimi tarixə düşüb.

Futzal üzrə millimizin əsas mərhələdəki rəqibləri bəlli olub

İsveçrənin Nyon şəhərində futzal üzrə Avropa çempionatının əsas mərhələsinin püşkü atılıb. Azərbaycan millisinin də rəqibləri müəyyənləşib. Komanda V qrupda İsveç, Yunanıstan və Xorvatiya komandaları ilə üz-üzə gələcək. Qeyd edək ki, Avropa çempionatının final mərhələsi 2026-cı il yanvarın 18-dən fevralın 8-dək Latviya və Litvada təşkil olunacaq.

Qrapplinq üzrə Avropa çempionatı davam edir

Paytaxtımızın ev sahibliyi etdiyi və Bakı İdman Sarayında keçirilən qrapplinq üzrə Avropa çempionatı davam edir. No-gi versiyasında (kimonosuz) qızlardan ibarət millimizdə Nərmin İsgəndərli (49 kq) gümüş, Zeynəb Əlirzayeva (49 kq) bürünc medal qazanıb. U-20 oğlanlar arasında İqbal Əliyev (58 kq) qızıl, Emil Verdiyev (62 kq) bürünc medala sahib olub. Daha əvvəl isə no-gi versiyasında (kimonosuz) qızlardan ibarət millimizdə Röya Abdullayeva (52 kq) qızıl, Səidə İbişova (43 kq) gümüş, Aysu Əliyeva (43 kq), Leyla Abdullayeva (46 kq) və Fidan Paşayeva (49 kq) isə bürünc medal qazanıblar. U-17 oğlanlar arasında idmançılarımızdan Taleh Əhmədli (39-42 kq), Elnur Salahov (46 kq) gümüş, Rəvan Ağayev (39-42 kq) və Davud Babayev (46 kq) bürünc medala sahib olublar.

Nərgiz İSMAYILOVA,

"Respublika".