Xatirələrdə yaşayan mərd oğullar
Region

Xatirələrdə yaşayan mərd oğullar

Masallı rayonu, Pircana kəndində dünyaya göz açan Faiq Şükürov Birinci Qarabağ müharibəsi zamanı Vətən uğrunda döyüşlərdə şəhid olub. Həmin gündən 30 il ötür. Bu günlərdə ölümsüzlüyə qovuşan qəhrəmanın xatirəsi anılıb.

Faiq Şükürovun adını daşıyan Lürən kənd tam orta məktəbində baş tutan mərasimdə onun doğmaları, döyüş yoldaşları, rayon rəsmiləri, şəhid ailələrinin üzvləri, Birinci və İkinci Qarabağ müharibəsi iştirakçıları, kənd sakinləri, məktəbin kollektivi, ictimaiyyət və media nümayəndələri iştirak ediblər. Məktəbin müəllimi Gülnaz Talıbova qəhrəman Vətən sevdalısının qısa və şərəfli ömür yolu barədə məlumat verəndən sonra Masallı RİH Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi Nurlan Muradov, Lənkəran-Astara Regional Təhsil İdarəsinin rayon üzrə təhsil sektorunun məsləhətçisi Samit İslamov, şəhid ataları Bayram Əsgərov, Aqil Mikayılov, Hafiz Qurbanov, jurnalist-publisist Akif Ağayev, şəhidin səngər yoldaşları İsaq Bağırov, Səfərxan İsmayılov, Emil Şahbazov, şəhid qardaşı Rizvan Rzayev, məktəbin direktoru Farid Hüseynov, kənd sakini Tariyel Nurullayev çıxış edib, xatirələrini bölüşüblər.

"Şükürlər olsun ki, nakam balamın uğrunda şəhid olduğu müqəddəs Vətən torpaqlarını 30 ildən sonra azad görmək nəsibimiz oldu. Faiqimin qanı yerdə qalmadı. İndi oğlum təkcə mənim üçün deyil, bütün Azərbaycan xalqına əzizdir". Bu fikirləri isə şəhidin 77 yaşlı anası Cahan xanım söyləyib.

Faiq Xubalı oğlu Şükürov orta məktəbdə oxuduğu vaxt idmanın karate növünə maraq göstərib, bu sahədə uğurlar qazanıb. Masallı 37 saylı Texniki-Peşə Məktəbində sürücülük kursunu bitirib, 1991-ci ilin payızında ordu sıralarına yollanıb. Bakı və Gəncə şəhərlərində, Tərtər və Beyləqanda xidmət edib. 1992-ci ilin mart ayından Vətənin müdafiəsi uğrunda döyüşlərə qatılıb. Tərtər-Goranboy cəbhəsinin müdafiəsində, Sərsəng su anbarı ətrafında gedən döyüşlərdə, Ağdərə-Başkənd və digər əməliyyatlarda şücaət göstərib. Horadiz stansiyasının azad edilməsi uğrunda döyüşdə yaralanıb. Sağalan kimi yenidən səngərdə yerini tutub. Ən ağır döyüşlər zamanı qorxubilməz pulemyotçu əsgərimiz həmişə öndə vuruşub. Eyni zamanda bacarıqlı sürücü kimi idarə etdiyi yük maşını ilə döyüşçü yoldaşlarına silah-sursat, ərzaq ehtiyatı daşıyıb. 1994-cü il aprelin son günlərində Füzuli rayonunun Aşağı Veysəlli kəndində əbədiyyətə qovuşub və doğulduğu kənddə dəfn olunub.

Tədbir zamanı məktəblilər vətənpərvərlik mövzusunda şeirlər söyləyiblər. Mərasim iştirakçıları şəhidin məzarını ziyarət edib, ehtiram əlaməti olaraq önünə gül dəstələri düzüblər.

Zəfər ORUCOĞLU.