Cənubi Qafqazın etibarlı investisiya mərkəzi
Digər xəbərlər

Cənubi Qafqazın etibarlı investisiya mərkəzi

Prezident İlham Əliyevin yürütdüyü müstəqil xarici siyasət nəticəsində bu gün Azərbaycan dünyada etibarlı tərəfdaş kimi tanınır. Beynəlxalq reytinq təşkilatlarının, eləcə də iqtisadi forumların hesabatlarında dövlətimizin adının xüsusi vurğulanması bunu bir daha təsdiqləyir. Beynəlxalq Valyuta Fondu (IMF) Azərbaycanın dünyanın 7 ən cəlbedici investisiya ölkəsindən biri olduğunu bəyan edib.

Ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsi dövlətimizin nüfuzunu daha da artırıb. Beynəlxalq aləmdə güclü, qüdrətli Azərbaycana böyük maraq göstərilir. Ölkəmizin xarici investisiya üçün cəlbedici olmasının isə bir sıra mühüm səbəbləri var. Bu, ilk növbədə respublikamızda xarici investorların səmərəli fəaliyyəti üçün hər cür şəraitin, xüsusilə mükəmməl qanunvericilik bazasının yaradılması, “açıq qapı” siyasətinin prioritet istiqamət kimi müəyyən edilməsi ilə bağlıdır. Həmçinin son dövrlərdə Azərbaycan hökuməti ilə xarici dövlətlər arasında investisiyaların təşviqi və qarşılıqlı qorunması haqqında mühüm sazişlər imzalanıb. Digər tərəfdən, ölkəmiz Şərq-Qərb , Şimal-Cənub nəqliyyat dəhlizləri, Bakı-Tbilisi-Ceyhan neft kəməri və Bakı-Tbilisi-Ərzurum qaz kəməri kimi beynəlxalq əhəmiyyətli layihələrin də fəal iştirakçısıdır. Azərbaycan əsas investor kimi çıxış etməklə regionun investisiya mərkəzinə çevrilib.

Qlobal iqtisadi böhranın özünü qabarıq şəkildə büruzə verdiyi bir zamanda Avropa və MDB məkanında investisiya qoyuluşlarının həcminin azalması müşahidə edilir. Lakin Azərbaycan investisiya yatırılması baxımından dünyanın ən cəlbedici ölkələrindən biri kimi öz statusunu qoruyur. Bu gün xarici investorların Azərbaycana marağının kifayət qədər böyük olmasının əsas səbəbi respublikamızda investisiya mühitinin əlverişliliyi, investorların hüquqlarının qanunvericilik əsasında yüksək səviyyədə qorunması, ölkəmizin etibarlı tərəfdaş olduğunu dəfələrlə təsdiqləməsi, sərmayələrin yönəldildiyi sahələrdə böyük mənfəətlərin əldə olunmasıdır. Rəsmi Bakı ölkənin investisiya cəlbediciliyini artırmaq istiqamətində mühüm addımlar atır. Azərbaycana məxsus şirkət və müəssisələrin, həmçinin sahibkarlıq subyektlərinin vahid prinsiplər əsasında idarə edilməsini təmin etmək məqsədilə Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə “Azərbaycan İnvestisiya Holdinq”i təsis edilib. Əlavə olaraq, kifayət qədər böyük sayda xarici şirkət işğaldan azad edilmiş ərazilərdə müxtəlif layihələrin həyata keçirilməsinə də maraq göstərir. Turizm, kənd təsərrüfatı, qida emalı, işıqlandırma sənayesi və texnologiya transferi kimi sahələrdə ölkələr arasında iqtisadi inkişaf təşəbbüsləri daha dərindən təhlil edilərək təkmilləşdirilir. Bu isə Azərbaycana xarici ölkələrlə birbaşa mübadilə etməyə şərait yaradır.

Nəzrin ELDARQIZI,

“Respublika”.