“Torpaqlarımız uğrunda gedən döyüşlərdə şəhid olacağam
Sosial həyat

“Torpaqlarımız uğrunda gedən döyüşlərdə şəhid olacağam"

Vətən müharibəsində əsgərlərimiz qəhrəmanlıq və igidlik göstərərək şərəflə döyüşüb, öz adlarını Azərbaycanın tarixinə yazdılar. İgid oğullarımız son damla qanları, nəfəslərinədək savaşaraq düşməni diz çökdürdülər, şücaətləri, mərdlikləri ilə dillərə dastan oldular. Vətən müharibəsi xalqımızın mübarizliyini və yenilməzliyini bir daha dünyaya nümayiş etdirdi.

Torpaqlarımızı azad edərək şəhidlik zirvəsinə yüksələn igid oğullarımızdan biri də Cəfər Eylasovdur. Cəfər 2000-ci il sentyabrın 30-da Mingəçevir şəhərində anadan olub. 2006-2015-ci illərdə Mingəçevir şəhəri 14 nömrəli tam orta məktəbdə təhsil alıb. 2019-2020-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Abşeron rayonunda yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. Azərbaycan Ordusunun əsgəri Cəfər Eylasov Vətən müharibəsində Füzuli və Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. O, oktyabrın 9-da Füzulidə şəhid olub və Mingəçevirdə dəfn edilib. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsində vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, Cəfər Eylasov ölümündən sonra "Vətən uğrunda" , "Cəsur döyüşçü" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

Cəfərin anası Bulud xanım: "Mənim bircə oğul balam vətən uğrunda şəhid olub. Mən fəxr edirəm ki, belə bir oğulun anasıyam. Vətən müharibəsi başlayanda oğlum hərbi xidmətdə idi. Oktyabrın 2-də xidmətini başa vurub geri qayıtmalı idi. Lakin Vətən müharibəsi başladığına görə Cəfər də torpaqlarımızın düşmən tapdağından azad olunması üçün XTQ-yə könüllü olaraq yazılır. Bu vətənpərvərlik Cəfərə həm ulu babasından, həm də atasından keçib. Özümüz əslən Qarabağlıyıq. Cəfərin atası Yavər də Birinci Qarabağ döyüşlərinin könüllülərindən olub. Cəfər həmişə hərbi xidmətdən əvvəl deyərdi ki, "Vaxt gələcək, o torpaqlarımız uğrunda gedən döyüşlərdə şəhid olacağam, heç olmasa ata yurduna ürəkli gedib-gələ biləsiniz"... Oğlum XTQ-yə yazılmağını bizdən gizlətmişdi. Zəng vuranda deyirdi ki, Bakıdadır. Cəfərgilin dəstəsi Cəbrayılın bir necə kəndinin alınmasında böyük qəhrəmanlıq göstərib. Onlar yaxşı döyüşçü olduqlarına görə, Füzuli uğrunda döyüşlər üçün də yenidən oraya qaytarılıblar. Döyüşlər zamanı Aşağı Seyidəhmədlidə 13 post alıblar. Komandirləri ilə birgə 37 nəfərin hamısı mühasirəyə düşərək şəhid olublar. Cəfər oktyabrın 5-də şəhidlik zirvəsinə yüksəlib, amma nəşi ayın axırına qədər neytral zonada qalıb. Oktyabırın 31-də onu dəfn etdik. Sentyabrın 30-u 20 yaşı olurdu. Ondan bir gün öncə mənə zəng edib dedi ki, "Ana mənim yoxluğumu bildirməyin, ad günümü qeyd edərsiniz". Sən demə həmin gün artıq o cəbhədə imiş, amma mənə bildirməyib. Sonra ayın 5-də bir də məni yığdı. Dedim, "Bala, gündə bircə dəfə məni yığ rahat olum", - dedi, "Ana, mən hardayam ki? Bakıdayam, narahat olma".

Bəli, şəhidlik elə bir zirvədir ki, ünvanı əbədiyyətdir. Şəhidlik zirvəsinə ucalan vətən övladlarının mübarizliyi həm də Azərbaycan xalqının tarixində qəhrəmanlıq salnaməsidir.

M.MİRZƏ,

"Respublika".