Sülh yolunda tarixi addım
Siyasət

Sülh yolunda tarixi addım

Azərbaycanın İkinci Qarabağ savaşında əldə etdiyi qələbə regionda yeni geosiyasi vəziyyət formalaşdırmaqla yanaşı, növbəti uğurların davamı üçün də zəmin yaratdı.

44 günlük müharibə nəticəsində ərazi bütövlüyümüzün bərpası, ötən ilin sentyabrında  23 saatlıq antiterror tədbirləri nəticəsində suverenliyimizin tam təmin olunması gələcək nailiyyətlərimizə şərəfli yol açdı. Bu gün şanı-şöhrəti bütün dünyaya yayılan ölkəmizin nüfuzunun artması Prezident İlham Əliyevin siyasi iradəsi və praqmatik düşüncəsi hesabına reallaşıb. Fəxrlə deyə bilərik ki, hazırda ölkəmiz dünyanın qüdrətli dövlətlərindən birinə çevrilib.

Aprelin 19-da Azərbaycan daha bir tarixi  uğura imza atdı. Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşündə Qazaxın 4 kəndinin qaytarılması barədə razılıq əldə olundu. Görüş zamanı qərara alındı ki, sərhəd xəttinin bu hissələrinin təsviri koordinatları yerdəki geodeziya ölçmələrinə əsaslanaraq dəqiqləşdirilməsi nəzərə alınmaqla tərtib edilsin və tərəflər arasında 15 may tarixinədək müvafiq Protokol-təsvirlə sənədləşdirilərək imzalansın. Buna uyğun olaraq mayın 15-də tərəflərin doqquzuncu görüşü baş tutdu, komissiyalar səkkizinci  görüşün Protokoluna uyğun olaraq görülmüş işləri müzakirə etdilər. Bununla yanaşı, Sovet İttifaqı dövründə mövcud olmuş hüquqi cəhətdən əsaslandırılan respublikalararası sərhədə uyğunlaşdırılması məqsədilə bilavasitə Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı yaşayış məntəqələri arasında sərhəd xəttinin hissələrinin SSRİ SQ Baş Qərargahının 1979-cu ildə növbətçilik prosedurunu keçmiş 1976-cı il tarixli topoqrafik xəritəsinə uyğun olaraq yerdəki geodeziya ölçmələri əsasında koordinatların dəqiqləşdirilməsi nəzərə alınmaqla birgə tərtib olunmuş Protokol-təsvirini razılaşdırdılar. Sonda isə müvafiq protokol imzalandı. Qazaxın işğal edilmiş 4 kəndinin qaytarılması bir daha iki ölkə arasında əldə olunmuş razılaşma, mübahisəli məsələlərin danışıqlar masası arxasında həll etməyin mümkün olduğunu təsdiqlədi. Bu nailiyyət, eyni zamanda regiondan uzaq dövlətlərin proseslərə müdaxiləsinin Cənubi Qafqazda sülh və əməkdaşlıq mühitinin yaradılmasının əksinə gərginliyə səbəb olduğunu da sübut etdi. Beləliklə, Azərbaycan və Ermənistan öz aralarında bütün problemləri müzakirə edə və ümumi dil tapa bildiklərini, üçüncü dövlətlərin vasitəçiliyinə ehtiyac olmadığını nümayiş etdirdilər.

Bəzi pozucu qüvvələr sərhədlərin delimitasiya və demarkasiyası prosesinin başlanmasına saxta siyasi don geyindirməyə çalışırdılar. Onlar iddia edirdilər ki, Azərbaycan hücum əməliyyatlarına hazırlaşır. Halbuki rəsmi Bakı müxtəlif platformalarda dəfələrlə müharibə tərəfdarı olmadığını, əksinə, hər zaman sülh üçün bütün imkanlardan istifadə etdiyini bəyan edib. 30 illik işğal dövründə də dövlətimiz münaqişənin sülh yolu ilə həlli üçün bütün mümkün addımları atırdı. Vətən müharibəsindən sonra sülh gündəliyinin təşəbbüskarı da məhz ölkəmiz olub. Azərbaycan davamlı, etibarlı sülhün yaradılması, iqtisadi əlaqələrin qurulması və dərinləşdirilməsi, bütün qonşularla faydalı əməkdaşlığın tərəfdarıdır.

Prezident İlham Əliyev qeyri-anklav kəndlərin qaytarılması məsələsini 2020-ci ildən gündəmə gətirib. Ötən dövr ərzində mövzu daim gündəlikdə saxlanılmaqla, bu istiqamətdə ardıcıl, məqsədyönlü işlər görülüb. Şübhəsiz, bütün bunlar Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində atılmış ən mühüm addımlardır. Qazaxın 4 kəndinin geri qaytarılması həm də Ermənistan hakimiyyətinin reallıqları dərk etməsi anlamına gəlir. Ermənistan prosesi uzatmaq istəsə də bunun gələcəkdə rəsmi İrəvan üçün arzuolunmaz nəticələrə gətirib çıxaracağını nəhayət ki, dərk etdi. Söhbət təkcə müharibə və ya çevik hərbi əməliyyatlardan deyil, bütövlükdə fürsətlərin qaçırılmasından gedir. Paşinyan hakimiyyətinin  bu addımı gələcəkdə digər anklavların, eləcə də Zəngəzur dəhlizi məsələsinin də konkret şəkildə həll oluna biləcəyini istisna etmir. Qazaxın 4 kəndinin geri qaytarılması Ermənistana havadarlıq etməyə çalışanlara göz dağı oldu. Bu, həm də sülhə daha da yaxınlaşdığımızın təzahürüdür. Hazırda Ermənistanın qarşısında duran ən mühüm məsələ Azərbaycanla birlikdə bu prosesi uğurla başa çatdırmaqdır.

Nəzrin ELDARQIZI,

"Respublika".