Onun əsərləri dramaturgiyamıza yeni nəfəs gətirdi
Mədəniyyət

Onun əsərləri dramaturgiyamıza yeni nəfəs gətirdi

Onun qələmə aldığı hekayələr, əmək qəhrəmanları haqqında oçerklər, irihəcmli pyeslər və romanlar yeni üslub və forması ilə dramaturgiyamızda özünəməxsusluq qazanmışdır. Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı Azərbaycan ədəbi mühitinin ayrıca bir səhifəsini təşkil etdiyi kimi, teatr sahəsində də mühüm rol oynamışdır. Onun 1964-cü ildə yazdığı "Sən həmişə mənimləsən" pyesi lirik-psixoloji dramın əsasını qoymuşdur. Sonrakı illərdə dramaturq "Mənim günahım", "Unuda bilmirəm", "Məhv olmuş gündəliklər", "Qəribə oğlan" və bir-birindən maraqlı pyeslər yazmışdır. Bu əsərlər dramaturgiyamızı zənginləşdirməklə yanaşı, teatr sənətində yeni bir mərhələ formalaşdırmış və bununla da İlyas Əfəndiyev teatr məktəbinin əsası qoyulmuşdur.

"Kənddən məktublar" hekayələrinin işığında "Dağlar arxasında üç dost" və "Sarıköynəklə Valehin nağılı"nı sevgi dastanına çevirən yazıçı "Mahnı dağlarda qaldı"nın davamında "Sevgililərin cəhənnəmdə vüsalı" "Bizim qəribə taleyimiz"dir deyirdi. İlyas Əfəndiyev Azərbaycan ədəbiyyatında sevgi dastanının müəllifi kimi bir-birindən möhtəşəm əsərlər yaratmaqla yanaşı, tarixi qəhrəmanları da teatr səhnəsinə gətirmişdir. Nasir, dramaturq, Əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı, "Şöhrət" ordenli, Xalq yazıçısı "Xurşidbanu Natəvan", "Şeyx Məhəmməd Xiyabani", "Hökmdar və qızı" kimi tarixi dramları ilə xalqımızın milli azadlığı və müstəqilliyi uğrunda apardığı mübarizənin, milli birliyin bədii təcəssümünü canlandırmışdır. Yazıçının 20-dən artıq pyesi Akademik Milli Dram Teatrında tamaşaya qoyulmuşdur. Kinemotoqrafiya sahəsində də uğurlu nəticələr əldə etmiş, onun "Körpüsalanlar", "Bizi dağlarda axtarın", "Atayevlər ailəsi", "Gözlə məni", "Bircəciyim", "Sən həmişə mənimləsən", "Bizim qəribə taleyimiz" və digər əsərləri əsasında filmlər çəkilmişdir.

İlyas Məhəmməd oğlu Əfəndiyev 1914-cü il mayın 26-da keçmiş Qaryagin, indiki Füzuli rayonunda dünyaya gəlmiş, dövrünün tanınmış tacir ailəsində boya-başa çatmışdır. Atası Məhəmməd kişi ruhani nəslinə mənsub idi. Zəmanəsinin çox hörmətli və nüfuzlu insanları olan bu nəslin taleyindən sərt sovet rejiminin səmum küləyi yan keçməmiş, ötən əsrin otuzuncu illərində ciddi təqiblərə məruz qalaraq bütün var-dövlətləri, mülkləri əllərindən alınmışdır. Ailənin bəzi üzvləri "xalq düşməni" damğası vurularaq güllələnmiş, bir qismi isə sürgün edilmişdir. Var-dövləti əllərindən alınan bu insanlara hətta mağazadan ərzaq, geyim əşyaları almaq belə qadağan edilmişdir. Lakin yaxşılıq, yaxşı əməllər zamanın girdabında itmədiyi üçün belə çətin günlərdə xeyirxah insanlar gizli yollarla onlara köməklik göstərmiş, əl tutmuşlar. Böyük sınaqlardan keçən, doqquz nəfərdən ibarət olan Əfəndiyevlər ailəsi yalnız bir otaqda məskunlaşmışdı. Atası Məhəmməd kişi əzab-əziyyətə, qoyulan qadağalara tab gətirmir, ağır xəstəliyə tutularaq 50 yaşında vəfat edir.

Hər il yay aylarında Məhəmməd kişinin ailəsi Şuşaya köçdüyü üçün orada yaşadığı dövr yazıçı İlyas Əfəndiyevin həyatında böyük əhəmiyyət kəsb etmiş, yaradıcılığında Şuşa və Qarabağ mövzusu mühüm rol oynamışdır. Ədəbiyyata maraq göstərməsində isə anası Bilqeyis xanımın böyük əməyi olmuşdur. Atasının vəfatından sonra anası İlyasa həm atalıq, həm də müəllimlik etmiş, püxtələşməsində, elm, savad almasında əvəzsiz rol oynamışdır. Mütaliəni çox sevən anasından eşitdiyi nağıl və rəvayətlərin mövzusu balaca İlyasın gələcək yaradıcılığının təkanverici qüvvəsi olmuşdur. Kiçik yaşlarından zəhmətə alışmış yazıçı yazıb-oxumağa böyük maraq göstərmişdir. 1921-ci ildə birinci sinfə gedən İlyas Əfəndiyev 1930-cu ildə pedaqoji təmayüllü iki dərəcəli orta məktəbi əla qiymətlərlə bitirmişdir.

Yazıçının gənc yaşlarından elmə, biliyə, ədəbiyyata olan marağı əlbəttə ki, böyüdüyü mühitdən irəli gəlirdi. Onun oxuduğu məktəb və ətrafında olan insanlar, müəllimlər, "Qızıl Araz" adlı rayon qəzeti və Füzulidə fəaliyyət göstərən xalq teatrının onun yaradıcılığında rolu böyükdür. Orta məktəbi müvəffəqiyyətlə bitirən İlyas Əfəndiyev bir müddət Böyük Bəhmənli kəndində dil-ədəbiyyat müəllimi işləmişdir. Qaryagində olduğu müddətdə yerli teatrla tanışlığı onun dramaturq kimi formalaşmasında böyük rol oynamışdır. Sonralar yazıçı bu haqda yazırdı: "Mən də ora tez-tez gedir və böyük maraqla aktyorların oyunlarına tamaşa edirdim".

Xalq Maarif Komissarlığı tərəfindən Nuxa şəhərindəki orta məktəbə tədris hissə müdiri göndərilən İlyas Əfəndiyev burada bir il işlədikdən sonra ali təhsil almaq üçün Bakıya yola düşür. 1934-cü ildə Azərbaycan Pedaqoji İnstitutunun ədəbiyyat şöbəsinə daxil olsa da, onun burada təhsil almasına qadağa qoyulur, "kulak" övladı olduğu üçün institutdan uzaqlaşdırılır. Ancaq dörd il sonra, 1938-ci ildə Azərbaycan Pedaqoji İnstitutunun coğrafiya fakültəsinin qiyabi şöbəsini bitirərək rayona qayıdıb müəllimliyini davam etdirir. Yazıçı təhsil aldığı illərdə Bəkir Çobanzadə, Əli Sultanlı və digər nüfuzlu müəllimlərlə tanış olur və bu mühit yazıçının yaradıcılığına müsbət təsir göstərir. 1930-cu illərin sonlarında ədəbiyyata gələn İlyas Əfəndiyevin qələmə aldığı "Kənddən məktublar" hekayələri qısa müddət ərzində özünə böyük oxucu kütləsi toplayır. Respublikanın müxtəlif mətbu orqanlarında bir sıra məqalə, oçerk və hekayələri dərc olunur. Lakin onun "Yeni yol" qəzetində çap olunan "Buruqlar arasında" adlı ilk oçerki, "Bataqlıq saldatları" kinofilminə yazdığı ilk resenziyası, "Namuslu fəhlələrin sırasını çoxaltmalı" kimi əsərləri yazıçının tanınmasında müstəsna rol oynayır. Adi kənd müəlliminin qələmə aldığı hekayələr Bakıda, Yazıçılar İttifaqında çox bəyənilir. Beləliklə, İlyas Əfəndiyevin "Kənddən məktublar" adlı ilk kitabı işıq üzü görür.

İlyas Əfəndiyevin tarixi və məhəbbət mövzusunda yazdığı əsərləri teatr səhnələrində dəfələrlə oynanılmışdır. Dramaturqun Mehdi Hüseynlə birlikdə yazdığı "İntizar" pyesi Akademik Milli Dram Teatrında səhnəyə qoyulmuş və böyük uğur qazanmışdır. Yazıçının "Atayevlər ailəsi" əsəri uğurlu olduğu qədər də tərbiyəvi əhəmiyyətə malikdir. "Söyüdlü arx", "Körpüsalanlar", "Dağlar arxasında üç dost", "Sarıköynəklə Valehin nağılı", "Geriyə baxma, qoca", "Üçatılan" kimi povest və romanları ona böyük oxucu məhəbbəti qazandırmışdı.

Azərbaycan teatr səhnəsinə yeni rəng, yeni ab-hava gətirən yazıçının əsərləri ilk gündən onu şöhrətin zirvəsinə ucaltdığı kimi, həm də teatr səhnəmizdə "İlyas Əfəndiyev teatrı" yaratmış oldu. İ.Əfəndiyevin əsərləri təkcə Azərbaycan deyil, qardaş Türkiyənin teatr səhnəsində sevə-sevə oynanılmış və böyük şöhrət qazanmışdır. Yazıçı deyirdi: "Dünyada böyük ədəbiyyatlar da, böyük sənətkarlar da çoxdur. Lakin hər bir həqiqi sənətkarı yaşadan, birinci növbədə onun əsərləri və xalqıdır".

Görkəmli yazıçı 1996-cı il oktyabr ayının 3-də Bakı şəhərində dünyasını dəyişmiş və Fəxri Xiyabanda dəfn olunmuşdur.

Ramidə YAQUBQIZI,

"Respublika".