Fermerlərin zərəri qarşılanır
İqtisadiyyat

Fermerlərin zərəri qarşılanır

Cari ilin birinci rübündə onlara 1 milyon 752 min manat sığorta ödənişi edilib

Ölkədə aqrar sahənin inkişafı üçün qəbul olunan Dövlət proqramları uğurla həyata keçirildiyindən qazanılan uğurlar diqqəti cəlb edir və həyat səviyyəsini durmadan yüksəldir.

Ulu Öndər Heydər Əliyevin müdrik siyasətinə uyğun olaraq 2003-cü ildən həyata keçirilən qətiyyətli və məqsədyönlü tədbirlər nəticəsində islahatların dərinləşdirilməsi aqrar sahənin uzunmüddətli dinamik inkişafını təmin edir. Çünki dövlət tərəfindən fermerə diqqət və qayğı göstərilir, onlara güzəştlər edilir. Son illərdə aqrar sahədə aparılan islahatların ən böyük töhfələrindən biri də istehsal vasitələrinin əldə olunmasına tətbiq olunan güzəştlərdir. Bu güzəştlərə görə bir sıra texnika və texnoloji avadanlıqların ölkəyə idxalı rüsumdan azad edilib, satışı subsidiyalaşdırılıb. Artıq fermer tərəfindən texnikanın ilkin dəyərinin 20 faizi ödənildikdə, büdcə vəsaiti hesabına idxal dəyərinin 40 faizi həcmində ona güzəşt edilir. Eləcə də müasir suvarma sistemləri dəsti və avadanlıqlarının alışına dövlət büdcəsi hesabına 40 faiz güzəşt olunur.

Bununla yanaşı, ölkəyə idxal edilən, həmçinin yerli damazlıq təsərrüfatlarından satılan cins damazlıq heyvanların qiymətinin 60 faizi dövlət hesabına subsidiyalaşdırılır, lizinq yolu ilə güzəştlə satılır. Yerli heyvanların cins tərkibinin yaxşılaşdırılması məqsədilə süni mayalanma yolu ilə alınan hər buzova görə fermerlərə  100 manat məbləğində subsidiya verilir. Heyvandarlıq və quşçuluq təsərrüfatlarında istifadə edilən yem və yem əlavələrinin satışı, xammal və yem məhsullarının idxalı əlavə dəyər vergisindən, həmçinin yem məhsulları gömrük rüsumundan azad edilib.

Dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta mexanizmi çərçivəsində 2023-cü ildə sığortalı fermer və təsərrüfatlara dəyən zərərlər üzrə böyük məbləğdə - 4,4 milyon manat sığorta ödənişləri olunub.

Qeyd edək ki, 2023-cü il Azərbaycanda hava şəraitinin kəskin dəyişməsi, yağıntılar və sel basmalarla yadda qaldı. Bu hadisələr sığorta hadisələrinin sayına və sığorta ödənişlərinin məbləğinə böyük təsir göstərib. Nəticədə ötən il sığorta ödənişləri 4 milyon 406 min manat təşkil edib ki, bu da 2022-ci illə müqayisədə 2 milyon manat və ya 80 faiz artıqdır.

Fermerlərlə söhbət əsnasında məlum olur ki, dövlət qayğısı olaraq Aqrar Sığorta Fondu tərəfindən həyata keçirilən tədbirlər onları zərərdən qorumaqla növbəti illərdə bol məhsul istehsalı üçün hərtərəfli şərait yaradır və təbii fəlakətlərin nəticələrindən qoruyur. Belə ki, cari ilin birinci rübü üzrə fond tərəfindən 323 min hektar əkin sahəsi və 882 baş kənd təsərrüfatı heyvanları sığortalanıb. Ötən ilin eyni dövrü ilə müqayisədə sığortalanan əkin sahələri 22 min hektar və ya təqribən 7 faiz artıb. Hesabat dövründə bitkiçilik sığortası üzrə 6 milyon 815 min manat, heyvandarlıq təsərrüfatlarının  sığortası üzrə 537 min manat, ümumilikdə 7 milyon 352 min manat sığorta haqqı toplanıb. Bu dövrdə ən çox sığortalanan kənd təsərrüfatı bitkiləri payızlıq buğda və  payızlıq arpa sahələri, eləcə də fındıq bağları olub. Sığortalanan təsərrüfatlar üzrə verilmiş sığorta təminatının həcmi isə 255 milyon manatdan artıq olub.

Hava şəraiti ilə fermerlərə dəymiş zərərin ödənilməsi istiqamətində də mütəmadi işlər görülür. Təkcə 2024-cü ilin yanvar-mart aylarında sığortalı fermerlərə təsərrüfatlara dəymiş təbii ziyana görə 1 milyon 752 min manat sığorta ödənişi edilib. Onu da qeyd edək ki, sığorta ödənişlərinin 1 milyon 434 min manatı bitkiçilik, 318 min manatı heyvandarlıq üzrə edilib. Bununla yanaşı, ötən ilin eyni dövrü ilə müqayisədə sığorta ödənişlərinin məbləği 2,2 dəfə artıb. Bitkiçilik üzrə sığorta ödənişləri 2,5 dəfə, heyvandarlıq üzrə ödənişlər isə 42 faiz yüksəlib. Ən çox sığorta ödənişləri isə əsasən fırtına, dolu və subasma hadisələrinə görə həyata keçirilib.

Mikayıl NƏRİMANOĞLU,

"Respublika".