QOCA ÇİNARIN YAŞIL NƏĞMƏSİ...
Sosial həyat

QOCA ÇİNARIN YAŞIL NƏĞMƏSİ...

Gəncə mozaikası

Qoca çinarın yaşıl nəğməsi ürəyimizə, canımıza, qanımıza hopub.

Qoca çinarın yaşıl nəğməsi qədim tarixin, ötən əsrlərin yaddaşından qopub. Təkcə nəğmə deyil, tarixdir, yaddaşdır bu səs, bu nəğmə... İlk ününü, ilk notunu haradan, nədən alıb... Bəlkə Məhsəti rübabının ürəkaçan nəğməsidir, ya bəlkə Nizami babadır şeir deyir, şeir təranəsidir qoca çinarın yaşıl nəğməsi...

Bir də yaddaşdır, bu qədim şəhərin yaddaşını pıçıldayır. Bu qədim şəhərin dünənini, bu gününü sadalayır, işıqlı, nurlu sabahını soraqlayır.

Belə zəngin, yaddaşlı, qədim, bu günlüdür, qoca çinarın yaşıl nəğməsi...

"Zərrabi" pıçıltılıdır, bu səs, bu nəğmə. Çalış xatırla o qədim həyəti: Bir hücrədə Nizami oturub, fikirli-düşüncəli. "Şairin gəncliyi"mi soraqlanıb, yoxsa "Afaq"ı xatırlayır. Ya onu Sultan Səncərin zülmündən cana doymuş o qocanın dərdi alıb. Bəlkə "Şairin hikmət dünyası" qövr eləyir. Bəlkə də "Xeyir və Şər"in qoşalığı onu tutub. Xeyir və Şər - qədim Şərq təfəkkürünün, orta əsrlər fəlsəfi dünyagörüşünün iki əsas, lakin bir-birinə zidd qəhrəmanları. Dahi Nizami Xeyrə humanizmin, işıqlı, nurlu idealın gözü ilə baxmış, sabahın fəlsəfi mahiyyətini onun varlığında, mövcudluğunda görmüş, yaranışın qələbəsi naminə çalışan Xeyiri sevə-sevə, sabaha inamla, insanlığa inamla tərənnüm etmişdir.

Şər isə şər-xətadır, həyatın astar üzü, pis əməlin kölgəsi kimi yaşayır. Hiylə üçün pis əməlin özü kimi yaşayır, pislik bürüncəyində iblis kimi qəhqəhə çəkir.

Qədim Şərq təfəkkürünün, orta əsrlər fəlsəfi dünyagörüşünün iki əsas, bir-birinə zidd qəhrəmanlarının mübarizəsində Xeyirin tərəfində olan müdrik Nizami dünyaya car çəkir: Yox, yox, Xeyir əməllər sahibi qara şərin hiyləsində qala bilməz. Şər ölməli, Xeyir isə olmalıdır. Nizami belə istəyir. Deməli, belə də olacaq, dünyamız, yaşayışımız işıqlı Xeyir əməli ilə dolacaq. Nizami Poeziya Teatrı bunu yayır, bunu soraqlayır.

Qoca çinarın yaşıl nəğməsi... Bir dinlə, "Şərəfxanlı"da oxunur. El Nəğmələri Teatrının oxumaları qanadlanır, nəğmə-nəğməyə qovuşur. Tarixi abidənin sinəsindən qopan nəğmə səsləri bütün şəhəri başına götürür.

Qoca çinarın yaşıl nəğməsi... "Qırıxlı" məscidi yamyaşıl şəfa məlhəmidir. "Şəfa çiçəyi"nin ürəyindən qopub gəlir. Nadir nəğmədir. Dahi bəstəkar Fikrət Əmirov görüb, bəyənib, dünyanın çox ölkələrində olmuşam, lakin belə inci mənbəyi görməmişəm - söyləyib.

Qoca çinarın yaşıl nəğməsi... Bağbanlar səmtindən havalananda daha nəvazişkar, daha yatımlı, daha gəlimli, daha gedimli olur. Bir az da Nizami dühası ilə çətirlənmiş "Ozan" havalı, "Ozan" ünvanlıdır bu nəğmə...

Qoca çinarın yaşıl nəğməsi... Sorağına düşsən, soraqlasan qədim məbəd "Tatlar məscidi"nə gətirəcək, Nizami hikmətinə, Puşkin nəğməsinə qovuşduracaq. Toğrul Nərmanbəyovun divarboyu tablosu gözoxşayır. "Xəmsə"dən səhnələr, Kəpəzin və Göygölün ecazkar görünüşü, rus şairinin Qafqazda keçən günləri, Peterburq həyatından fraqmentlər rənglərin "dili", fırçanın sehri ilə ustalıqla "nəql" edilir. Nizami və Puşkin səni elmə, biliyə və elm-bilik mənbəyi olan kitabxanaya səsləyir:

Qüvvət elmdədir, başqa cür heç kəs,

Heç kəsə üstünlük eyləyə bilməz.

Və bir də: "Bilik mənbəyi olan kitabı sevin".

Qoca çinarın yaşıl nəğməsi ürəyimizə, canımıza, qanımıza hopub. Dinlədikcə bu şəhərin tarixi varaqlanır, minilliklər göz önündə canlanır. Bir də qədim dövrə, qədim mədəniyyətə hörmət, səcdə yada düşür.

Qoca çinarın yaşıl nəğməsi... Keçmişdən ilhamlanıb, bu gün üstə köklənib bu nəğmə... Gəncəmizin adamları ürəyindən od veriblər bu nəğməyə, işıqlı ürəklər oxuyur qoca çinarın yaşıl nəğməsini. Ulu öndərin adını daşıyan bağın fidanları bu qədim nəğməyə sabah təravəti gətirir. Amfiteatrda gənclərin oxuduğu nəğmələr "Zəfər tağı"nı adlayaraq bütün dünyaya yayılır.

Qoca çinarın yaşıl nəğməsi... İnsan ideallarından nurlanan, şəhidlərin ömründən işıq alan o əbədi məşəlin ürəyindən qopub gəlir. Bəylə gəlin qoşalığı bu nəğməyə qapılıb, səadəti, xoşbəxtliyi bu nəğmədən, bax bu səsdən alıbdır: Qoşa qarıyın. Nəğmə səsi, nəğmə seli karvan kimi qanadlanır, bu şəhərin bir işıqlı, toy-düyünlü dünyasına ünvan alır.

Qoca çinarın yaşıl nəğməsi... Qədim şəhərin bugünkü nəsli daha ürəkdən oxuyur bu nəğməni. Haqları da var, layiqdirlər bu nəğməyə - həm zəngin, yaddaşlı, həm qədim, həm bu günlü, həm də sabah soraqlı qoca çinarın yaşıl nəğməsinə...

Dinlədikcə ürəyin köksünə sığmır, çırpınır, çırpınır. Bu şəhərin nurlu adamları səs verir səsimə:

Daşa dönmüş əsrlərin təranəsi,

Daşa dönmüş əsrlərin ünü-səsi.

Dünən, sabah soraqlıdır,

Bu qoca çinarın yaşıl nəğməsi...

Qoşulun bizə, hər sözə, hər söhbətə öz dövrünün aynasında qiymət verin. Silinməz, pozulmaz bir yazıya çevrilsin deyilən söz, əbədi nəğmə kimi bu şəhərin tarixinə yazılsın...

Vaqif TANRIVERDİYEV,

"Respublika".