SAĞLAM HƏYAT
Maraqlı

SAĞLAM HƏYAT

Bu əlamət diabetdən xəbər verə bilər

Macarıstanlı tədqiqatçılar müəyyən ediblər ki, qəfil yaranan başgicəllənmə və ya huşsuzluq sonrakı illərdə diabetin əlaməti ola bilər.

Mütəxəssislər 2-ci tip diabet riski olan xəstələrdə ürəyə təsir edən sinir zədələnmələrinin altı dəfəyə qədər çox olduğunu aşkarlayıblar. Onlar iddia edirlər ki, neyropatiya adlanan bu vəziyyətin simptomları zəiflik və başgicəllənmədir. Bunlar diabet diaqnozu qoyulmazdan bir neçə il əvvəl ortaya çıxır.

Neyropatiya sinirlərin zədələnməsi mənasını verən tibbi termindir və hazırda diabetin məlum olan simptomlarından biridir. Əsasən ayaqlarda və əllərdə uyuşma, yanma hissi, ağrı, kramp kimi əlamətlərlə özünü göstərir.

"Frontiers in Endocrinology" jurnalında dərc olunan araşdırmada qeyd edilir ki, tədqiqatçılar şəkərli diabet riski yüksək olan insanların sağlam insanlarla müqayisədə parasimpatik neyropatiya adlı bir növə tutulma ehtimalının 5,9 dəfə çox olduğunu müəyyənləşdiriblər. Tədqiqatda şəkər xəstəliyinə tutulma riski yüksək hesab edilən 44 nəfərin sağlamlıq testlərinin nəticələri müqayisə olunub. İştirakçıların ürək döyüntüləri ölçülüb və onların ağrı, yanma, uyuşma kimi hisslərə reaksiyası müayinə edilib. Bundan əlavə, diabet riski olan qrupda ürəklə əlaqəli sinir zədələnməsi növü olan kardiyak avtonom neyropatiyaya (KON) da rast gəlinib. Onun simptomlarına çox məşq edə bilməmək və aşağı qan təzyiqi daxildir. Bu, həmçinin qəflətən ayağa qalxdıqda başgicəllənmə və ya huşunu itirmə hissi yarada bilər.

Kök olmağın da faydası var imiş...

Demensiya (unutqanlıqla müşayiət olunan xəstəliklərin ümumi adı) nisbətlərinin azaldığı halda piylənmə nisbətlərinin niyə artdığını anlamağa çalışan mütəxəssislər araşdırmalar nəticəsində maraqlı bir faktı ortaya çıxarıblar. "JAMA Neurology" jurnalında dərc olunan araşdırmaya görə, piylənmə yaşlı insanları demansiyadan qoruyur.

Məlumdur ki, orta yaşda piylənmə yaşlandıqca demensiyanın inkişafı üçün aparıcı risk faktorudur. Burada əsas səbəblərdən biri beynə gedən qan axınının azalmasıdır. Piylənmə həm də bütün bədəndəki qan damarlarına zərər verə bilən yüksək qan təzyiqi riski hesab olunur.

Amma maraqlısı odur ki, 65 yaşdan sonra bu vəziyyət dəyişir. Belə ki, bu yaş həddindən sonra artıq çəkiyə sahib olmağın beynə təsir edən xəstəliklərə qarşı qoruyucu funksiyası olduğu aşkarlanıb. Bu iki ziddiyyətli faktı tədqiqatçılar "piylənmə paradoksu" adlandırıblar. Beləliklə, piylənmənin bütün hallarda insan sağlamlığı üçün zərərli olduğuna dair ənənəvi inanca zərbə vurulub. Paradoksun əsas səbəbi isə hələlik məlum deyil.

Hər gün yumurta yemək ölümə yol açır

Yumurta ana südündən sonra insanın ehtiyacı olan bütün qida elementlərini saxlayan tək qida qaynağıdır. Çox yüksək kaloriliyi ilə seçilən bu məhsul aclığı götürməklə yanaşı, orqanizm tərəfindən asanlıqla mənimsənilən qidalardan hesab edilir. Lakin çinli alimlər iddia edirlər ki, müntəzəm olaraq yumurta istehlakı ölüm riskini əhəmiyyətli dərəcədə artıra bilər.

Mütəxəssislər keçmiş araşdırmalarda 500 mindən çox insanın qatıldığı sorğu nəticələrini təhlil ediblər. Tədqiqatın gedişində 1990-cı illərin ortalarında insanların qida payı araşdırılıb.16 il sonra 129.3 min sorğu iştirakçısının artıq həyatda olmadığını müəyyən edən elm adamları əvvəlki araşdırmaları yenidən nəzərdən keçiriblər. Onların bir çoxunun tez-tez yumurta yediyi bəlli olub.

Tədqiqatçılar yeməyin yağ və xolesterolla zəngin olduğunu, bunun infarkt riskini və bir çox sağlamlıq problemini artıra biləcəyini söyləyirlər. Bu baxımdan yumurtaların, xüsusilə də sarısının tez-tez istifadəsindən imtina etməyi tövsiyə edirlər.

Çiyələklə hansı qidaları yemək olar?

Çiyələk həm uşaqların, həm də böyüklərin sevərək yedikləri giləmeyvələrdəndir. Bol miqdarda dəmir və fosfora malik olan bu meyvənin tərkibi A, B, C və K vitaminləri baxımından olduqca zəngindir. Güclü antioksidant xüsusiyyətinə görə immuniteti gücləndirir. Lakin onun müəyyən qidalarla birləşməsi həzm problemlərinə səbəb ola bilər. Mütəxəssislər çiyələyi süd məhsulları ilə birgə yeməyi məsləhət görürlər.

Süd məhsullarının tərkibindəki kalsium çiyələkdəki turşuların həzm sisteminə mənfi təsirini neytrallaşdırır. Onu səhər yeməyində müxtəlif dənli bitkilərə əlavə etmək də əla seçimdir. Bundan əlavə, çiyələyi banan, portağal, qarğıdalı, ananas, badam və püstə ilə yemək məsləhətdir. Lakin onun xüsusilə nişastalı qidalar, paxlalılar, göbələklər, yumurta və balıqla istehlakı düzgün hesab edilmir.

Qeyd edək ki, çiyələyin mövsümündə yeyilməsinə diqqət edilməlidir. Çünki mövsümündən əvvəl istixana şəraitində meyvələrin yetişdirilməsində insan orqanizminə mənfi təsir edən kimyəvi maddələrdən istifadə olunur.

Hazırladı: Elenora HƏSƏNOVA,

"Respublika".