DÜNYA BU GÜN
Dünya xəbərləri

DÜNYA BU GÜN

TÜRKİYƏ PREZİDENTİ: XAOS DÜNYANIN HAKİM RƏNGİNƏ ÇEVRİLİB

“Beynəlxalq sistemdə tarazlıq pozulub, qeyri-müəyyənlik artıb və xaos dünyanın hakim rənginə çevrilib”. “TRT” telekanalının verdiyi xəbərə görə, bu barədə İstanbulda keçirilən maliyyə sammitində çıxışı zamanı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.

Dövlət başçısının sözlərinə görə, dünya son illər köklü bir transformasiya prosesi keçir. O, əlavə edib ki, İkinci Dünya müharibəsindən sonra qurulan iqtisadi, hərbi və siyasi sistemin əsasları hər yeni proseslə daha da sarsılır.

Ərdoğan bildirib ki, koronavirus epidemiyasının yaratdığı fəsadlar aradan qalxmamış Rusiya-Ukrayna müharibəsi, ardınca isə Qəzza böhranı başladı. Prezident vurğulayıb ki, bunlar qlobal nizamın acizliyini ortaya qoyaraq, mövcud beynəlxalq qurumlara inamı sarsıdıb.

Eyni zamanda, Türkiyə liderinin fikrincə, dünyada asayişin qorunmasına cavabdeh olan strukturların, xüsusən də BMT-nin Təhlükəsizlik Şurasının ədalətsiz və təhrif edilmiş xarakteri bir daha üzə çıxıb.

“Açığını desək, hazırda dünyada məzlumları qoruyacaq, zalımları dayandıracaq, zülmün qarşısını alacaq heç bir təşkilati mexanizm yoxdur. İllərdir bizə qlobal təhlükəsizliyin təminatçısı kimi deyilən qurumlar böyük çarəsizlik içindədir. Dünya bugün nəhəng bir kəndə çevrilib. Sərhədlər və məsafələr bizi qoruya bilmir”, - deyə Ərdoğan fikrini tamamlayıb.

NATO-NUN RUSİYA SƏRHƏDLƏRİ PERİMETRİ BOYU KİBER LABORATORİYALARI

NATO Rusiya sərhədlərinin perimetri boyunca kiber laboratoriyalar şəbəkəsi yaradır. “Trend” agentliyinin xəbərinə görə, bu barədə Rusiya prezidentinin xüsusi nümayəndəsi, Xarici İşlər Nazirliyinin beynəlxalq informasiya təhlükəsizliyi şöbəsinin direktoru Artur Lyukmanov bildirib.

XİN rəsmisinin sözlərinə görə, NATO Rusiya sərhədlərinin perimetri boyunca - Estoniya, Latviya, Finlandiya və Rumıniyada kiber laboratoriyalar şəbəkəsi yaradır, perspektivdə isə Gürcüstan və Moldovada kiber laboratoriyalar yaratmağı planlaşdırır.

“İnformasiya sahəsində Rusiyaya qarşı hibrid müharibə metodları işlənib hazırlanır. Əsas poliqon olaraq Ukraynadan istifadə olunur, ölkənin hakerləri, NATO kuratorlarının güclü nəzarəti altında elektron diversiya həyata keçirir”, - deyə XİN nümayəndəsi əlavə edib.

ÜST: KORONAVİRUS SƏBƏBİNDƏN DÜNYADA ORTA ÖMÜR MÜDDƏTİ AZALIB

Koronavirus pandemiyası ilə əlaqədar 2019-2021-ci illər ərzində dünyada orta ömür uzunluğu 1,8 il azalaraq 71,4 il təşkil edib. “Report” agentliyinin xəbərinə görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) statistik məlumatları göstərir.

Ekspertlərin sözlərinə görə, “COVID-19” pandemiyası gözlənilən sağlam ömür uzunluğunun tədricən artım tendensiyasını dəyişdirdi. Gözlənilən sağlam ömür göstəricisi 1,5 il azalaraq 61,9-a düşüb.

Bununla yanaşı, Cənub-Şərqi Asiya və Amerika regionlarında göstəricilər 2019-cu ildən 2021-ci ilə qədər müvafiq olaraq 2,5 və 3 il azalıb ki, bu da qlobal antirekorddur.

ÜST-nin baş direktoru Tedros Adhanom Gebreyesus “COVID-19” pandemiyasının gözlənilən ömür artımını iki il ərzində necə heçə endirdiyini vurğulayıb.

ÜST-nin yeni statistikası göstərir ki, koronavirus 2020 və 2021-ci illərdə dünyada milyonlarla insanın ölümünə üç əsas səbəbdən biri olub.

MEKSİKADA KƏSKİN İSTİLƏRƏ GÖRƏ ÖLƏNLƏRİN SAYI ARTIB

Meksikada mart ayından bəri isti hava səbəbindən 48 ölüm halı qeydə alınıb. Hazırda bir sıra ərazilərdə Selsi üzrə 45 dərəcə istilər müşahidə olunur. Sinoptiklər yeni temperatur rekordlarının ola biləcəyinə dair xəbərdarlıq ediblər. “Trend” agentliyinin xəbərinə görə, bu barədə Meksikanın Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, 950-dən çox insan günvurma ilə əlaqədar xəstəxanalara müraciət edib. Ötən ilin mart-oktyabr aylarında ölkədə istidən 419 nəfər ölmüşdü.

Bununla yanaşı, Meksika Universitetinin İqlim Dəyişikliyi Araşdırma Proqramının koordinatoru Fransisko Estrada 2024-cü ilin “tarixin ən isti ili” olacağını bildirib.

Eyni zamanda, Fransisko Estrada qeyd edib ki, istidən təkcə insanlar deyil, digər canlılar da əziyyət çəkir. Belə ki, istilər səbəbindən ölkə ərazisində xeyli sayda meymun tələf olub.

BU ÖLKƏLƏR “DRON SƏDDİ” YARADACAQLAR

Polşa, Finlandiya, Norveç və Baltikyanı ölkələr pilotsuz uçuş aparatlarından istifadə etməklə, sərhədlərini qorumaq üçün “dron səddi” yaradılmasını razılaşdırıblar. “Report” agentliyinin xəbərinə görə, bu barədə Litvanın daxili işlər naziri Aqne Bilotayte bildirib.

“Bu, tamamilə yenilikdir - Norveçdən Polşaya qədər uzanan “dron səddi” yaradılacaq. Məqsəd sərhədlərimizi dost olmayan ölkələrin təxribatlarından qorumaq və qaçaqmalçılığın qarşısını almaq üçün PUA-lardan və digər texnologiyalardan istifadə etməkdir”, - deyə nazir vurğulayıb.

Belə “dron səddi” yaratmaq üçün ölkələr sərhəd ərazilərinə nəzarət etmək məqsədilə PUA-lardan, həmçinin bu vasitələr əleyhinə sistemlərdən istifadə edəcəklər.

Aqne Bilotaytenin sözlərinə görə, Litva artıq PUA-ların köməyi ilə sərhədlərinin təhlükəsizliyini gücləndirməyi planlaşdırır. O, bildirib ki, Litvanın Dövlət Sərhədini Mühafizə Xidmətində bu yaxınlarda dron bölməsi yaradılıb.

İTALİYA RUSİYADAN PLATİN İDXALINI BƏRPA EDİB

İtaliya üç aylıq fasilədən sonra Rusiya platininin idxalını yenidən bərpa edib. “Sputnik” informasiya agentliyinin xəbərinə görə, bu barədə Avropa Statistika Xidməti məlumat yayıb.

Verilən xəbərə görə, rəsmi Roma ötən ilin dekabrında Rusiya Federasiyasından bu qiymətli metalın müntəzəm alışını dayandırıb və fevral ayına qədər fasilə verib. Artıq İtaliya yenidən alışa başlayıb - cəmi 32,6 milyon dollar dəyərində 980 kiloqram platin idxal edilib.

Rusiya Federasiyasından platin alan bütün alıcılar arasında cari məlumatlara görə, bu ilin mart ayında ən böyük - 140 milyon dollar alışla Honq-Konq, Çin (107 milyon dollar) və ABŞ (94 milyon dollar) olublar.

Qeyd edək ki, platin planetin ən bahalı və nadir metallarından biri sayılır. Milli Reytinq Agentliyinin məlumatına görə, Rusiya Federasiyası illik həcmi, təxminən 20 ton olan platin istehsalına görə dünyada ikinci yerdədir. Bu qiymətli metalın digər əsas istehsalçıları Cənubi Afrika (140 ton) və Zimbabvedir (15 ton).

YAPONİYADAN ÜRƏK XƏSTƏLİKLƏRİNİN MÜALİCƏSİNDƏ YENİ ÜSUL

Yaponiyada dünyada ilk dəfə olaraq induksiya edilmiş kök hüceyrələrin (iPS-hüceyrələr) istifadəsinə əsaslanan ürək xəstəliklərinin müalicəsi üsulu təsdiqlənə bilər. Bu barədə Yaponiyanın “Nikkei” biznes qəzeti məlumat yayıb.

Nəşrin xəbərinə görə, Osaka Universitetinin “Qualips” tibbi startapı yaxın vaxtlarda Yaponiya Səhiyyə Nazirliyinə iPS-hüceyrələrdən istifadə etməklə ürək xəstəliklərini müalicə etməyə imkan verən öz tərtibatının kommersiyalaşdırılması və istifadəsinin təsdiqi üçün ərizə təqdim edəcək. Metod ürəyin işemik xəstəliyi olan pasientə iPS-hüceyrələrdən yaradılmış ürək toxumasının köçürülməsini nəzərdə tutur.

Açıqlamaya əsasən, kliniki sınaqlar zamanı belə toxuma səkkiz xəstəyə köçürülüb. Nəticədə onların hamısında ürək funksiyasında əhəmiyyətli irəliləyiş müşahidə olunub. Bu müalicə üsulunun ürək üçün transplantasiya əməliyyatından daha az risk daşıdığı, əməliyyatın özünün isə daha az vaxt tələb etdiyi vurğulanıb.

Bildirilir ki, sözügedən metod təsdiq edilərsə, bu, ürək xəstəliklərinin iPS-hüceyrələrdən istifadə etməklə dünyada ilk müalicəsi olacaq.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.