Qusarda əmək yarmarkası
Region

Qusarda əmək yarmarkası

Əhalinin məşğulluğunun təşkili, işaxtaran və işsiz şəxslərin mövcud olan vakant iş yerləri haqqında məlumat əldə etmələri, işəgötürənlərə zəruri peşəyə, ixtisasa və təcrübəyə malik olan kadrların seçiminə kömək məqsədilə Dövlət Məşğulluq Agentliyinin Quba-Xaçmaz Regional filialı tərəfindən Qusar şəhərində əmək yarmarkası keçirilib.

Əmək yarmarkasında 17 işəgötürən tərəfindən işsiz və işaxtaran şəxslərə 198 boş iş yeri təklif edilib. Təklif olunan vakansiyalar üzrə minimum əməkhaqqı 345 manat, maksimum isə 1250 manat olub.

İqtisadi fəaliyyət növünə görə vakansiyalar daha çox rayonun əmək bazarının tələbatına uyğun olaraq aqrar, səhiyyə, turizm, emal, ticarət və təhsil sahələrini əhatə edir. Yarmarkada aqrar sahə üzrə 5, turizm 4, səhiyyə 2, təhsil 1, istehsal və emal 2, satış 1 və xidmət sahəsi üzrə 2 işəgötürən iştirak edib. Yarmarkada işçi axtaran işəgötürənlərin 14-ü özəl, 3-ü dövlət sektorunu təmsil edib. Özəl sektorun təmsilçiləri işaxtaranlara daha çox mövsümə uyğun olaraq kənd təsərrüfatının bağçılıq istiqaməti üzrə vakansiyalar təklif ediblər. Bu sahə üzrə yarmarkaya 89 vakansiya çıxarılıb. Bu da ümumi vakansiyaların 47 faizini təşkil edir.

Təklif edilən iş yerlərinin 65-i ali və orta ixtisas tələb edən, 133-ü isə ixtisas və peşə tələb etməyən vakansiyalardır. İxtisaslı kadrlara ən çox tələbat səhiyyə sahəsindədir. Bu sahə üzrə rayonda 53 ali və orta təhsilli tibb işçisinə tələbat yaranıb. Tədbir zamanı işəgötürənin nümayəndələri tərəfindən müvafiq vakansiyalara dair tələblər barədə iştirakçılara ətraflı məlumat verilib.

Filial tərəfindən təqdim olunmuş vakansiyalara dair tələblər təhlil olunaraq işsiz və işaxtaran şəxs kimi qeydiyyatda olan 700 nəfərdən çox vətəndaşa məlumat verilib. Dəvət edilmiş şəxslər arasında müharibə iştirakçıları, qazilər və sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslər də yer alıb. İşəgötürən tərəfindən vakansiyalara müraciət edən şəxslərin CV-ləri qəbul edilərək nəzərdən keçirilib, uyğun namizədlər növbəti mərhələyə dəvət olunublar.

Ziyafəddin BAYRAMOV,

"Respublika".