Milli qürur və ehtiram rəmzi
Tarix

Milli qürur və ehtiram rəmzi

27 may Azərbaycan xalqı üçün əlamətdar gündür. Xalqımızın ruhu ilə səsləşən Dövlət Himnimizin təsdiq olunmasının ildönümüdür. Qəlbimizdə dərin kök salmış bu himn Vətənə məhəbbətimizin, azadlığımız və suverenliyimiz uğrunda canlarını fəda etmiş şəhidlərimizə sarsılmaz ehtiramımızın ifadəsidir.

"Azərbaycan marşı" adlı dövlət himni rəsmi olaraq 1992-ci il mayın 27-də qəbul edilib. Lakin onun tarixi XX əsrin əvvəllərinə gedib çıxır. Şərq musiqisinin korifeyi Üzeyir Hacıbəyovun bəstəsi və görkəmli şair Əhməd Cavadın qələmə aldığı sözlərin vəhdətindən yaranan himn Azərbaycan xalqının arzularını və mətanətini özündə ehtiva edən şah əsərdir. Klassik musiqimizin banisi Üzeyir Hacıbəyov dövlət himninin notlarında dərin ləyaqət və vətənpərvərlik hissi aşılayıb, Qərb musiqi elementlərini ənənəvi Azərbaycan motivləri ilə birləşdirib. Əhməd Cavadın lirikası isə igidlik, birlik, vətənə bağlılıq mövzularını önə çəkir.

1917-ci ildə Yusif Vəzir Çəmənzəminli "Açıq söz" qəzetində milli marşların yaradılmasının vacibliyini bəyan etmişdi. O, bu işin öhdəsindən bəstəkar Üzeyir Hacıbəyovun gələcəyini deyirdi. Beləliklə, həmin ilin sonlarında "milli marş" yazıldı. ADR yaranandan sonra həmin bəstə Dövlət marşı statusu aldı. Lakin Aprel işğalından sonra marşın səsləndirilməsi qadağan edildi və not materialları itirildi. Üzeyir Hacıbəyovun yazdığı ikinci marş isə "Azərbaycan marşı" adlanırdı. Sözləri Əhməd Cavada aid olan marş 1919-cu ildə çap olunub. 1920-ci il yanvarın 30-da Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurası milli himnin hazırlanması haqqında qərar qəbul etdi. Bu məqsədlə Xalq Maarif Nazirliyi müsabiqə keçirdi. Ən yaxşı Dövlət himni layihəsinə görə 15 min rubl mükafat təyin edilmişdi. Müsabiqənin nəticələri 1920-ci il mayın 28-də elan olunmalı idi. Lakin aprelin 28-də sovet qoşunları Azərbaycanı işğal etdi və milli himnin qəbul olunması baş tutmadı.

Üzeyir bəyin qardaşı Ceyhun Hacıbəyov hər iki marşı Türkiyəyə aparıb. 1966-cı ildə türk musiqişünas Etem Ergünün "Türk Marşları" kitabında Azərbaycan marşı da çap olunub. Azərbaycan SSR himninin musiqisini Üzeyir Hacıbəyov yazıb. Himnin sözləri isə Süleyman Rüstəm, Səməd Vurğun və Hüseyn Arif tərəfindən yazılıb. 1989-cu ildə bugünkü himnimiz olan "Azərbaycan marşı" bəstəkar Aydın Azimov tərəfindən xor və simfonik orkestr üçün oranjeman edilərək lentə yazılıb. Həmin il ilk dəfə xalq qarşısında, eləcə də radio və televiziyada səsləndirilib. 1992-ci il mayın 27-də parlamentdə "Azərbaycan Respublikasının dövlət himni haqqında Qanun qəbul edilib. Həmin qanuna əsasən 1919-cu ildə tərtib edilmiş "Azərbaycan marşı" dövlət himni kimi təsdiq edilib. 2019-cu il aprelin 15-də Azərbaycan Prezidenti İlham Əliyev "Azərbaycan Respublikasının Dövlət Himnindən istifadə qaydaları haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. Qanuna əsasən himnin başqa dildə oxunması və təhrif edilməsi qadağandır. Eləcə də qanunda himnin oxunması ilə bağlı qaydalar da tənzimlənir. Dövlət himninə hörmətsizlik qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.

1992-ci ildə dövlət himninin təsdiq edilməsi müstəqilliyini bərpa etmiş Azərbaycanın milli kimliyinin möhkəmləndirilməsində mühüm məqam oldu. Bu, sovet keçmişindən qopmağı, ölkənin tarixi və mədəni köklərinin bir daha təsdiqini simvolizə edirdi. Himnimizin sözləri xalqımızın dəyərlərinin, tarixinin və ambisiyalarının bəyanıdır və dərin vətənpərvərlik hissi oyadır, hər bir azərbaycanlını torpağımızı əziz tutmağa, qorumağa çağırır:

Azərbaycan!

Azərbaycan!

Ey qəhrəman övladın

şanlı Vətəni!

Səndən ötrü can

verməyə cümlə hazırız!

Səndən ötrü qan

tökməyə cümlə qadiriz!

Bu misralar vətənpərvərlik ruhu və nəyin bahasına olursa-olsun Azərbaycanın suverenliyini qorumaq üçün ümumxalq iradəsi ilə səsləşir. Himn xalqımızın qüdrətini və şücaətini, birliyini və sarsılmaz ruhunu tərənnüm edir. Şəhidlərin xalqımızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda göstərdiyi şücaət və fədakarlıq himnimizdə əbədiləşdirilib.

Rəsmi dövlət mərasimlərindən tutmuş beynəlxalq idman tədbirlərinə qədər hər bir əlamətdar gündə, milli bayramda himnimiz böyük ehtiramla səslənir və milli kimliyimizi möhkəmləndirir. Himn həm də təhsilin ayrılmaz hissəsidir ki, burada uşaqlar onun sözlərini və musiqisini öyrənir, onlara gənc yaşlarından dərin milli qürur hissi aşılayır. Sürətlə dəyişən bugünkü dünyada Azərbaycanın dövlət himni xalqımızın birliyinin və möhkəmliyinin sarsılmaz simvoluna çevrilib. Bu, bizə milli-mədəni irsimizi və bir millət olaraq bizi birləşdirən ortaq dəyərləri xarakterizə edir. Bu günü qeyd edərkən biz himnimizdə ifadə olunan idealları uca tutur və vətənimiz uğrunda canlarından keçmiş insanları hörmətlə anırıq.

Azərbaycanın dövlət himninin təsdiq olunmasının ildönümü sadəcə təqvimdəki tarix deyil, onu iftixarla qeyd etmək günüdür. Əldə etdiyimiz azadlığa görə minnətdarlığımızı bildirmək və torpaqlarımızın hər qarışı uğrunda fədakarlıq edərək şəhid olanları yad etmək məqamıdır. Dövlət himni bizim ruhumuzun, dövlətimizə məhəbbətimizin və onun gələcəyinə sarsılmaz bağlılığımızın inikasıdır. "Azərbaycan marşı"nı oxuduqca bir xalq olaraq bizi müəyyən edən gücü, birliyi xatırlayır, irsimizlə fəxr edir, gələcəyə ümid və inamla addımlayırıq.

Tacir SADIQOV,

"Respublika".