MÜKƏMMƏL MÜRƏKKƏB MEMARLIQ
Maraqlı

MÜKƏMMƏL MÜRƏKKƏB MEMARLIQ

Sivilizasiyaları özündə əks etdirən memarlıq abidələrinə bir nəzər

Əl Bahar qüllələri

2012-ci ildə Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında əzəmətli və innovativ Əl Bahar qüllələri inşa olunub. Özünəməxsus üslubu ilə seçilən kompleksin layihəsi qeyri-adi binaların layihələndirilməsi və tikintisi üzrə ixtisaslaşan "Aedas Architects" Ltd şirkətinin memar və mühəndisləri tərəfindən hazırlanıb. Onların qarşısında duran əsas vəzifə yüksək enerji xərcləri olmadan, isti iqlim şəraitinə maksimum uyğunlaşdırılmış bina tikmək olub. Bunun üçün göydələnlərin fasadında kölgə effekti yaradan və günəşin mövqeyindən asılı olaraq konfiqurasiyasını dəyişən 2000-dən çox moduldan ibarət hərəkət edən elementlərdən istifadə edilib. Bu üsulla memarlar günəş işığının otaqlara keçməsinə mane olmadan binanın qızmasının qarşısını alıblar. Fotovoltaik panellərdən əldə edilən bərpaolunan enerji ilə işləyən ağıllı kölgə sistemi ənənəvi ərəb memarlıq üslubu olan "məşrəbiyə" şəbəkəsi şəklində dizayn edilib.

Körfəzdə ilk LEED Silver sertifikatına sahib olan qüllələrin hündürlüyü 145 metrdir və 29 mərtəbədən ibarətdir. "Memarlıqda yeniliyə görə" nüfuzlu mükafata layiq görülən kompleksdə dövlət məmurlarının ofisləri və müxtəlif biznes mərkəzləri yerləşir. Ofislərdən əlavə, Əl Baharda restoranlar, xüsusi namaz otaqları və konsert zalı var. Əkiz qüllələrdən biri İnvestisiya Şurasının qərargahı kimi istifadə olunur. Ən son mərtəbədə geniş ziyafət zalları, binanın yeraltı hissəsində isə ikimərtəbəli avtomobil dayanacağı fəaliyyət göstərir.

Kral Portuqal Kitabxanası

1837 -ci ildə vətəndən ayrı düşən 43 mühacir Rio-de-Janeyroda Portuqaliya mədəniyyətini təbliğ etmək üçün kitabxana açmaq qərarına gəlib. Abidənin tikintisi 50 il çəkib və kitabxana 1890-cı ildə istifadəyə verilib. Bina Portuqaliya İntibah dövrünə aid "neo-Manueline" üslubunda inşa olunub. Portuqaliyadan kənarda portuqal dilində dünyanın ən böyük ədəbiyyat kolleksiyası və nadir orijinal əlyazmalar da məhz burada yerləşdirilib.

Binanın fasadındakı sünbül elementləri Portuqaliyadan dəniz yolu ilə daşınıb. Arakəsmələri olan hündür pəncərələr, dekorativ simmetrik qüllələr və barelyefli heykəllər abidəyə xüsusi gözəllik verib. Pedro Kabral, Luis de Kamoes, Naviqator Henri və Vasko da Qamanın heykəlləri ilə bəzədilən binanın barelyeflərində Fernand Lopes, Gil Visente, Aleksandr Herkulana və Joao de Almeyda təsvir edilib. Ölkədə ilk dəfə səkkizbucaqlı vitrajlı pəncərələr və mozaika döşəməsi məhz bu kitabxananın interyerində istifadə olunub. İnteryerin ən möhtəşəm elementi olan nəhəng çilçıraq ustalar tərəfindən xüsusi zövqlə hazırlanıb. 350 min cilddən çox kitab kolleksiyası tavana qədər uzanan ağacdan hazırlanmış rəflərdə yerləşdirilib. Kral Portuqal Kitabxanası zahiri və daxili dekorasiyasına görə dəfələrlə müxtəlif ordenlərə layiq görülüb. 2014-cü ildə isə American Time kitabxananı "Dünyanın dördüncü ən gözəl yeri" mükafatı ilə təltif edib.

Şeraton Huçjou

Şanxaydan bir neçə kilometr aralıda yerləşən Şeraton Huçjou otel binasının açılışı 2013-cü ildə baş tutub. Mühəndislik nöqteyi-nəzərindən mürəkkəb layihə Pekində yerləşən MAD Architects memarlıq və dizayn firması tərəfindən həyata keçirilib. At nalı şəklində olan göydələn memar Ma Yansonqun layihəsi əsasında tikilib. Taihu gölü sahilində ucaldılan və dünyanın ən dəbdəbəli isti bulaq kurortu kimi tanınan mehmanxananın tikintisi 1,5 milyard dollara başa gəlib. Otel dizayn və funksionallıq baxımından üçüncü ən yaxşı göydələn kimi Emporis Göydələn Mükafatlarına layiq görülüb. 2014-cü ildə isə "Asiya və Avstraliyada ən yaxşı hündürmərtəbəli bina" üçün CTBUH mükafatını alıb.

Hündürlüyü 102,2, eni isə 116 metr olan mehmanxana 75 hektar ərazini əhatə edir. 27 mərtəbəli kompleksdə 300-dən çox rahat otaq mövcuddur. Otelin ən dəbdəbəli hissəsi əsl Swarovski kristalları ilə bəzədilmiş tavanıdır. Kristalların ümumi sayı təxminən 2000 ədəddir. Fasadlarda quraşdırılmış xüsusi əksetdirici ekranlar oteli istidən qoruyur, bu da kondisionerə olan ehtiyacı azaldır. Binanın forması sayəsində günorta saatlarında bütün eyvanlara kölgə düşür. Binanın heyrətamiz memarlıq konsepsiyası təbiətlə harmoniya yaradır, eyni zamanda sonsuz həyatı simvolizə edir. Burada suvenir mərkəzləri, restoranlar, barlar, fitnes mərkəzləri, boulinq klubları və s. fəaliyyət göstərir.

Hazırladı:

Arzu ASİFQIZI,

"Respublika".