Mürəkkəb mükəmməl memarlıq
Maraqlı

Mürəkkəb mükəmməl memarlıq

Sivilizasiyaları özündə əks etdirən memarlıq abidələrinə bir nəzər

"Böyük Djenne" məscidi

Malidə yerləşən "Böyük Djenne" məscidi günümüzə qədər gəlib çıxan ən möhtəşəm və sirrli abidədir. Məscidin tikilmə tarixini dəqiq müəyyən etmək mümkün olmasa da, təxminən XIII əsrə aid edilir. XIX əsrdə "Böyük Djenne" məscidi Fulbe xalqının lideri Amadunun əmri ilə dağıdılmışdı. Ancaq 1893-cü ildə şəhər fransızların tabeliyinə keçdikdən sonra yerli əhali Fransa administrasiyasının dəstəyi ilə məscidi əvvəlki görkəminə gətirmək üçün tikinti işlərinə başladı və 1907-ci ildə işlər başa çatdı.

Çiy kərpicdən tikilmiş Djenne məscidi dünyada ən böyük ibadət yeridir. Dördbucaq platformada yerləşən minarənin hündürlüyü 50 metr, məscidin özünün hündürlüyü isə 100 metrdir. Malidə məhsuldarlıq və saflıq rəmzi olan dəvəquşu yumurtaları ilə bəzədilmiş məscidin qüllələri müdafiə qalasını xatırladır. Tikinti zamanı həmçinin ot, peyin və düyü qabıqlarının qarışığından istifadə edildiyi də deyilir. "Banco" adlanan bu qarışım əslində, çox kövrək tərkibə malikdir. Belə ki, bütün tikililər yağış suları altında əriyir və yerli əhali bundan çox əziyyət çəkir. Bu səbəbdən də, məscidin yaşını müəyyən etmək olmur. Çünki hər il məscidin divarlarına yeni yamaq vurmalı olurlar. Mali xalqı üçün çox böyük əhəmiyyətə malik abidənin bərpası yerli əhali arasında ənənəyə çevrilib. Onlar hər il yağış mövsümündən sonra "Böyük Djenne" məscidinə sanki bayram coşğusuyla suvaq vururlar. Məscidin həyətində gənc, yaşlı, zəngin, kasıb demədən toplaşan əhali ənənəvi şəkildə məscidi yenidən təmir edir. 1990-cı ildə yerli idarəetmə orqanları tikiliyə səs ötürmə sistemi quraşdırmaq istəyəndə sakinlər məscidə zərər dəyməsindən qorxuduğu üçün etiraz edirlər. Lakin qərbli arxeoloqların dəstəyi ilə Djenne məscidinə səs sistemi yerləşdirilir.

1988-ci ildə UNESCO-nun qədim tarixi abidələr siyahısına daxil edilmiş məscid bu gün də fəaliyyət göstərir və dünyanın hər yerindən müsəlmanlar buraya ibadət etmək üçün gəlirlər.

 

"Kosmosdan gələn kitabxana"

İtaliyanın Perugia şəhərində inşa olunan uçan boşqab formasında kitabxana futuristik dizaynına görə dünyanın ən məşhur kitabxanaları sırasında yer alır. "Kosmosdan gələn kitabxana" adını daşıyan binaya daxil olan hər kəs sanki başqa planetə səyahətə çıxır. Tanınmış Perugia şairi Sandro Pennanın şərəfinə tikilən binanın rəsmi açılışı 2004-cü ilin mayında baş tutmuşdur. Memar İtalo Rotanın inşa etdiyi bina San-Sisto bölgəsinin diqqət mərkəzinə çevrilib. Cəlbedici binanın içərisində hər yaşa və kateqoriyaya uyğun kitablar var.

Üç mərtəbədən ibarət kitabxananın birinci mərtəbəsində qonaq otağı, məlumat, qəzet, multimedia və abunə şöbəsi yerləşir. Bundan əlavə, kitabxanada Klara Serenin hədiyyə etdiyi minə yaxın kitabdan ibarət "Sereni" kolleksiyası və 1960-cı illərə aid klassik musiqi, opera, italyan pop musiqisinin toplandığı vinil diskdən ibarət "Trani" kolleksiyası da yer alır. Təbii və süni işıqlandırma sistemi və mükəmməl səs izolyasiyası ilə təchiz olunmuş kitabxana 24 saat oxucu qəbul edir. Müasir üslubda inşa olunan binanın fasadı düzbucaqlı divarlara birləşdirilmiş minlərlə çəhrayı şüşə sayəsində çox yüngül və zərif görsənir. Mükəmməl işıqlandırma sayəsində gecələr kitabxana daha ecazkar göründüyü üçün içəridə olan oxucular özlərini başqa bir planetdə hiss edirlər.

"Kosmosdan gələn kitabxana"ya üz tutan oxucular həm kitab oxuyur, həm də gözəl mənzərədən zövq alırlar.

 

"İlbiz evi"

XXI əsrin dizaynerləri və memarları layihə üzərində işləyərkən qənaətli, ekoloji cəhətdən təmiz və qeyri-adi binalara üstünlük verirlər. Bolqarıstanın paytaxtı Sofiyanın yaxınlığında yerləşən Simenovo ərazisində tikilən "İlbiz evi" də məhz təmizliyin rəmzi kimi memar Simeon Simeonov tərəfindən dizayn edilmişdir. 10 il davam edən tikinti işləri 2009-cu ildə başa çatmışdır.

Sudan dörd dəfə yüngül və ekoloji təmiz betondan inşa edilən 5 mərtəbəli bina cizgi filmini xatırladır. Ənənəvi üslubdan kənara çıxan memar layihəni həyata keçirərkən hər bir xırda detalı çox diqqətlə düşünmüşdür. İlk baxışda sadəcə bəzək kimi görünən elementlərin hərəsi müəyyən bir funksiyanı yerinə yetirir. Məsələn, "ilbiz"in üstündə yerləşən arı tüstü bacası, buynuzları işıqlandırma sistemi və həm də şimşək qovan çubuq, göz qapaqları ventilyasiya rolunu oynayır. Binanın giriş qapısı "ilbiz"in ağzına quraşdırılıb. Evin içərisində olan qurbağa, böcək, balqabaq formalı əşyalarda isə radiator birləşdirilib.

Maraqlı və eyni zamanda gülməli binanın tikintisi haqqında müxtəlif versiyalar irəli sürürlər. Bəziləri orada uşaq bağçasının olacağını iddia edir, bəziləri isə istedadlı uşaqlar üçün məktəb olacağını söyləyir. Bütün bunlara baxmayaraq, "İlbiz evi" dünyanın hər yerindən gələn turistlərin ən sevdiyi və əyləncəli yerdir.

Hazırladı:

Arzu ASİFQIZI,

"Respublika".