Mükəmməl Mürəkkəb Memarlıq
Maraqlı

Mükəmməl Mürəkkəb Memarlıq

Sivilizasiyaları özündə əks etdirən memarlıq abidələrinə bir nəzər

"Villa d'Este" 

2011 -ci ildə UNESCO-nun Dünya Mədəni İrsi Siyahısına daxil edilən və İntibah memarlığının ən gözəl nümunəsi olan "Villa d'Este" Romanın Tivoli şəhərində inşa olunub. Papa VI Aleksandrın nəvəsi kardinal II İppolito tərəfindən sifariş edilən bu layihə memar-dizayner, arxeoloq, bir çox məşhur memarlıq əsərinin müəllifi Pirro Ligorio tərəfindən yerinə yetirilib. Dəbdəbəli sarayın tikinti işlərinə isə Alberto Qalvani başçılıq edib.

4 hektar ərazidə tikilən möhtəşəm sarayın ətrafında saysız-hesabsız fəvvarələr, şəlalə və heykəllər olan terraslar mövcuddur. Avropanın landşaft dizaynına böyük təsir göstərən "Villa d'Este" bağlarının ən maraqlı hissəsi isə "Yüz Fəvvarə Xiyabanı" və "Orqano" fəvvarəsinin yerləşdiyi ərazidir. Burada hər bir fəvvarənin öz fəlsəfi anlamı var.

O dövrün mədəniyyət mərkəzi statusunu daşıyan saray incəsənət nümayəndələri, həmçinin şair və yazıçılarla görüş üçün də nəzərdə tutulmuşdur. Lakin Birinci Dünya müharibəsindən sonra İtaliya hökuməti tərəfindən satın alınan və rekonstruksiya  edilən villa "Antik kitablar" muzeyi kimi fəaliyyət göstərir.

 

"Le Korbüzye"nin sərgi pavilyonu

Unikal layihələrdən biri də məşhur xeyriyyəçi və qalereya sahibi Heidi Veber sayəsində meydana gəlmişdir.  Sürix şəhəri ərazisində 50 illik torpaq icarəsi hüququnu əldə edən H.Veber orada muzey tikdirməyi qərara almış və layihəni hazırlamağı XX əsrin ən məşhur və eyni zamanda mübahisəli memarlarından olan Le Korbüzyeyə həvalə etmişdir.

Muzey 1967-ci ildə istifadəyə verildikdən sonra burada memarın kolleksiya etdiyi rəsmlər, heykəllər, fotolar və mebellər sərgilənib. 2014-cü ildə isə Veberin torpaq icarəsi başa çatdığı üçün mülkiyyət hüququ şəhər meriyasına keçib. Ekspertlər tərəfindən əmlak 23,5 milyon dollar dəyərində qiymətləndirilsə də, H.Veber 1,06 milyon İsveçrə frankı məbləğində gülünc doğuracaq miqdarda təzminat alıb. Elə həmin il muzeyin adı dəyişdirilərək "Le Korbüzye"nin sərgi pavilyonu adlandırılıb. 2017-2019-cu illərdə isə bina Silvio Şmid və Artur Rüeqq tərəfindən yenidən restavrasiya edilib.

Orijinal görünüşü ilə fərqlənən binanın interyerində bütün konstruksiyalar, hətta qapının tutacaqları belə Le Korbüzye tərəfindən xüsusi dizayn edilib. Pavilyonun mərkəzində olan beton pilləkən isə ziqzaq formasında hazırlanıb. Binanın fasadında istifadə edilən rəngli panellər, döşəmə, daxili divarlar, pəncərə və qapılar da xüsusi modullardan yığılıb və təxminən 20000-ə yaxın polad boltla bərkidilib.

 

"Paltaryuyan maşın" göydələni

Meksikanın paytaxtı Mexikonun şimal-qərb bölgəsində yerləşən müasir Santa-Fe şəhərində inşa olunan unikal binanın rəsmi adı "Kəlamkul" olsa da, bütün dünyada "Paltaryuyan maşın" göydələni kimi məşhurlaşıb. Maya sivilizasiyasının ən nüfuzlu və qədim şəhəri olan Kəlamkulun şərəfinə ucaldılan bu göydələn məşhur meksikalı memar və heykəltəraş Avqustin Hernandez Navvaro tərəfindən 1994-cü ildə layihələndirilib. Müasirliyin və konstruktivizmin tərəfdarı olan A.H.Navvaro insanlara təmizlik və təravət hissi bəxş etmək üçün binanı məhz paltaryuyan maşın şəklində dizayn edib. Qısa müddətdə populyarlıq qazanan binanın rəsmi açılışı isə 1997-ci ildə baş tutub.

Göydələnin tikintisində ən son texnologiyadan istifadə edilib. Ağ rəngə boyanmış hündürmərtəbəli binanın qeyri-adi konfiqurasiyasına əlavə olaraq dörd divarın hər birinə dairəvi panoramik pəncərələr quraşdırılıb. "Ağıllı ev" sisteminin standartlarına tam şəkildə cavab verən bu tikili ölkənin ən çox ziyarət edilən yerlərindən birinə çevrilib.

Hazırladı:

Arzu ASİFQIZI,

"Respublika".