Qayıdışımız uzaqda deyil...
Digər xəbərlər

Qayıdışımız uzaqda deyil...

Erməni vandalları "dənizdən-dənizə böyük Ermənistan" iddialarından heç vaxt əl çəkməmişlər. Zaman-zaman Azərbaycan ərazilərini işğal etmiş, həmişə türk xalqlarına qarşı düşmənçilik mövqeyində dayanmışlar. Ermənilər Rusiyanın əlində Türkiyəyə və Azərbaycana qarşı terrorçuluq alətinə çevrilmişlər. Beynəlxalq qaydaları pozmaq və terrorçuluq Ermənistanda dövlət siyasəti səviyyəsinə çatdırılmışdır.

1813 və 1828-ci illərdə imzalanan Gülüstan və Türkmənçay müqavilələri Azərbaycan xalqının parçalanmasının, tarixi torpaqlarımızın bölünməsinin əsasını qoydu. Bu milli faciənin davamı kimi torpaqlarımızın zəbti başlandı. Qısa müddətdə ermənilər kütləvi surətdə Azərbaycan torpaqlarına köçürüldülər. İrəvan, Naxçıvan və Qarabağ xanlıqlarının ərazilərində məskunlaşdırılan ermənilər orada yaşayan azərbaycanlılarla müqayisədə azlıq təşkil etmələrinə baxmayaraq, havadarlarının himayəsi altında "erməni vilayəti" adlandırılan inzibati bölgünün yaradılmasına nail oldular. Belə süni ərazi bölgüsü ilə əslində azərbaycanlıların öz torpaqlarından qovulması siyasətinin bünövrəsi qoyuldu. "Böyük Ermənistan" ideyaları təbliğ olunmağa başlandı. Bu uydurma dövlətin Azərbaycan torpaqlarında yaradılması məqsədilə erməni xalqının tarixinin saxtalaşdırılmasına yönəlmiş genişmiqyaslı proqramlar reallaşdırıldı.

Ermənilərin İrəvana, Zəngəzura, Göyçə mahalına və digər Qərbi Azərbaycan torpaqlarına köçürülməsi mərhələ-mərhələ həyata keçirilmişdir. Bu, erməni dövləti yaratmaq niyyəti güdən Rusiya imperiyasının çoxdankı işğalçılıq planlarının tərkib hissəsi idi. İran və Türkiyə sərhədlərində xristian zolağı yaratmaq niyyətində olan Rusiya erməniləri başlıca olaraq dağlıq ərazilərə, habelə münbit torpaqları olan yerlərə köçürürdü.

Birinci Dünya müharibəsindən, Rusiyada baş vermiş 1917-ci il fevral və oktyabr çevrilişlərindən məharətlə istifadə edən ermənilər öz istəklərini bolşevik bayrağı altında reallaşdırdılar. 1918-ci ilin mart ayından etibarən daşnaklar Qərbi Azərbaycan ərazilərində daha da azğınlaşdılar. Bütün terror hadisələrinin başında qatı millətçi, türk xalqlarının düşməni Stepan Şaumyan dururdu. O, Qafqaza Leninin tövsiyəsi ilə göndərilmişdi. Şaumyanın məqsədi Azərbaycan xalqını parçalamaq, onun ziyalılarını aradan götürmək idi.

Qərbi Azərbaycanın Çəmbərək (Krasnoselo) rayonunda mədəniyyət işçilərinin seminar müşavirəsində iştirak edən Ermənistanın mədəniyyət nazirinin birinci müavini demişdir: "Sonu yan, tan, can, an şəkilçiləri ilə bitən sözlərin hamısı ermənilərə məxsusdur və buradan belə nəticəyə gəlmək olar ki, erməni xalqının özü kimi, dili də dünyanın ən zəngin dilidir". Müşavirədə bir nəfər cəsur, qorxmaz azərbaycanlı bərk əsəbləşir və danışıq üçün söz alaraq deyir: "O zaman Tayvan, Livan, Pakistan da sizindir?". Nazirliyin nümayəndəsi cavab verə bilmir. Nazir müavininin məqsədi Basarkeçərdə də müşavirə keçirmək idi. O, bu fikrindən vaz keçir, bilir ki, Basarkeçərdə azərbaycanlılar daha çoxdur, ola bilsin ki, daha böyük etirazla qarşılanar. Müşavirədən sonra nazir müavini İrəvana qayıdır.

İrəvan şəhərini Azərbaycan Xalq Cümhuriyyətinin rəhbərliyi 1918-ci ildə Ermənistana hədiyyə etmişdir. İrəvan xanlığı əzəli Azərbaycan torpağıdır. Ermənilər bu bölgəyə qonaq kimi gəlmişlər. Ona görə haqq-ədalət, tarixi həqiqət, beynəlxalq hüquq, iqtisadi imkanlar, hərbi potensial - bütün bu amillər tərəzinin bir gözündə, Ermənistanın qeyri-konstruktiv və heç bir beynəlxalq normalara sığmayan siyasəti isə tərəzinin digər gözündədir.

1918-ci ilin mart-iyul aylarında erməni daşnakları Qərbi Azərbaycanın demək olar ki, bütün ərazilərində dinc əhaliyə qarşı soyqırımı törətdilər. Beş ay ərzində minlərlə soydaşımız erməni faşizminin qurbanı oldu. Bu, bir daha onu sübut edir ki, Ermənistan dövlətinin ideologiyası faşizm üzərində qurulmuşdur.

Ermənistan adlı qara kölgə Qərbi Azərbaycanın başı üzərində dolaşmaqda idi. 1920-ci ilin yazında Tiflisdə parlament nümayəndələri Ermənistanın paytaxtını müəyyənləşdirmək məqsədilə müzakirəyə başladılar. Qədim türk şəhəri İrəvanın Ermənistana paytaxt verilməsi parlament üzvü Həsən bəy Ağayev tərəfindən kəskin etirazla qarşılandı. 28 nəfər parlament üzvündən 16 nəfəri İrəvanın Ermənistanın paytaxtı olmasına səs verdikdə Həsən bəy Ağayev etiraz əlaməti olaraq istefa verib parlament üzvlüyündən çıxdı. Bir neçə gündən sonra daşnaklar onu Tiflisdə qətlə yetirdilər. 1920-ci ilin əvvəlində Azərbaycanın Qazax qəzasının cənub hissəsində Ermənistanın Dilican qəzası yaradıldı. Zəngəzur qəzasının bir hissəsi Ermənistanda qaldı. Qeyd etmək lazımdır ki, XI qızıl ordu Ermənistanı işğal etdikdən 3 gün sonra, yəni 1920-ci il dekabrın 1-də Rusiyanın təzyiqi ilə Azərbaycan Xalq Komissarları Şurası Dilicanı, Qaraqoyunlu dərəsini və Göyçəni ermənilərə verdi.

1918-ci ildə polkovnik Silikyanın quldur dəstəsi Basarkeçəri üzük qaşı kimi dövrəyə aldı. Ermənilər Şişqaya, Kiçik Məzrə, Subatan, Kərkibaş və digər kəndlərdəki soydaşlarımızı amansızlıqla qətlə yetirdilər. Nəhayət, Zod kəndində Səməd Ağanın göstərişi ilə Silikyanın quldur dəstəsi tamamilə məhv edildi. Bu xəbər ildırım sürətilə dünyaya yayıldı, Stepan Şaumyan şok vəziyyətinə düşdü. Qisas üçün Göyçə mahalına kömək göndərildi.

Otuzuncu illərin əvvəllərində sovet ittifaqında həyata keçirilən kollektivləşmə kampaniyası Ermənistanda geniş vüsət aldı, çox ciddi, çox sərt tərzdə həyata keçirildi. Milliyyətcə azərbaycanlı olan varlı adamların var-dövləti, mal-qarası əlindən güclə alınıb kolxoz təsərrüfatına verildi. Bir az tərəddüd edənlər damğalandı, xalq düşməni kimi qələmə verildi və Qazaxıstana və ya Sibirə sürgün edildilər.

"Xalq düşməni" adı ilə ittiham olunan bu ailələrə sürgündən sonra da öz ata-baba ocaqlarına dönməyə icazə verilmədi. 1937-ci illərdə erməni xəyanəti sayəsində Krasnoselo, Basarkeçər, Kəvər (Kamo) və Martuni (Qaranlıq) rayonlarından 200-dən artıq ailə "qolçomaq" adı ilə sürgün edildi.

1948-1953-cü illərdə Qərbi azərbaycanlılar tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyaya məruz qaldılar. İ.Stalinin, Molotovun və digər ermənipərəst rəhbərlərin xəyanəti ucbatından 150 min Qərbi Azərbaycandan olan soydaşlarımız ata-baba torpaqlarından qovuldu.

1988-ci ilin fevralından noyabr ayına qədər Qərbi azərbaycanlılar böyük amansızlıqlarla üzləşdilər. Sonuncu nəfərə qədər min illər boyu yaşadıqları torpaqları zülmlə tərk etdilər. Beləliklə, son 100 ildə indiki Ermənistan ərazisindən 2,5 milyon azərbaycanlı qəddarlıqla qovulub çıxarıldı.

Qərbi azərbaycanlıların doğma yurdlarından ayrılmasından 36 il keçir. Onlar Vətən, yurd həsrətindədirlər. Cəmi 44 gün ərzində 30 ilə yaxın düşmən tapdağında olan torpaqlarımız işğaldan azad edildi. 24 saatlıq antiterror tədbirlərindən sonra erməni separatçıları tarixi ərazilərimizdən təmizləndi. Azərbaycanın ərazi bütövlüyü təmin olundu. "Dəmir yumruq"dan haylar heç vaxt özlərinə gələ bilməyəcəklər. İndi isə ən böyük hədəf Qərbi Azərbaycana qayıdışdır.

Ramiz ŞABANOV,

YAP üzvü.

Tərtər rayonu.