Qardaş köməyi
Siyasət

Qardaş köməyi

Azərbaycan Türkiyəyə təbii fəlakətin fəsadlarının aradan qaldırılmasında dəstək olur

"2023-cü il sentyabrın 25-də Naxçıvan şəhərində imzalanmış "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Türkiyə Respublikasının Kahramanmaraş vilayətində yaşayış binaları, ibtidai məktəb, uşaq bağçası və mədəniyyət mərkəzinin tikilməsi haqqında Əməkdaşlıq Sazişi" təsdiq edilsin". Azərbaycan Prezidenti İlham Əliyevin noyabrın 15-də imzaladığı "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Türkiyə Respublikasının Kahramanmaraş vilayətində yaşayış binaları, ibtidai məktəb, uşaq bağçası və mədəniyyət mərkəzinin tikilməsi haqqında Əməkdaşlıq Sazişi"nin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanununda belə qeyd edilir.

Ötən ilin fevralını xatırladım. Türkiyədə baş verən təbii fəlakəti, yerin altını-üstünə çevirən zəlzələni. Fevralın 6-da baş vermiş zəlzələ 40 mindən çox insanın həyatına son qoydu. Ölkənin 10 əyalətində minlərlə insan həyatını itirdi, 80 mindən çox insan yaralandı, ən azı 13,5 milyon insan zərər çəkdi, 4 milyondan çox binaya ziyan dəydi.

Adana Şakirpaşa Hava Limanı uçuş-enmə zolağının zədələnməsi səbəbindən bağlandı. Malatyada 300-dək bina dağıldı, Malatya "Erhaç" Hava Limanının tavanı, tarixi Yeni Cami məscidi qismən çökdü. Qaziantepdə Qaziantep qalası, Şirvani Məscidi və Qurtuluş Məscidi kimi tarixi yerlərin çoxu əhəmiyyətli dərəcədə zərər gördü. Qaziantep Oğuzeli Hava Limanı xilasetmə uçuşları üçün xidmətini məhdudlaşdırmaq məcburiyyətində qaldı. Nurdağı kimi şəhərlərdə ölüləri dəfn etmək üçün kütləvi məzarlıqlar yaradıldı.

Hatay vilayətinin sənaye şəhəri İskənderunda baş verən yanğın böyük çətinliklə 6-8 fevral tarixlərində söndürüldü, lakin daha bir neçə gün ərzində yenidən alovlandı, nəhayət, fevralın 10-da yanğının qarşısı tam alındı. Bu azmış kimi, şəhərin sahil zolağı boyunca daşqın da baş verdi, küçələri su basdı.

Anadoludakı Roma Katolik Vikariatının iqamətgahı olan Annunciation Kafedralı demək olar ki, tamamilə dağıldı. UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş Diyarbəkir qalası da qismən dağıldı, eyni zamanda Hevsel bağlarına bitişik Ümumdünya İrsi saytındakı tikililər də ziyan çəkdi. Bəli, bu təbii fəlakət heç nəyə, heç kimə aman vermədi. Hadisədən dərhal sonra Prezident Rəcəb Tayyib Ərdoğan tviter səhifəsində: "Axtarış və xilasetmə qrupları dərhal zərər çəkmiş əraziyə göndərilib", - deyə yazdı və Türkiyədə 7 günlük matəm elan etdi. Axtarış-xilasetmə qruplarını səfərbər etmək üçün Türkiyə Silahlı Qüvvələri tərəfindən "hava yardımı dəhlizi" yaradıldı. Bir çox hərbi təyyarə, o cümlədən Airbus A 400M və Lockheed C-130 Hercules təyyarələri axtarış-xilasetmə qruplarını və maşınların əraziyə daşınmasını təmin etdi. Türkiyə yardım üçün NATO və müttəfiqlərinə rəsmi müraciət göndərdi. Fevralın 8-də Cümhurbaşqanı Kahramanmaraş elinin Pazarcık şəhərində və Hatayda oldu, göstərişlərini verdi. Fevralın 9-da isə Qaziantepə getdi, vəziyyətlə tanış olduqdan sonra zəlzələdən sağ çıxanların dağılmış evlərinin bir il ərzində bərpa ediləcəyinə söz verdi. 

Türkiyə üçün ağır bir zaman idi, həyat sanki donmuşdu. O çətin gündə qardaşına köməyinə ilk gələn Azərbaycan oldu. Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edərək başsağlığı verdi və ölkəmizin Türkiyənin dərdinə şərik olduğunu bildirdi. Dövlətimizin başçısı Azərbaycan və Türkiyənin hər zaman bir-birinin yanında olduğunu vurğuladı. Elə həmin gün dövlət başçısının tapşırığı ilə qardaş ölkəyə yardım göndərildi. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 725 nəfərdən ibarət şəxsi heyəti Türkiyəyə yola düşdü. "Varın, verən utanmaz", - deyiblər. Elə bu amalla bütün xalqımız ayağa qalxdı.

Birinci vitse-prezident Mehriban xanım Əliyeva fevralın 6-da Türkiyədə baş verən zəlzələ ilə bağlı paylaşım edərək təbii fəlakətdə həyatını itirənlərin yaxınlarına, doğmalarına başsağlığı verdi və yaralılara şəfa dilədi. Daha sonra Mehriban Əliyevanın göstərişi ilə Heydər Əliyev Fondu tərəfindən qardaş ölkəyə humanitar yardım göndərildi, ilkin mərhələdə göndərilən yardım ümumilikdə 36 ton təşkil edirdi. Zəlzələ bölgəsinə səfər edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qaziantep Hava Limanında Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın göstərişi əsasında qardaş ölkəyə humanitar yardım aparan fond əməkdaşları ilə görüşdü. Baş vermiş faciə ilə əlaqədar Mehriban Əliyevanın başsağlığını çatdıran fondun nümayəndəsi həmin günlərdə bütün Azərbaycan xalqının, ölkənin bütün təşkilatlarının qardaş ölkə üçün zəruri yardımların göstərilməsi naminə səfərbər olduqlarını bildirdi. Azərbaycan dövləti və xalqının Türkiyədəki faciə ətrafında səfərbər olmasına görə təşəkkürünü bildirən Türkiyə Prezidenti xalqımızın zəlzələ qurbanları üçün humanitar yardıma qoşulmasından, göndəriləcək yardımlar barədə məlumatlı olduğunu dedi. O, bir daha qeyd etdi ki, biz tək bu gün deyil, ölənədək birlikdə olacağıq. Bir millət, iki dövlət olaraq yola davam edəcəyik.

Bəli, həmin ağır günlərdə türk bacı və qardaşlarımızın başına gələn faciə hər birimizin ürəyini göynədirdi. Heydər Əliyev Fondunun "Regional İnkişaf" İctimai Birliyi (RİİB) tərəfindən qardaş ölkəyə humanitar yardım kampaniyasına start verməsi ilə hər kəs gücü çatan yardımla bölgələrdə yaradılan məntəqələrə, Bakı İdman Sarayına yollandı. Havanın soyuq, küləkli olmasına baxmayaraq, bu məkanda hər gün böyük izdiham yaşandı, hər kəs yardıma tələsdi.

Artıq bir ilə yaxındır ki, qardaş Türkiyədə təbii fəlakətin fəsadlarının aradan qaldırılması istiqamətində böyük layihələr reallaşdırılır. Bu işdə Azərbaycan da köməyini əsirgəmir. Dövlət başçımız Kahramanmaraşda sosial obyektlərin, qeyri-profilli binaların tikintisi ilə bağlı qanun imzalayıb. Doğrudur, bəlkə də bu, dəryada bir damla kimi görünə bilər. Ancaq bir şey də var ki,  Türkiyə xalqı qardaş köməyini heç zaman unutmayacaq...

Zümrüd QURBANQIZI,

"Respublika".