DÜNYA BU GÜN
Dünya xəbərləri

DÜNYA BU GÜN

BMT TƏHLÜKƏSİZLİK ŞURASI YAXIN ŞƏRQLƏ BAĞLI İCLAS KEÇİRƏCƏK

BMT Təhlükəsizlik Şurası noyabrın 9-da Yaxın Şərq münaqişəsi ilə bağlı açıq iclas keçirəcək. “Report” agentliyinin məlumatına görə, bunu jurnalistlərə açıqlamasında BƏƏ-nin BMT-dəki daimi nümayəndəsi Lana Zəki Nuseyba bildirib.

Məlumata əsasən, noyabrda BMT Təhlükəsizlik Şurasına sədrlik edən Çin bu humanitar fəlakəti diqqət mərkəzində saxlamaq üçün Təhlükəsizlik Şurasının həm rəsmi, həm də qeyri-rəsmi iclaslarını keçirmək niyyətindədir.

Eyni zamanda, daimi nümayəndə qeyd edib ki, BMT Təhlükəsizlik Şurasının 10 qeyri-daimi üzvü tərəfindən hazırlanmış Yaxın Şərq qətnamə layihəsi üzrə məsləhətləşmələr aparır və bütün 15 üzv ölkə müzakirələrdə iştirak edir.

TÜRKİYƏ VƏ QAZAXISTANIN 2024-CÜ İL ÜÇÜN HƏRBİ ƏMƏKDAŞLIQ PLANI

Türkiyə və Qazaxıstan 2024-cü il üçün hərbi əməkdaşlıq planı imzalayıb. “Trend” agentliyinin verdiyi xəbərə görə, Qazaxıstanın Müdafiə naziri Ruslan Jaksılıkov, türkiyəli həmkarı Yaşar Gülər ilə danışıqlar aparıb.

Bununla yanaşı, tərəflər qarşılıqlı maraq doğuran sahələrdə ikitərəfli münasibətlərin hazırkı vəziyyətini və perspektivlərini müzakirə ediblər. Eyni zamanda, Ruslan Jaksılıkov Türkiyə Hərbi Akademiyasında təhsil alan qazax kursantlarla görüşüb.

Qazaxıstan nümayəndə heyəti aviasiya avadanlığı və pilotsuz uçuş aparatlarının istehsalı üzrə ixtisaslaşmış “TUSAŞ” şirkətinə də baş çəkib. Görüşün sonunda Qazaxıstan və Türkiyə tərəfləri arasında 2024-cü il üçün hərbi əməkdaşlıq planı imzalanıb.

Qeyd edək ki, Qazaxıstan və Türkiyə ikitərəfli münasibətlərin uğurlu inkişafının əsasını təşkil edən güclü tarixi və mədəni əlaqələri bölüşür. Hər iki ölkənin nazirlikləri hərbi elm, təhsil və döyüş hazırlığı sahələrində qarşılıqlı əlaqə qurub.

İSRAİL FƏLƏSTİNLİLƏRİ QƏZZADAN DEPORTASİYA ETMƏK NİYYƏTİNDƏ DEYİL

İsrail hakimiyyəti fələstinliləri Qəzza zolağından çıxarmaq niyyətində deyil, ona görə də İordaniya rəhbərliyinin ölkələr arasında mümkün müharibə ilə bağlı sözləri təəssüf doğurur. “Report” agentliyinin məlumatına görə, bu barədə İsrailin Xarici İşlər Nazirliyi bəyanat yayıb.

Verilən xəbərə əsasən, sənəddə qeyd olunur ki, İsrail və İordaniya arasında münasibətlər hər iki dövlət üçün strateji əhəmiyyət kəsb edir. Buna görə də İsrail İordaniya rəhbərliyinin “təhrikedici” bəyanatlarından təəssüflənir.

Eyni zamanda, Xarici İşlər Nazirliyi vurğulayıb ki, İsrailin məqsədi HƏMAS qruplaşmasının “terror infrastrukturunu” ləğv etməkdir və yəhudi dövləti Qəzza zolağının mülki əhalisinə zərər vermək və ya onları deportasiya etmək niyyətində deyil.

Xatırladaq ki, bir neçə gün öncə İordaniyanın baş naziri Bişar əl-Xasaun bildirmişdi ki, ölkə hökuməti Fələstin xalqının Qəzza zolağından və ya İordan çayının qərb sahilindən çıxarılması cəhdlərini müharibə elanı kimi qiymətləndirmək niyyətindədir.

TÜRKİYƏNİN İLK KOSMİK GƏMİSİ AYA SƏYAHƏT EDƏCƏK

Türkiyənin ilk kosmik gəmisi 2026-cı ildə Aya səyahət edəcək. “TRT” telekanalının verdiyi xəbərə görə, bu barədə Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurası (TÜBİTAK) məlumat yayıb.

Məlumata əsasən, Sənaye və Texnologiya Nazirliyi, Türkiyə Kosmos Agentliyi (TUA) və ölkədəki təşkilatların töhfələri ilə hazırlanan Milli Kosmos Proqramı çərçivəsində Türkiyenin 10 illik plan və hədəfləri müəyyən edilib.

Bildirilir ki, Ay Tədqiqatları Proqramının birinci mərhələsi olan AYAP-1 çərçivəsində Ayın orbitdən tədqiqi və Ay səthi ilə ilk təmasın qurulması, ikinci mərhələdə isə AYAP-2 Layihəsi yumşaq eniş üsulu ilə mobil kəşfiyyat aparatının səthə endirilməsi hədəflənir.

Bununla yanaşı, Ay Tədqiqat Proqramının AYAP-1 Layihəsi çərçivəsində Yerdən Ay orbitinə çatan, oradan məlumat toplayan və daha sonra Ay səthi ilə təmas quran kosmik gəmi hazırlanaraq missiya əməliyyatları həyata keçiriləcək. Həmçinin milli resurslarla hazırlanacaq texnologiyalar, proqram təminatı və avadanlıqların müvəffəqiyyəti ilə ölkənin sistem inkişafı və çətin missiya əməliyyatlarını yerinə yetirmək qabiliyyətinə dair beynəlxalq nüfuzu artırılacaq.

Qeyd edilir ki, AYAP-1 çərçivəsində Türkiyənin ilk “Ay” və “Dərin Kosmos” missiyalarının həyata keçirilməsi, eləcə də əməliyyat təcrübəsinin qazanılması hədəflənir.

EHUD BARAK: İSRAİLİN HƏMAS-I MƏHV ETMƏK ÜÇÜN VAXTI AZALIR

“İsrailin Qəzza zolağında Fələstinin HƏMAS hərəkatını məhv etmək üçün bir neçə həftəsi ola bilər, çünki ABŞ və digər ölkələrdə ictimai iradlar İsrail ordusunun anklavda atdığı bombardmanlara qarşı sürətlə artır”. “Sputnik” informasiya agentliyinin verdiyi xəbərə görə, bu barədə İsrailin sabiq baş naziri Ehud Barak bəyan edib.

“Politico” qəzetinə verdiyi müsahibəsində Ehud Barak qeyd edib ki, ərəb ölkələrinin silahlı qüvvələri Mahmud Abbasın rəhbərlik etdiyi Fələstin hakimiyyətinə anklavı ələ keçirməyə kömək etmək üçün İsrailin hərbi kampaniyasından sonra Qəzza zolağına nəzarəti ələ keçirə bilər.

Eyni zamanda, Ehud Barakın sözlərinə görə, oktyabrın 7-də HƏMAS-ın hücumundan dərhal sonra digər ölkələrin İsrailə qarşı yaranan rəğbəti azalmağa başlayır.

“Gördüyünüz kimi bu pəncərə bağlanır. ABŞ İsrailə nə edəcəyini diktə edə bilməz. Lakin biz onları nəzərə də almaya bilmərik”, - deyə sabiq baş vurğulayıb.

ABŞ VƏ ÇİN ARASINDA DANIŞIQLARIN MÖVZUSU MƏLUM OLUB

Çin kütləvi qırğın silahlarının yayılmaması məsələsində ABŞ hakimiyyəti ilə dialoqun təşviqinə sadiqdir. “TASS agentliyinin verdiyi xəbərə görə, bu barədə Çin Xalq Respublikasının Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Van Venbin bildirib.

XİN rəsmisinin sözlərinə görə, Çin və ABŞ geniş spektrli məsələlər üzrə dialoqu, eləcə də qarşılıqlı fəaliyyəti müzakirə edəcəklər.

Van Venbin qeyd edib ki, müzakirə olunan mövzular arasında silahlara nəzarət və yayılmamaq sahəsində beynəlxalq müqavilələrə əməl olunması da var. Çinli diplomat əlavə edib ki, Pekin bu məsələ ilə bağlı digər ölkələrlə də sıx əlaqədədir.

Xəbər verildiyi kimi, Vaşinqtonda keçiriləcək Çin-ABŞ məsləhətləşmələrində Birləşmiş Ştatların dövlət katibi Entoni Blinkenin silahlara nəzarət və yoxlanış üzrə köməkçisi Mallory Styuart, ÇXR tərəfdən isə XİN-in Silahlara Nəzarət Departamentinin direktoru Sun Syabao iştirak edəcək.

SUDANDA MİLYONLARLA İNSAN QİDA ÇATIŞMAZLIĞI İLƏ ÜZLƏŞƏCƏK

Sudanda 2023-cü ilin iyulundan 2024-cü ilin iyununa qədər 5 yaşdan kiçik təxminən 1 milyon 650 min uşağın kəskin qida çatışmazlığından əziyyət çəkəcəyi gözlənilir. “Teleqraf.com”un verdiyi xəbərə görə, bu, BMT-nin 15 agentliyi, regional və beynəlxalq qeyri-hökumət təşkilatlarından ibarət İnteqrasiya edilmiş Qida Təhlükəsizliyi Faza Təsnifatının (IPC) Sudan haqqında təhlil məqaləsində öz əksini tapıb.

Bununla yanaşı, təhlillərə əsasən, Sudanda əhalinin demək olar ki, yarısına uyğun gələn 5 milyon 830 min insan kəskin qida çatışmazlığı ilə üzləşib.

Eyni zamanda, xroniki aclıqdan daha şiddətli olan kəskin qida çatışmazlığı yaşayan insanların sayının 2024-cü ilin aprel-iyul aylarında 7 milyon 100 min nəfərə yüksələcəyi gözlənilir.

Xəbər verilir ki, eyni dövrdə 870 min hamilə və ya süd verən qadının kəskin qida çatışmazlığı yaşayacağı təxmin edilir.

Hazırladı: Vamiq ABBASOV,

“Respublika”.