DÜNYA BU GÜN
Dünya xəbərləri

DÜNYA BU GÜN

FRANSA SƏFİRLƏRİNİN EMMANUEL MAKRONLA BAĞLI ETİRAZ MƏKTUBU

Fransanın ərəb ölkələrində olan səfirlərindən ibarət bir qrup Fransa Xarici İşlər Nazirliyinə etiraz məktubu göndəriblər. “Trend” agentliyinin xəbərinə görə, etiraz məktubu prezident Emmanuel Makronun İsrail-Həmas müharibəsindəki mövqeyi ilə bağlıdır. Belə ki, Makron toqquşma başladığı ilk vaxtdan balanslı siyasət yürüdə bilməyib.

Məlumata əsasən, əgər əvvəl Makron açıqlamalarında Fələstini dəstəkləyir, məsələnin dinc yolla həlli istiqamətində çağırışlar edirdisə, sonradan öz mövqeyini dəyişərək Fələstinə qarşı koalisiya yaratmaq təşəbbüsü ilə çıxış edib.

Bu səbəbdən diplomatlar Fransanın və onun rəhbərinin dəyişkən siyasətinə etiraz etmək üçün birgə məktub göndəriblər. Fransa mediasının əlinə düşən məktub isə artıq müxtəlif KİV-də tirajlanmağa başlayıb.

Bununla yanaşı, diplomatlar etirazlarında bildirirlər ki, Fransanın qeyri-müəyyən siyasəti onlara inamı azaldır və fəaliyyətlərində ciddi problemlər yaşayırlar.

İSRAİL ORDUSU HƏMAS-IN MÜDAFİƏ XƏTTİNİ YARIB

İsrail ordusu HƏMAS-ın Qəzza şəhəri ətrafındakı müdafiə xəttini yarıb. “The Times of Israel” nəşrinin verdiyi xəbərə görə, bu barədə İsrailin müdafiə naziri Yoav Qallant bəyan edib.

“Orduya tapşırıqları yerinə yetirmək üçün hücumu davam etdirmək əmrini verdim. Biz missiyamızı tamamlayana və girovları qaytarana qədər HƏMAS-ın gizlənəcək yeri olmayacaq”, - deyə nazir vurğulayıb.

Bununla yanaşı, nazirin sözlərinə görə, qoşunlar Qəzza zolağının şimalına, xüsusən də eyniadlı şəhərə nəzarət edirlər.

Həmçinin xəbər verilir, İsrail hərbçiləri Qırmızı dəniz hövzəsində raket hücumunun qarşısını almaq üçün “Arrow” raketdən müdafiə sistemindən istifadə ediblər. Hərbçilər raketin İsrail ərazisinə çatmadığını qeyd etsələr də, onu kimin atdığı dəqiqləşdirilməyib.

Xatırladaq ki, HƏMAS-la İsrail arasında müharibə bu il oktyabrın 7-də başlayıb. İsrailin baş naziri Benyamin Netanyahu daha əvvəl müharibənin uzun çəkəcəyi barədə xəbərdarlıq edib.

ABŞ-IN SURİYA VƏ İRAQDAKI HƏRBİ BAZALARINA 55 HÜCUM HƏYATA KEÇİRİLİB

ABŞ Müdafiə Nazirliyi oktyabr ayından bəri İraq və Suriyadakı ABŞ bazalarına 55 hücum edildiyini açıqlayıb. “TRT” telekanalının xəbərinə görə, bu barədə Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinqh  mətbuat konfransında açıqlama verib.

Hücumların başladığı 17 oktyabrdan bu yana 27-si İraqda, 28-i Suriyada olmaqla ABŞ bazalarına 55 hücum edildiyini bildirən Sabrina Sinqh qeyd edib ki, bu hücumlarda 59 hərbçi yüngül şəkildə yaralanıb.

Pentaqon rəsmisi ABŞ bazalarına edilən hücumlara görə İranla əlaqəli qrupların məsuliyyət daşıdığını və ABŞ-ın bu hücumlara cavab vermək hüququna malik olduğunu diqqətə çatdırıb.

Eyni zamanda, İsrail-Fələstin münaqişəsinin bölgəyə yayılmamasını və yalnız Qəzza ilə məhdudlaşmasını təmin etməyə çalışdıqlarını ifadə edən Sabrina Sinqh ABŞ-ın bu məsələdə əlindən gələni etdiyini bəyan edib.

ÇİNDƏ DÜNYANIN ƏN SÜRƏTLİ İNTERNETİ İSTİFADƏYƏ VERİLİB

Çin sürəti saniyədə 1,2 terabit məlumat ötürmə qabiliyyətinə malik yeni fiber-optik internet kabelini istifadəyə verib. Məlumat üçün qeyd edək ki, bu, bir saniyədə 150 ədəd HD formatında filmin ötürülməsinə bərabərdir.

Xəbər verilir ki, uzunluğu 3000 kilometrdən çox olan kabel Çinin Pekin, Uhan və Quançjou kimi üç böyük şəhərini birləşdirir.

Layihəni Çinin aparıcı təşkilatları, o cümlədən Tsinhua Universiteti, “China Mobile”, “Huawei Technologies” və “Cernet Corporation” icra edib.

Ekspertlərin 2025-ci ildən tez məlumat ötürmə sürətinin saniyədə 1 terabitdən artıq olmayacağına dair proqnozlarına baxmayaraq Çin mütəxəssisləri bu işi iki il qabaq reallaşdıra biliblər.

Qeyd olunur ki, Çinin fiber-optik kabeli amerikalı rəqiblərindən on dəfəyə qədər daha sürətlidir. Bu kabel Çinin “Cernet” layihəsinin bir hissəsidir və ölkənin təhsil və elm mərkəzləri arasında yüksəksürətli internet əlaqələrinin yaradılmasına yönəlib. Layihənin özəlliyi ondan ibarətdir ki, kabel üçün bütün proqram təminatı və avadanlıqlar Çində hazırlanıb və istehsal edilib.

QAZAXISTANIN DÖVLƏT QURULUŞUNU DEVİRMƏK CƏHDİNİN QARŞISI ALINIB

Qazaxıstan Milli Təhlükəsizlik Xidməti dünyəvi quruluşu devirmək məqsədi güdən dini ekstremist qruplaşmanın 12 üzvünü həbs edib. “Teleqraf.com”un verdiyi xəbərə görə, həbs edilənlər terrorizmi təbliğ etməkdə, habelə ekstremist qruplaşma yaratmaqda, ona rəhbərlik etməkdə və fəaliyyətində iştirakda şübhəli bilinirlər. Əməliyyat Astana, Atırau və Jezkazqan şəhərlərində keçirilib.

Verilən xəbərə əsasən, istintaqın versiyasına görə, həbs edilən şəxslər ölkədə dünyəvi quruluşu devirmək məqsədi güdürmüşlər. Bunun üçün ekstremist ideologiyanı yayır, özlərinə yeni tərəfdarlar toplayırdılar.

Məlumata görə, şübhəlilərin yaşayış yerlərinə baxış zamanı qadağan olunmuş kitablar və digər maddi sübutlar götürülüb.

Qruplaşmanın bəzi üzvləri ağır cinayətlərdə, o cümlədən polisin öldürülməsi, quldurluq, soyğunçuluq və zorlamada ittiham olunurlar.

ABŞ-IN MÜVƏQQƏTİ BÜDCƏSİNDƏ UKRAYNA VƏ İSRAİL NƏZƏRDƏ TUTULMAYIB

ABŞ Konqresinin Nümayəndələr Palatası hökumətin “şatdaundan” yayınması məqsədi ilə səs verdiyi müvəqqəti büdcə layihəsində Ukrayna və İsrailə əlavə yardımlar nəzərdə tutulmayıb. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə “CNN” telekanalı məlumat yayıb.

Nümayəndələr Palatasının spikeri Mayk Consonun təqdim etdiyi qanun layihəsinin lehinə 336 nəfər, əleyhinə isə 95 nəfər səs verib.

İki mərhələdə həyata keçirilən büdcəyə əsasən hərbi tikinti, veteranların işləri, nəqliyyat, mənzil və Energetika Nazirliyi daxil olmaqla prioritet sahələr üçün maliyyələşmənin müddəti yanvarın 19-dək uzadılıb. Hökumətin digər qismi isə 2024-cü il fevralın 2-dək maliyyələşdiriləcək.

Qeyd edək ki, hökumətin maliyyələşdirilməsi noyabrın 17-də başa çatır. Bu vaxta qədər yeni qanun layihəsi Senat tərəfindən təsdiqlənməlidir. Büdcə layihəsi Senatdan keçərsə ABŞ prezidenti Cozef Bayden onu imzalamağa hazırdır. Noyabrın 17-dək büdcə təsdiq olunmasa, ABŞ maliyyə çatışmazlığı səbəbindən dövlət qurumlarının qismən bağlanması ilə üzləşə bilər.

FRANSA MƏHKƏMƏSİ BƏŞƏR ƏSƏDİN HƏBSİNƏ ORDER VERİB

Fransa məhkəməsi Suriya prezidenti Bəşər Əsədin həbsi ilə bağlı order verib. “France Press” agentliyinin xəbərinə görə, bu qərar 2013-cü ildə Suriyada kimyəvi silah tətbiq edildiyi üçün qəbul olunub.

Açıqamaya əsasən, kimyəvi silah tətbiqinə dair 4 order verilib. Bəşər Əsədlə yanaşı, qardaşı, Suriya Respublika Qvardiyasının komandanı, Mahir Əsəd və adlarını agentliyin dəqiqləşdirə bilmədiyi daha 2 generala qarşı bu ittiham irəli sürülüb. Onların dördü də insanlığa qarşı və müharibə cinayətlərində iştirakda ittiham olunur. Rəsmi Dəməşq hələlik Bəşər Əsədə qarşı həbs qərarına münasibət bildirməyib.

Qeyd edək ki, Suriyada kimyəvi silahların istifadəsi ilə bağlı ilk xəbərlər 2012-ci ildə yayılıb. Bunlardan ən faciəlisi 2013-cü il avqustun 21-də əhalinin sıx məskunlaşdığı Dəməşqin ətrafı Şərqi Qutada baş verib. İçərisində sinir qazı zarin olan mərmilər yüzlərlə uşaq da daxil olmaqla 1000-dən çox insanın həyatına son qoyub. Sərhədsiz Həkimlər Təşkilatı qurbanların ümumi sayının 3500 nəfər olduğunu bildirib.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.