Mükəmməl mürəkkəb memarlıq
Maraqlı

Mükəmməl mürəkkəb memarlıq

Sivilizasiyaları özündə əks etdirən memarlıq abidələrinə bir nəzər

Düşənbə Mərkəzi Məscidi

Mərkəzi Asiyanın ən böyük məscidlərindən olan Düşənbə Mərkəzi Məscidi Tacikistanın paytaxtı Düşənbə şəhərində inşa olunub. Tikinti işləri 2019-cu ildə başa çatsa da, pandemiya səbəbindən təxirə salınan məscidin açılış mərasimi 2022-ci ildə baş tutub. Tacikistan və Qətər mütəxəssisləri tərəfindən tikilən bu ibadət evi ənənəvi tacik memarlıq üslubunda dizayn edilib və təxminən 100 milyon dollara başa gəlib.

12 hektar ərazidə inşa olunan ibadət evinin hündürlüyü 130 metr, ümumi sahəsi isə 30 min kvadratmetrdir. Binanın fasadında 47 metrlik əsas günbəzlə yanaşı, irili-xırdalı 20 günbəz də var. Burada, həmçinin hər birinin hündürlüyü 75 metr olan dörd minarə də ucaldılıb. Məsciddə 120 minə yaxın insan eyni vaxtda ibadət edə bilir.

İslam mədəniyyətinin və tarixinin müasir bazası hesab edilən məscidin ərazisinə namaz otaqları, müxtəlif elmi-mədəni tədbirlərin və konfransların keçirilməsi üçün nəzərdə tutulan zallar, iki kitabxana, muzey, 9 ofis, 3 mehmanxana, inzibati bina, yeməkxana və 4000 avtomobil üçün dayanacaq daxildir.

Angkor Vat məbədi

Dünyanın ən möhtəşəm monumental tikililərindən biri olan Angkor Vat məbədi Kamboca meşələrində, Mekonq çayının sahilində yerləşir. Kainatın mərkəzi olan Meru dağının zirvələrini təmsil edən dini kompleks Hindu tanrısı Vişnunun yer üzündəki təcəssümü hesab edilir. Kxmer imperiyasının hökmdarı II Suryavarmanın sifarişi ilə tikilən məbədin inşaat işlərinin tamamlanmasına uzun müddət sərf olunub.

Tikintisində xüsusi daş və qumdan istifadə edilən beşqülləli məbəd 210 hektar ərazini əhatə edir. Düzbucaqlı platformanın üzərində tikilən qüllələrin mərkəzi hissəsinin hündürlüyü 65 metrdir. Üçpilləli piramida şəklində dizayn edilən və süni gölməçə ilə əhatə olunan məbədin yeganə giriş qapısı tikilinin qərb hissəsində yerləşir. Memarlıq və heykəltəraşlıq plastikasının parlaq nümunəsi hesab edilən Angkor Vat məbədinin fasadında hind mifologiyasından Ramayana və Mahabharata dastanlarını, həmçinin Kxmerin tarixini əks etdirən heykəllər göz oxşayır.

UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilən məbədin əksi 1863-cü ildən Kambocanın gerbində və milli bayrağında təsvir olunur. Məbədi hər il 2 milyondan çox turist ziyarət edir.

Şpitellau zavodunun binası

1989 -cu ildə tanınmış memar Friedensrayx Hundertvasser tərəfindən layihələndirilən Şpitellau zavodunun binası Avstriyanın ən məşhur 10 binasından biri hesab edilir. Rəngarəng və qeyri-adi quruluşa malik olan bina ilk baxışdan müasir incəsənət mərkəzini xatırlatsa da, əslində məişət tullantılarının yandırıldıldığı zavodun əsas binasıdır. Şpitellau zavodunun bütün elementləri həm ekoloji cəhətdən təhlükəsizlik qaydalarına cavab verir, həm də funksional məqsəd daşıyır. Belə ki, zavod hər il 260 min tondan çox məişət tullantısını zərərsizləşdirir.

Binanın tikintisində polad, şüşə, beton, keramik plitələr və yağlı boyadan istifadə olunub. Müxtəlif ölçülü və rəngli pəncərələri olan zavodun əsas borularının başında qızılı güzgü plitələrlə üzlənmiş kürələr yer alır. Həmin kürələrin içərisində tüstünü ağır metallardan təmizləyən xüsusi filtirlər mövcudur. Bundan əlavə, zavodda 60 min mənzili istiliklə təmin edən istilikötürücü sistem də quraşdırılıb.

Hazırladı:

Arzu ASİFQIZI,

"Respublika".