Dahiləri bir də belə tanıyaq
Maraqlı

Dahiləri bir də belə tanıyaq

Məhəmməd Hadi

Türkün tökülən qanları bihudə gedərmi?

Diqqətlə düşün, yoxsa bu qan həpsi hədərmi?

Sovet rejiminin qurbanlarından olan, açıq və üsyankar yazılarına görə barəsində ölüm hökmü çıxarılan vətən sevdalı Məhəmməd Hadi... Şairin tale payına çox çətin, keşməkeşli bir ömür düşüb... Yetimlik, nakam eşq, qürbət, aclıq, səfalət... Tənha ömür və naməlum ölüm...

Əsl adı Ağa Məhəmməd olan, gəncliyində özünə Hadi (ərəbcə: doğru yol göstərən) təxəllüsünü seçən şair Şamaxı şəhərində dünyaya gəlib. Hələ 9 yaşında ikən atasını itirən Hadi çox keçmir ki, anasız da qalır. Belə ki, anası onu qohumlarının himayəsinə verir, ikinci dəfə ərə gedir. İbtidai təhsilini Şamaxıda məhəllə məktəblərinin birində alan Hadi sonralar Abbas Səhhətin atası Əliabbas əfəndinin təsis etdiyi məktəbdə oxuyur. Ərəb və fars dillərini öyrənir. Ərəb dilini mükəmməl şəkildə öyrənməsinə kömək edən himayədarı isə Mustafa Lütfi İsmayılzadə olur.

Şamaxıda baş verən güclü zəlzələdən sonra şairin taleyinə doğma elini tərk etmək yazılır. Bu hadisə Ömər Faiq Nemanzadənin xatirələrində qeyd olunur: "Baş vermiş dağıdıcı zəlzələdən sonra bir çox şamaxılılar kimi Məhəmməd Hadi də doğma şəhərini tərk etməyə məcbur olmuş, evlərinin ənqazını (tör-töküntü) 200 manata sataraq Kürdəmirə getmişdi".

Şair Kürdəmirdə əvvəlcə ticarətlə məşğul olur. Ticarətin onun dünyasından uzaq olması işin tez bir zamanda sonlanması ilə nəticələnir. Şair orada bir müddət müəllimlik edir. Daha sonra isə Hadi İstanbula gedir. Orada  yüksək rütbəli şəxsi təhqir etdiyi üçün həbs edilir və Saloniki şəhərinə sürgün olunur. Yunanlar Hadini türk cəsusu zənn edib öldürmək istəyirlər. Ölümün pəncəsindən şairi bir keşiş xilas edir. Sürgündən vətənə qayıdan Hadi bir xeyli müddət ruhi xəstəxanada müalicə alır. Əsərlərinin dili kimi taleyi də çətin olan yurdsuz-yuvasız şair həyatdan küsür və xəstəliklə mübarizə aparır.

Şair ona həyat verən anası və onu həyata bağlayan sevgilisi tərəfindən tərk edildiyi üçün ömrünün sonuna qədər tək yaşayıb, ailə qurmayıb. Deyilənə görə, onun sevdiyi qız başqa birinə - zəngin, varlı bir oğlana ərə gedib. Ən yaxın dostlarından biri Abdulla Şaiq bu haqda yazırdı: "Bir dəfə Hadiyə subaylığın daşını atmağı tövsiyə etdim. O, çox ciddi halda dedi: Allah bəlalarını versin, bu qadınlarda bizi anlayacaq baş, hiss edəcək ürək var?"

Yaşadıqlarından dolayı içkiyə meyil edən Hadini sanki bir bədbinlik, pessimizm izləyirdi. Hadinin dilinin çətinliyini bir çox ədiblər də yazırdılar. Dili çətin idi, amma istədiklərini deyə bilir, lakin Hadini heç kim başa düşmürdü. Qürurlu şair ömrünün son aylarında öz şeirlərinə "sığınır". Təəssüf ki, mətbuatda şeir çap etdirməklə yaşamaq mümkün olmur. Əlacı kəsilən Hadi acından ölməmək üçün hər gün yazdığı şeirləri "Qubernator" bağında satmaqla pul qazanır. Nimdaş geyimli məğrur şair qazandığı pula yalnız qara çörək, soğan və araq ala bilir.

Deyilənə görə, dostu Abdulla Şaiq içkiyə aludə olduğu üçün onu tənqid edibmiş. Şair isə mütəəssir bir halda: "Eh, Şaiq, həyatı başdan-başa faciələrlə keçmiş bir bədbəxtdən nə gözləyirsən! - söyləmiş və acı-acı ağlamışdır".

Bir dəfə sərxoş halda şeirlərini satan şair dostu Şaiqə rast gəlir, "Hərarətli şeirlərim" adlı mənzuməsini ona uzadıb deyir: "Al, beş manat ver!". Şaiq cibində olan on manatı ona verir. Hadi on manat verəni diqqətlə süzdükdə, Şaiqi tanıyır, pulu geri qaytarıb, onu qucaqlayır, gözləri yaşarır, mütəəssir halda deyir: "Şaiqciyim, bağışla, tanımadım".

Deyilənlərə görə, günlərin bir günü Hadi yarıkeflənmiş vəziyyətdə qəbiristanlıqdan keçirmiş. Uçuq-sökük qəbirlərdən birində dişləri ağaran kəlləni görmüş, onun dirilərə güldüyünü zənn edib dərin fikrə qərq olmuş, həzin-həzin söyləmişdir:

Bu matamgahi-dünyaya gülürdü sanki ölmüşlər,

Yer üstündə bəşər ağlar, gülər xakə gömülmüşlər.

Ömrünün son günlərini Gəncədə keçirən şairin ölümünün vaxtı və onun səbəbi uzun illər naməlum qalır. Əli Nəzmi onun 1920-ci il may ayında Gəncədə soyuqdəymədən vəfat etdiyini yazır. Abdulla Şaiq isə belə yazırdı: "Hadi, təxminən, 1919-cu ilin axırları, 20-ci illərin əvvəllərində Gəncədə birdən-birə qeyb oldu".

Bəli, o, yox olub. Xoşbəxt ailədə doğulan, amma heç vaxt ailə, yuva sahibi olmayan, ömrünü xalqının mədəniyyətinə sərf etmiş didərgin şair, azadlıq bülbülü öz həqiqətlərinin arxasınca uçub...

Pol Verlen

"Mən tənəzzül dövrü yaşayan Roma dünyasıyam", - deyən fransız şairi Pol Verlen poeziyasında da ömrü boyu onu qarabaqara izləyən mənəvi pozğunluq və dilxorçuluq motivlərini əks etdirib. Özünə və həmkarlarına "lənətlənmiş şairlər" damğası vuran bu şair, həyatının sonuna kimi çirkə, kirə bulaşmış təbiəti ilə mübarizə aparıb... İçkini o qədər içirmiş ki, onun təsirindən arvadını yandırmaq istəyib, uşağını döyüb, anasını evdən qovub, sevgilisinə atəş açdığı üçün həbsə düşüb...

Şairin uşaqlıq dövrü çox çətin keçib. Onun travmalı uşaqlığını qısa şəkildə belə izah edə bilərik: ailənin sağ doğulan yeganə övladı idi və anası bütün ölü dölləri saxlayırdı. Verlen bir dəfə əsəbləşib döllərin saxlandığı bütün qabları sındırmışdı. O, universitet illərində vəkil olmağı arzulasa da, müəllimliklə kifayətlənməli olur. Ən böyük istəyi Bodler kimi məşhur şair olmaqdı. Amma atasını, xalasını və digər yaxınlarını itirdikdən sonra, 20 yaşında alkoqolla tanış olur. O dönəmini şair belə ifadə edir: "Absentin qucağına atdım özümü, gecə-gündüz absent içdim". O, içkini sevsə də, absenti "pis qəlbli sehrbaz" hesab edirdi. Avropada müxtəlif içkilər istehsal edilsə də, sənət adamlarının bəziləri "la fee verte" ("yaşıl pəri") adlandırdıqları içkini daha çox sevirdilər. Absentin tərkibindəki spirt (72 faizədək) bütün içkilərdən daha çox olduğundan onlar üçün bu içki beyni dumanlandırmaqda əvəzsiz idi. Verlen gündüzlər ofisdə çalışır, gecələr isə absent məclislərində sərxoş olanadək içirdi.

İlk kitabının çapından sonra onun həyatı dəyişir. Matilda adlı əsilzadə bir xanımla evlənir və bir övladı dünyaya gəlir. Matildanın ailəsi Verlenə həm öz evlərində yaşamağa imkan yaradır, həm də onun bütün maddi problemlərini həll edir.

Pol Verlen özünü "iztirablı tərənnümçü və günahkar əzabkeş" kimi görürdü. Məhz qələmə aldığı məşhur silsilə oçerklərində də o, özünü "Əzabkeş Lilian" təxəllüsü ilə təqdim etmişdi. "Lənətlənmiş şairlər"in arasında Verlen yaşca hamıdan böyük və hamıdan istedadlı idi. Onun bütün yaradıcılıq irsini sentimental gündəliklə müqayisə etmək mümkündür. Cinsi azlığın nümayəndələrindən olan şair mömin, əməlisaleh həyat tərzi ilə xoşbəxt yaşaya bilmir, burjua ədəb-ərkanı, tərbiyəsi ona yad görünür, burjua cəmiyyətinin ideyalarını heç cür anlamaq istəmir. O, eləcə də xəcalətdən alışıb-yanır, cəmiyyətin alt qatına çəkilərək, məşuqəsinə çevrilmiş kiçik dostu Rembo ilə vaxtının çoxunu meyxanalarda, fahişəxanalarda keçirir. Daim qəlbinin dərinliklərində yuva salan münaqişə isə sonradan Verlenin otellərin birində qısqanclıq zəminində sevgilisi Rembonu güllələməsi və həbsə düşməsi, arvadını yandırmağa cəhd göstərməsi, uşağını divara çırpması, anasını küçəyə atması ilə nəticələnir. İradəsinin zəifliyi ucbatından törətdiyi əməllər şairin başına bəla olur, məhz elə bütün bu hadisələr onun yaradıcılığının əsas mövzusuna, ilham mənbəyinə çevrilir. Çaşbaş qalan, az qala ağlını itirən Verlen onun taleyinə yük olmuş sərxoşluq, avaraçılıq, zinakarlıq kimi xüsusiyyətlər barəsində bütün var gücü ilə aləmə car çəkir.

Onu da qeyd edək ki, Verlen Fransanın ən nəğməkar şairlərindən olub. Onun poeziyası o qədər melodikdir ki, şeiri oxuyarkən əsərin semantik məzmunu çox vaxt arxa plana keçir. Verlenin şöhrəti get-gedə artsa da, narkotik, içki aludəçiliyi və xəstəliklər onu əldən salıb. Deyilənə görə, hətta ölüm ayağında da içirmiş. Ömrünün son illərində dövlət xəstəxanalarında yaşayan Verlen sağalan kimi içməyə davam edirmiş. "Şairlərin şahzadəsi" adlandırılan bu adam, şeirlərinə və kitablarına görə aldığı qonorarı isə birlikdə yaşadığı fahişələrlə bölüşürmüş. Verlenin öləndə cəmi 52 yaşı var imiş...

Hazırladı: Elenora HƏSƏNOVA,

"Respublika".